İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd edilib                      

Fevral ayının 13-də İsmayıllı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının doqquzuncu ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə, hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla xidmətin əməkdaşlarına köməklik göstərənlərin və arxa cəbhədə fəallığı ilə fərqlənənlərin bir qrupu təltif olunub.

Keçirilən tədbir zamanı pandemiya qaydalarına tam ciddiliyi ilə əməl olunub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən Rayon İcra Hakimiyyətinin və Xidmətin rayon şöbəsinin əməkdaşları abidə önünə gül dəstələri qoyublar.

Tədbir Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə Heydər Əliyev Mərkəzində Vətən müharibəsinə həsr olunmuş rəsm sərgisinə baxışla davam edib.

Xidmətin Rayon şöbəsinin rəisi polkovnik-leytenant Əfran Nəbiyev tədbiri giriş nitqi ilə açaraq doqquz il müddətində SHXÇDX-nin keçdiyi uğurlu yoldan danışıb. Natiq bildirib ki, Dövlət xidmətinin İsmayıllı şöbəsi də fəaliyyətini müasir tələblərə uyğun qurub. Hərbi xidmətə çağırışda və gənclərin hərbi xidmətə hazırlanmasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə səmərəli iş aparılıb.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Vətən müharibəsi kimi tarixə düşən və şanlı Qələbəmizlə yekunlaşan bu döyüşlərdə 1000-dən artıq gəncimizin səfərbərlik xidmətinin xətti ilə könüllü müharibədə iştirak etdiyini deyib. Vətən uğrunda vəzifə borcunu ləyaqətlə, vicdanla yerinə yetirmiş və canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tezliklə şəfa tapmasını arzulayıb.

Rayon rəhbəri həmçinin qeyd edib ki, SHXÇDX  yarandığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Azərbaycan Respublikasına, hərbi anda sədaqət hissinin, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılmasında göstərdiyi xidmətlər əvəzolunmazdır.

RİH başçısı SHXÇDX  yaradılmasının 9-cu ildönümü münasibətilə Ə.Nəbiyevin simasında Xidmətin bütün əməkdaşlarını təbrik edib, bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə ismayıllılar həm ön, həm arxa cəbhədə bir yumruq kimi birləşərək böyük əzmkarlıq göstəriblər.

Şərh Yaz