Müqəddəs şəhid otağı                        

Şəhid Dəmirov Vüsal Aydın oğlunun yaşamış olduğu evi çətinliklə tapa bildim. Həyət qapısının üstündə Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı Türkiyənin bayrağı da asılmışdı. Bayraqların arasından asılan qara-qırmızı lent parçaları isə öz sözünü səs çıxarmadan deyirdi…

Qapını tərəddüdlə döydüm. İçəridən:  Gəldim! Gəldim! deyən qadın səsi gəldi. Qapını orta yaşlı, qara geyimli qadın açdı. Görünür qapı döyülən anda ağlayırmış. Nəmli gözlərini silib: Kimi istəyirsiz? – dedi.

-Şəhid Vüsal Dəmirovun evidir? – deyə soruşdum.  Qadın: Bəli! – deyib məni içəri dəvət etdi. Balaca, kifayət qədər də səliqəli olan otağa girəndə az qaldım evə deyil, muzeyə girdiyimi zənn edim. Divar boyu şəkillər, hərbi xidmət i vaxtı aldığı Fəxri fərmanlar, hədiyyələr, stul başından, divardan asılmış əsgər mundirlərini, böyüdülmüş şəklini diqqətlə izlədim. Qadının kimliyini öyrənmək üçün sual verdim. Şəhidin anasıyam, adım Nüşabədir, – dedi.

Vüsal haqqında daha çox məlumat əldə etmək üçün anaya daha bir neçə sual vermək fikrində idim. Növbəti sualımın cavabı: Axı bunları neynirsiniz? – oldu. Şəhid haqqında qəzet yazısı işləmək fikrində olduğumu söylədim. Bu yerdə ana dərindən köks ötürdü və söhbətə başladı:

-Vüsal 2014-cü ildən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlamışdı. Baş çavuş idi. Hərbi hissə komandanlığı tərəfindən 20-yə qədər Fəxri fərman, bir neçə hədiyyə almışdı. Müdafiə naziri şəxsən onu qiymətli qol saatı ilə mükafatlandırmışdı…

Ananın gözlərində gilələnən göz yaşlarına kövrəlmədən baxa bilmirəm. Ana sözünə davam edir:

– 27 sentyabrdan oktyabr ayının 4-dək Füzulinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə  idarə etdiyi BTR-lə düşmənə qan uddurur.  Düşmənə ağır itkilər yaşadan texnika vurulub sıradan çıxarılanda Vüsal döyüş yoldaşlarını da götürüb irəli gedir. Texnikasız belə qəhrəmancasına döyüşən əsgərlərimiz diqqət mərkəzinə düşürlər. Düşmən tərəfindən atılan sərrast snayper gülləsi Vüsalı döyüşün qızğın vaxtında yaxalayır. Yoldaşları onu döyüş meydanından çıxararkən, daha vacib hesab edib deyə bildiyi söz:  Anama salamımı yetirin! – olur. Ana bir qədər duruxduqdan sonra davam edir:

Vüsal Aprel və Tovuz döyüşlərində də qəhrəmancasına iştirak edib. O döyüşlərin iştirakçısı olma barədə heç bir təltifi yoxdur…

Nüşabə xanımın söylədikləri söz yox ki, məni də əməlli kövrəltmişdi:  Oğlunun arxadan vurulmadığından, düşmənlə üz-üzə döyüşdə qəhrəmancasına şəhid olmasından qürur duyduğunu dedi və dərindən ah çəkdi.  Bu ahdan çox mütəəssir oldum. Amma məğrur, qürurlu bir ana, şəhid anası ilə üz-üzə oturduğumdan təsəlli, ani rahatlıq tapdım…

Vüsal subay idi. Ondan yadigar qalan şəkillərə, əşyalar hər dəfə kimlərisə onun əbədi dünyası ilə görüşdürür. İnsan özünü Vüsal və onun kimi yüzlərlə ölməz  oğullarımızın qarşısında sona qədər borclu olacağını dərk edir.

Bu fikirlərlə Nüşabə xanıma təsəlli verib, xudahafizləşib, o müqəddəs şəhid otağından çıxıram.

Allah sənə rəhmət eləsin, ŞƏHİDİM!

Əvəz Küskün

Şərh Yaz