Şəhid Ramil Musayevin övladı dünyaya gəlib                     

Vətən müharibəsinin cəsur döyüşçüsü, həmyerlimiz, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.

06 mart 2021-ci il tarixində doğum evindən evə yola salınan şəhidimizin ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin  və “Yaşat“ Fondunun əməkdaşları qarşılayıblar.

Şəhid ailələri və müharibə iştirakçıları hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Vətən müharibəsində şəhid olanların övladları bizə onların əmanətidir.
İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını diqqətdə saxladığı kimi yeni doğulan körpə qəhrəmanımızı da daim qayğı ilə əhatə edəcəkdir.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. R.Musayev Vətən müharibəsində xüsusi təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 3 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Şəhid Ramil Musayev İsmayıllı şəhərinin “Həzrə” qəbiristanlığında torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra o, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh Yaz