İsmayıllıda Gənclər Günü qeyd olunub                        

2 Fevral – Gənclər Günü ilə bağlı İsmayıllı rayonunda tədbir keçirilib. Gənclər ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra icra hakimiyyətində görüş keçirilib.

Qeyd edək ki, hər il  bu gün İsmayıllı rayonununda təntənəli şəkildə qeyd olunub. Pandemiya ilə əlaqədar karantin qaydalarının tələblərinə uyğun olaraq bu il geniş tərkibdə toplantı keçirmək mümkün olmayıb. Ona görə də tədbirdə RİH başçısı ilə yanaşı rayon Gənclər və İdman İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu, YAP İsmayıllı Rayon Gənclər təşkilatı, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsi, İsmayıllı Rayon Gənclərin İnkişafı Karyera Mərkəzinin nümayəndələri və Vətən müharibəsi iştirakçısı olmuş idmançı gənclər iştirak edib.

RİH başçısı görüşdə iştirak edən gənclərin simasında bütün İsmayıllı gənclərini bu gün münasibətilə təbrik edib, həyatlarında uğurlar arzulayıb. Tövsiyə olaraq rayon rəhbəri qeyd edib ki, gənclər öz üzərlərində çalışmalı, ali təhsil almalı, müxtəlif peşələrə yiyələnməli, rayonun sosial-iqtisadi həyatında fəal iştirak etməlidirlər. Həmçinin qeyd edib ki, rayonda fəaliyyət göstərməsəniz belə, ölkənin müxtəlif yerlərində, hətta xaricdə olduğunuz təqdirdə İsmayıllını önə çəkin, təbliğ edin, rayonun potensialını üzə çıxarın və bölgəyə yeni investorların cəlb edilməsində öz töhvənizi verin.

Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. İsmayıllı gəncləri də dövlət-gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.

Rayonun rəhbəri qeyd edib ki, Vətən müharibəsində İsmayıllı gənclərinin torpağa bağlılığı, yurd sevgisi, gücü, qüvvəsi, nəyə qadir olduqları açıq şəkildə nümayiş olundu. Müharibənin aktiv fazası cəbhədə cərəyan etsə də, ondan kənarda baş verən proseslərin idarə olunmasına, zəfərə aparan digər siyasi və təşviqat-təbliğat yönümlü həmlələrin dəstəklənməsinə, nəticə etibarı ilə rayonun və dövlətin imicinə xeyir verən trendlərin formalaşmasına vəsilə olmaq, İsmayıllı gənclərinin qarşısında duran ən məsuliyyətli vəzifə idi. 44 günlük Vətən müharibəsi zamanı İsmayıllı gənclərinin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaəti qeyd edən rayon rəhbəri bildirib ki, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək “Biz birlikdə güclüyük” şüarını rayonumuzun gəncləri əsas götürüblər.

Çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Çıxışçılar ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirən rayonun rəhbərinə, gəncləri daim diqqətdə saxladığı və rayonda müxtəlif vəzifələrin tutulmasında gənclərə göstərilən etimad üçün təşəkkürlərini bildiriblər.

Gənclər rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar səmərəli təkliflər söyləyib, bu sahədə həmyaşıdlarını əmək və düşüncə fəallığına çağırıblar.

Tədbir çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr edilmiş filmə baxış keçirilib, sonra bir qrup fəal gəncə Fəxri fərman, təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Sonda rayonun rəhbəri gənclərlə birlikdə xatirə şəkli çəkdirib.

Şərh Yaz