Azərbaycan ümumbəşəri sülhə, sosial-siyasi dəyərlərə töhfə verməklə tarix yazır

Qarabağda davamlı sülhə nail olmaq prioritet vəzifədir. Düşmənçilik səhifəsi çevrilməlidir. Bunu fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransında qeyd edib. Bildirilib ki, 10 noyabr tarixində imzalanmış bəyanat bunun üçün zəmin yaradır. Ölkə başçısı bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülhə nail olunacağını qeyd edib.

Dövlət rəhbəri nəzərə çatdırıb ki, birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaları bərpa etmək, Zəngəzur dəhlizini yaratmaq və nəqliyyat baxımından maneələri aradan qaldırmaqdır. Bütün bunlar reallaşarsa Ermənistan da mənfəət əldə edəcək, sülhün xeyrini görəcək.

Buradan belə qənaətə gəlmək olar ki, artıq 30 ilə yaxın bir müddətdən sonra Ermənistan itirdiklərini başa düşməli olur. Mehriban qonşuluq prinsiplərini onilliklər ərzində yanlış xülyalar naminə pozan ermənilər 1994-cü ildə “Əsrin Müqaviləsi”ndən kənarda qalmağın ziyanlarını dərk edir. Müqavilənin nəticəsində reallaşdırılmış Bakı-Tibilisi-Ceyhan neft kəməri məhz onların ölkəsi deyil, yolunu uzadaraq Gürcüstandan keçməklə Ermənistan xalqının nə qədər illik mənfəətdən məhrum olduğu aydındır. Zamanında bir çox dövlətlərə real görünməyən bu layihənin uğurla reallaşdırılması ümumilli lider Heydər Əliyevin dövlətlərlə münasibətdə uzaqgörən və mehriban siyasəti, xalqımızın nikbin düşüncələrinin bəhrəsidir. Sözügedən məhrumiyyət isə o dövürkü Ermənistan rəhbərliyinin seçdiyi müqəddərat idi ki, bu gün ermənilər onun acısını yaşayır.

Prezident İlham Əliyev jurnalistlərə onu da çatdırıb ki, birgəyaşayış prinsiplərini qorumaq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq davamlı sülhü, regionun inkişafını təmin edən əsas amillərdir. Ölkə başçısı uzunmüddətli sülhün təmin edilməsini və müharibə risklərinin sıfıra endirilməsini prioritet vəzifələrdən biri kimi təqdim edib. Müharibədən dörd ay keçməmiş Ermənistan və Azərbaycan rəsmiləri arasında təmaslar qurulur, açıq və qeyri-rəsmi formatlarda görüşlər keçirilir. Hazırda proses müsbət istiqamətdə gedir.

Prezident İlham Əliyev bu gün atılan addımları gələcəyə xidmət edən amillər kimi qiymətləndirib. Bu addımlardan biri kimi, inteqrasiyadan da bəhs olunub. Rusiyalı sülhməramlıların yerləşdiyi sahədə Azərbaycanın inteqrasiyanın istənilən formasına hazır olduğu vurğulanıb. Qeyd edilib ki, bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir.

Hadisələrin gedişatından belə qənaətə gəlmək olur ki, Qafqazda sülhün yeni – vahid formada inkişafı erası başlayır ki, bu da regionun bütün istiqamətlərdə inkişafına müsbət təsir göstərəcək. Dövlətimiz müharibədən sonra lazım olan, ən müasir düşüncələrə söykənən addımları atmaqda və uğurlu nəticələr qazanmaqdadır. Davamlı sülh yolunda görülən bütün bu işlərin ümumi bəşəriyyətə veriləcək töhfə, sosial-siyasi dəyər kimi tarixə yazılacağına inanırıq.

Səid Hüseynov

 

Şərh Yaz