MÖVLUD TEYMUR – 70                      

Teymurov Mövlud Məmmədhəsən oğlu İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini və Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 17 şeir kitabının müəllifidir, şeirləri müxtəlif xalqların dilinə tərcümə olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Araz”, “Qızıl Qələm”, Beynəlxalq Rəsul Rza mükafatları laureatı, Prezident təqaüdçüsüdür (2013).

Mövlud Teymur ədəbiyyata ötən əsrin 70-ci illərində gəlib. İlk şeiri 1972-ci ildə işıq üzü görüb. Qəzet, jurnal və ədəbi toplularda dərc olunan şeirləri oxucu rəğbəti qazanıb. Şeirlərində saf məhəbbət, dostluq, halal zəhmət, torpağa, ata-baba yurduna sevgi tərənnüm olunur.

“Bir sözüm var” adlı ilk kitabı “Yazıçı” nəşriyyatında çap olunub. Qarabağ mövzusunda “Qarabağ bizimdir”, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı “Ağ atlı xilaskar”, “Tarixlərdə qalacaq”, Azərbaycanın böyük söz ustaları Rəsul Rzanın, Nigar Rəfibəylinin həyat və yaradıcılığından bəhs edən “Rəsul Rza demişkən” və digər kitabları çap olunmuşdur. “İsti adamlar”, “Ürək yanğısı”, “İsmayıllı dağları”, “Yaxşı adam” kimi kitablarının da sevincini yaşayıb. Şair məktəb yaşlı oxucularını da unutmayıb. Uşaqlar “Çox sevirəm anamı”, “Qar bərəkətdir” adlı kitablarında cəmlənmiş şeirləri sevə-sevə oxuyurlar.

M.Teymur İsmayıllıda fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin fəal üzvlərindəndir.

Qələm dostumuzu 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır, qələm nümunələrindən bir neçəsini təqdim edirik.

 “İsmayıllı xəbərləri”

 

Yazıram

 

Enişdə yoruldum, yoxuşda endim.

Alışmaq istəyib, səngiyib söndüm.

Sağa yol almışdım, tərs, sola döndüm,

Bu səhvi darıxma, gözlə, yazıram.

 

Bir ömrü naz-qəmzə, işvəyə verib,

Ələmi, qüssəni ürəyə verib.

Çəmənə süfrətək sevinci sərib,

Kədəri tərtəmiz üzlə yazıram.

 

Şələ daşıyıram qayada, düzdə,

Dərddən nişan qoydum cığırda, izdə.

Mənim sözdən başqa nəyim var ərzdə,

Elə ərzimi də sözlə yazıram.

 

Ay ellər

 

Göy səmada süzən bəyaz durnalar,

Dillərində xoş səs, avaz durnalar.

Gəlir bizə hər bahar, yaz durnalar,

Təzə müjdə gətirməyə, ay ellər!

 

Günəş nurlu, ay-ulduz zər-zibalı,

Qövsi-quzeh bir qızarmış albalı.

Çaxan şimşək dəyənəkli, zopalı,

Yaman başa nola, dəyə ay ellər!

 

Mövlud Teymur dəymir yaxşı qəlbinə,

Gözəlliyi yaxın bilir təbinə.

Bu həvəslə yazır, deyir aləmə,

Həqiqəti hamı duya, ay ellər!

 

Qurban olum

 

Vətəndaşı olduğum

Vətənə qurban olum.

Dağı, daşı olduğum

Səmtinə qurban olum!

 

Çaydı, sudu, seldi gur,

Gildir-gildir, gurhagur.

Həyata bax, ol cəsur,

Mərdanə, qurban olum!

 

Koroğludu, nərəli,

Zağa, kaha, dərəli.

Mənzərəli, bərəli,

Sırtına qurban olum!

 

Boylan, göyə, yerə bax,

Ay, ulduz, ülkərə bax.

Zəmili çöllərə bax,

Dürr – dənə qurban olum!

 

Mövlud, durma, yaz, yarat,

Gözəldir ömür, həyat.

Cürətdi hər an, saat,

Cəhdinə qurban olum!

Şərh Yaz