CANIMDAN CAN BALAM: VƏ YA AYGÜN ANANIN PIÇILTILARI                  

SƏN qarı çox sevərdin. Qar yağdı, SƏNİN bayramın olardı. Geyinib düşərdin. Xeyli oynayıb əlin, üzün, burnun qızarmış halda gələrdin. Qızınıb yenə düşərdin həyətə. Mən də sevinirdim qar yağanda, çünki SƏN sevinirdin…

Bu gecə Bakıya qar yağdı. Heç sevinmədim, barmağımın ucunu da qara vurmadım. Pəncərə önündə dayanıb qarın yağmağını da seyr etmədim. Oturub bütün günü sənin şəklinə baxdım. Həyətdən uşaqların səsi gəlir. Qartopu oynayır, qışqırırlar. Eynən SƏNİN kimi…

Kaşki elə balaca qalardın. Yenə evimizdən SƏNİN səsin gələrdi: Ana, tez yemək ver, düşürəm, uşaqlar məni gözləyir, – deyərdin. Mən də sevinə-sevinə süfrə qurardım…

SƏN hər şeyi silib-süpürüb aparmısan – evimizin gülüşünü, sevincini, dadlı yeməklərini, ananın bəzəyini, xoşbəxtliyini. Yetim qalmışıq SƏNSİZ. Danışmağa sözümüz də yoxdu.

Ancaq SƏNİN şəkillərinə baxıb ürəyimdə danışıram. Beynimdə SƏN, gözümün önündə SƏN, hər yerdə SƏN. Olmayan tək SƏNİN səsin, canındı…

CANIM BALAM – CƏMİLİM, SƏNİ çox sevirəm!!!

 

 

 

 

Şərh Yaz