Bir məktubun izi ilə                              

İsmayıllı Uşaq və Ailələrə Dəstək  Mərkəzi  olaraq tez-tez şəhid ailələrini ziyarət edir, anaların dərdinə şərik çıxırıq. Növbəti belə gedişimiz İvanovka kəndinə – şəhid Etibar Şirinovun ailəsinə oldu. Oğlunun döyüş yolundan anası, I Qarabağ savaşının veteranı olan atası elə fəxrlə qürurla danışdılar ki… Dinlədik, Etibarla fəxr etdik, Etibar kimi oğullarımızla fəxr etdik və belə oğullar böyüdən analarla, atalarla fəxr etdik! Xalqımızla fəxr etdik! Malakan, ləzgi, hapıt, udin demədən bütün millətlərə eyni qaydada Vətən olmağı bacaran Vətənimlə fəxr etdik! Və elə bu hisslərlə də ləzgi balası Etibarın ailəyə yadigar qalmış son əşyaları ilə adına yaradılmış otaq – guşə ilə tanış olduq. Anası bir neçə yerə qatlanmış bir məktubun qatlarını fəxrlə açaraq “hansısa bir məktəbli balama məktub yazıbmış, atmayıb, döş cibində – ürəyinin başında saxlayıb” – dedi. Maraqla alıb, maraqla açdıq: Bakı şəhəri, Hikmət Cəfərzadə, 12 yaş, 29 oktyabr 2020 və telefon nömrəsi. Hər şeyə maraq göstərən Lalə ananın icazəsi ilə məktubda qeyd olunan nömrəni yığır. O başdan zərif, titrək bir səs tanımadığı nömrədən gələn zəngə ehtiyatla “alo” deyir və … uşaqla söhbətə ailə qatılır. Analar danışırlar: əsgərə qələbə arzulayan, onu, təmsil etdiyi ordunu qalib görmək arzusu ilə Azərbaycan əsgərinə məktub ünvanlayan və aylar sonra onun arzuladığı kimi igid bir əsgər olduğunu, qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldığını bilən məktəbli və anası, digər tərəfdə oğlunun cibindən çıxan şagird məktubundan belə təsəlli tapan, balasının qoxusunu alan Ana!

O gün şəhid ailəsində həmişəkindən daha çox vaxt keçiririk və məktubun şəklini də telefonuma çəkirəm … sanki bu günü görərək!

Hikmətin ailəsinə Lalə müəllimənin telefonu ilə zəng etmişdik. Sən demə ailə nömrəni qeydə alıbmış. Dərs başlayan kimi Hikmət sinif rəhbəri Natəvan müəlliməyə naməlum nömrədən gələn zəng və məlum qəhrəman haqqında danışır. Məsələdən hali olan müəllimə dərhal Lalə müəllimə ilə əlaqə saxlayır, amma… kövrəldiyindən söhbətini sona çatdıra bilmir – bir az sonra səs yazısı göndərir. Məlum olur ki, Natəvan müəllimə və həmkarları pandemiyaya baxmayaraq döyüş getdiyi günlərdə işlədikləri məktəbə yığışaraq əsgərlərə sovqat hazırlayıblar, uşaqların yazıb məktəbə göndərdikləri məktubları əsgərlərə çatdırılmaq üçün lazımi yerə təhvil veriblər. “Hikmətin məktubunu şəxsən özüm oxuyub bəyənib təhvil vermişdim – sonunda şəhid yerlimin cibindən çıxacağını ağlımın ucundan belə keçirmədən, mən əslən İsmayıllıdanam, qədim Basqaldanam. Məktubu göndərdiyimiz əsgərin şəhid olması xəbərini heç cür sakit qarşılaya bilmədim. Ananın – şəhid anasının, yerlim ananın dərdinə ürəkdən şərik olur, qarşısında baş əyirəm. Bu qüruru, bu vüqarı bu anaların, o şəhidlərimizin sayəsində yaşayırıq” deyir Natəvan müəllimə.

Natəvan müəllimə dərslərin başlamasından istifadə edərək Hikmət və sinif yoldaşları ilə birlikdə Etibar haqqında video-çarx hazırlayaraq Mərkəzimizə göndərib – ailəyə təqdim etmək üçün! Beləcə, ailə ilə təkrar görüşürük, video-çarxı birlikdə izləyirik. Əfruz ana qürurla izləyir, oğlunun əsgər yoldaşlarına dediyi “ancaq irəli”, “Xocalının qisasını alacağıq” sözlərini eşitdikcə başını daha dik tutur və eyni qürurla pıçıldayır: Atasının oğlu!

Çox sağ olun, Əfruz ana, çox sağ olun Fazil ata, var olun Natəvan müəllimə, belə igid oğulları yetirən  valideynlər, müəllimlər sayəsində bu gün başımız dik, alnımız açıqdır! Məhz onların sayəsində QARABAĞ AZƏRBAYCANDIR!

Xatirə Əzizova,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

 

Şərh Yaz