“Dostluq” Memorandumu qardaşlığımızın bariz nümunəsidir                  

Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını hələ 2020-ci ilin yekunlarına dair müşavirədə anons etmişdi. Ötən gün Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması bu yeniliklərin ilk nümunəsidir.

İmzalanmış Memoranduma əsasən yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Bu mənada, memorandumun imzalanması tarixi hadisədir, həmçinin Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malik olacağı göz qarşısındadır.

Qəbul edilmiş layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti vardır. Bu baxımdan sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır.

Memorandum Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib.

Bildirmək istəyirik ki, Memorandumun imzalanması Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu, həmçinin Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələ deməkdir. Ona görə də heç şübhəsiz ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq.

Şərh Yaz