Bir kənddə eyni gündə doğulan iki şəhid yad edilib                  

44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən, eyni ayda, eyni gündə və eyni kənddə dünyaya göz açan Kürdmaşı kəndinin yetirmələri –  22 mart 1991-ci il təvəllüdlü Ağazadə Emin Valik oğlu və Əliyev Fərid Hamlet oğlunun doğum günləri kəndin qəbıristanlığında, məzarları yanında anılıb.

Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kürdmaşı kənd İƏD üzrə nümayəndəlik və bələdiyyə, kəndin könüllü fəalları, şəhidin yaxınları, rayon ictimaiyyəti, idarə və təşkilatların təmsilçiləri, I və II Qarabağ müharibəsi iştirakçıları, kənd sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidlərin məzarlarını ziyarət ediblər.

Şəhidlərin məzarları önünə gül dəstələri, Novruzun simvolları qoyulub, ailə üzvlərinə başsağlığı verilib, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Emin Ağazadə 2020-ci ilin oktyabr ayının 5-də qismən səfərbərliklə hərbi xidmətə yola düşüb və oktyabr ayının 25-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Fərid Əliyev 2019-cu ilin aprel ayında hərbi xidmətə yola düşüb və 2020-ci ilin sentyabr ayının 27-də Fizuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.  Ölümündən sonra “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti şəhidlərə, onların ailələrinə qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri, məzarları ziyarət olunur, xatirələri dərin ehtiramla yad edilir, mövcud problemləri həll olunur.

 

 

 

 

 

 

 

 

Şərh Yaz