Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün!                           

Bu fikirlər sadəcə, bir deyim kimi yox, hər qarışı qəhrəman övladlarının qanı ilə yoğurulmuş Azərbaycan torpağının tarixidir. Belə qəhrəmanlarımızdan biri də  Vətən müharibəsinin şanlı şəhidi Cəmil Məmmədlidir. Adı Azərbaycanla bir çəkilən, Azərbaycanın fəxri, xalqının qəhrəmanı, millətinin əzizi – Cəmil!

Uşaqlıqdan nümunəvi tərbiyəsi, mehriban davranışı ilə hər kəsdə özünə hörmət qazandıran Cəmil böyüyəndə bütöv bir xalqın sevimlisinə çevrildi.

Ağıl, mərdlik, zəhmətsevərlik, vətənpərvərlik – bütün bu yüksək keyfiyyətlərin hamısı sanki Cəmildə birləşmişdi. Bir də gözümüzün qabağından getməyən sifətinin məsum, xoş, gülümsər ifadəsi.

Bir vaxtlar 45 dəqiqəlik dərs müddətində “Xocalı soyqırımı”, “20 Yanvar” faciəsi, ümumiyyətlə Azərbaycana qarşı törədilən müsibətlər haqqında öz fikirlərini, Vətən sevgisini bir neçə dəqiqədə ifadə edən Cəmil dediklərini Vətən müharibəsində əməli ilə sübut edərək, bitib-tükənməyən zaman – sonsuzluq qazandı. Kəlməsini tarixə çevirdi. O tarix ki,  nə qədər Azərbaycan var, nə qədər bu millət var, o da var olacaq!

Şəhidlərimizin hər biri bizim üçün Azərbaycanın Milli Qəhrəmanıdır. Cəmil ən çətin döyüşlərdə – Füzuli, Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək müqəddəs torpaqlar üçün canını qurban verdi.

Bu gün Cəmil ilə təkcə ailəsi, yaxınları deyil, böyük Azərbaycan qürur duyur. Qürurumuzun içində dərd, nisgil, parçalanmış ürəklər, yarımçıq qalmış arzular və sözlə ifadə olunmayacaq qədər əzab, iztirab var. Bütün bunlarla yanaşı, bir təsəlli də var ki, o da xalqımızın şəhidinə olan sonsuz məhəbbəti və hörmətidir.

Cəmil də Mübariz İbrahimov kimi, özündən sonra Azərbaycan üçün qəhrəmanlar yetişdirən şərəfli bir yol açdı. Bu gün hər yerdə, o cümlədən təhsil aldığı məktəbdə də şagirdlər Cəmilin şəkli önündə dayanaraq onu hörmətlə yad edir, Vətən sevgisini ondan nümunə götürürlər.

Cəmil və bütün şəhidlərimiz Azərbaycan tarixinin şanlı səhifələridirlər. Şəhid deyiriksə, bu itki təkcə ailənin deyil, hamımızın milli itkimiz, milli dərdimizdir.

Müharibə və onun dəhşətləri heç kəsdən yan keçməməlidir. Çünki hamımız bu Vətənin övladlarıyıq. Şəhidlər bu xalq, bu bayraq, bu torpaq uğrunda qurban getdikləri üçün gərək hər bir Azərbaycan vətəndaşı bu ölməzlər qarşısında borclu olduğunu unutmasın.

Cəmilin timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar evin yox, elin övladlarıdırlar. Onlara ehtiramımız – şanlı, müqəddəs bayrağımız qarşısında əyilərkən göstərdiyimiz məğrurluq ehtiramıdır.

Mənim ağıllı şagirdim, Cəmil, səninlə mən də fəxr edirəm. Milyonlarla azərbaycanlının biri kimi.  Səni böyüdən, tərbiyə edən valideynlərə minnətdaram! Sən o qədər uca, o qədər alisən ki, səninlə qürur duymaq hamımız üçün şərəfdir!

Allah şəhidlərimizə rəhmət eləsin!         

Xuraman Abdullayeva,

Bakı şəhəri, Səbail rayonu 163 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz