Şəhid atası ilə görüş
MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid baş leytenant Famil Əhmədzadənin atası ilə görüşüb və “qəhrəman şəhidlərimizin qarşısında baş əyirik” – deyib
Q.Paşayeva Vətən müharibəsində şəhid olmuş F.Əhmədzadənin atası Ağaəhməd Əhmədovla ürək sözlərini bölüşüb:
– “Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox şəhid valideynləri haqq edir. Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Tarix müəllimi olan oğlunuz məktəbdə, tədrisdə olduğu kimi, cəbhədə, döyüşlərdə də öz şücaəti ilə seçilib.
Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. F.Əhmədzadə kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya şükürlər olsun, əhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə dərin təşəkkürümüzü yetiririk!”
Qəhrəmanın atasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüblər.
Qeyd edək ki, Famil Əhmədzadə – Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, tarix müəllimi idi. O, 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində müəllim kimi fəaliyyət göstərib. Həqiqi hərbi xidmətini 1999-2000-ci illərdə keçən F.Əhmədzadə, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Tarixçi kimi yetişdirdiyi yüzlərlə şagird yüksək bal toplayaraq ali məktəblərə daxil olub.
Famil müəllim 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. Baş leytenant cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyib. O, Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə özünəməxsus cəsurluqla fərqlənib. Oktyabrın 13-dən 14-nə keçən gecəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Ruhu şad olsun!