Yaddas kitabcasi

Azərbaycanın birgəyaşayış modeli ermənilərin öyrənməli olduğu mövzudur

Ermənistan və ermənilər Qarabağla bağlı “status” sözünü dilə gətirərsə, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərmiş olar. Bu isə erməni və Azərbaycan xalqlarının birgə yaşamasını çətinləşdirə bilər. Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransından belə qənaətə gəlmək olur.

 

Azərbaycan ordusunun böyük Qələbəsindən sonra ermənilər əsrlər boyu daşıdıqları xülyaların və məkirli siyasətin tənəzzülə uğradığını qəbul etmək istəmir və bu, hər iki xalqın sülh şəraitində yaşamasına öncədən ciddi əngəl kimi görünür. Onilliklər ərzində Ermənistanın Azərbaycana qarşı aqressiv siyasəti, öz xalqına yanlış vədləri nəticəsində ermənilər ölkəmiz barədə elə bir təsəvvür mühitində yaşayıb ki, nəinki xülyalarının tənəzzülünü, habelə dövlətimizin reallıqlarını dərk edə bilmir, xalqımızın tarixən formalaşmış mənəvi keyfiyyətlərini, tolerant mədəniyyətini qəbul etməyi bacarmır, birgəyaşayış ritorikasına uyğunlaşmaqda çətinlik çəkir.

 

Erməni xalqına Azərbaycan tarixindən xatırlatma etməyə dəyər: Şərqi Anadoludan Xəzər dənizinə qədər ərazini əhatə edən qədim Azərbaycan torpaqlarında minilliklər ərzində müxtəlif millətlərin nümayəndələri mövcud olub. Soy kökü türk mənşəli Oğuz tayfa birliklərinə mənsub olan azərbaycanlılar yaratmış olduqları qədim dövlətlərdə dinindən və irqindən asılı olmayaraq hər kəslə mehriban münasibətlər prinsipləri ilə bir ailə kimi yaşayıb, birgə mədəniyyət və ənənələr yaradıb. Azərbaycanda heç vaxt dini və milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmayıb. Ulu babalarımızdan bəşəriyyətə töhfə olan bu mənəvi dəyərlər irsən zəmanəmizə qədər qorunub saxlanılıb. Qədim xalqımız tarixən özünəməxsus birgəyaşayış qaydalarını zənginləşdirib və müasir zamanda bunun Azərbaycan modelinin universal nümunəsini formalaşdırmağa nail olub.

 

Ölkə başçısının hər zaman qeyd etdiyi kimi,  Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdir. Bütün bu qeyd olunanların şahidi olmaq üçün ölkəmizin əhalisinin müxtəlif şəhər və rayonlardakı etnik tərkiblərinə, onların həyat tərzlərinə nəzər salmaq kifayətdir. Bu mənada İsmayıllı rayonunu bariz nümunə kimi qeyd etməyə dəyər. Burada 20-ə yaxın etnik qrup, o cümlədən ermənilər bərabərhüquqlu şəraitdə yaşayır. Dövlət tərəfindən vətəndaşlara diqqət və qayğı mühitində milli azlıqlarla azərbaycanlılar arasında heç bir fərq müşahidə olunmur. Həmçinin, məmləkətimizdəki etnik qruplar dini dəyər, dil və ənənələrini qoruyub saxlamaq imkanlarına malik, hər cür hüquq və imtiyazlara sahibdirlər. Onların təhsilə çıxışları da təmin edilir.

 

Prezident İlham Əliyev mətbuat konfransında hər iki xalqın sülh şəraitində yaşamalı olduğunu qeyd edib, Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlərin olduğunu vurğulayıb. Xatırladılıb ki, Azərbaycanda və başqa ölkələrdə azərbaycanlıların ermənilərlə birgə yaşamağının böyük tarixi var.  Gürcüstan buna nümunə ola bilər. Orada elə kəndlər var ki, azərbaycanlılar və ermənilər birgə yaşayır.

 

Dövlətimiz 44 günlük müharibə dövründə, həmçinin böyük Qələbədən sonra da dəfələrlə ən ali səviyyədə qeyd edilib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilər. Sovet dövründə Qarabağda ermənilərin yaşadığı bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Ölkə başçısı digər bütün dillər kimi erməni dilinin də Azərbaycanda qorunacağını deyib.

 

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Ermənistan dövləti və xalqından fərqli olaraq, onilliklər ərzində sülh yolunu tutub, gələcəyə nikbin baxışları ilə ilbəil nailiyyətlərini artırıb, dünyada öz sözünü deyərək qüdrətini, iradə və haqqını bərqərar edib. Lakin əsrlər boyu ulu babalarından miras qalmış lazımsız xülyalarını daşıyan ermənilər son onillər ərzində neqtiv düşüncələrin aqressiv fazasında yürütdükləri məkirli siyasətin cərəyanının qurbanı oldu. Amma Azərbaycan dövləti və ordusu yeni tarix yazdı, ermənilər üçün tarixin yeni səhifəsini açdı. Bundan sonra həmin səhifəyə nə yazılacağı, müqəddəratını necə həll edəcəyi erməni xalqının öz seçimindən, daha dəqiq desək, işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış ritorikasına necə əməl edəcəyindən asılıdır. Bunun üçün keçiləcək yollardan biri Azərbaycanın birgəyaşayış qaydalarının tarixinə nəzər salmaq, ölkəmizin bu sahədə özünəməxsus modeli necə formalaşdırıb zənginləşdirdiyini öyrənməkdir.

Səid Hüseynov

Şərh Yaz