“Gül sulayan qız” İsmayıllıda            

Polşa rəssamı Natalia Rakın “Девочка с лейкой” –  “Gül sulayan qız” adlı əsərinin bənzəri İsmayıllıda yaradılıb. Şəhərin Əbülhəsən Ələkbərzadə küçəsində rəssam Rufan Abbasovun Qarabağ əlilləri və şəhid ailələrinin yaşadıqları 4 mərtəbəli yaşayış binasınının fasad hissəsində, 13,2 metr  x 12,8 metr ölçüdə yaradılan əsər yerli sakinlərin və şəhərə gələn qonaqların böyük marağına səbəb olub.

Əsərdə ideya və məzmun baxımından dəyişiklik edilərək, bir neçə məna ümumiləşdirilib. Buta təsvirləri ilə bəzədilmiş milli geyimli, saçı hörüklü və əlində Lahıc misgərlik sənət nümuməsi, susəpəni tutan balaca azərbaycanlı qız təsvir edilib.

Rəssam əsərdə ilk baxışdan həmin qızcığazın gülləri, çiçəkləri suvarmasını təsvir etsə də, əsas mənanı suvarılan xarı bülbüldə gizlədib. Bununla da mənzərəni görən hər kəsdə ən böyük əsəri Vətən müharibəsində Azərbaycan əsgərinin yaratdığı təssüratını çatdırmaqla yanaşı, Şuşaya və xarı-bülbülə qovuşmağımızın gizlədilən mənasını reallaşdırıb.

Həmçinin, əsərin yeni inşa edilmiş 100 yerlik uşaq bağçası binasının yaxınlığında çəkilməsi rayonumuzun balaca sakinlərində rəssamlıq sənətinə maraq oyatmaq, təbiəti və gül-çiçəkləri qorumaq anlamını aşılamaqdır.

Sözügedən küçə rəssamlıq sənət nümunəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin sifarişi əsasında, bölgədə turizm sahəsinin inşafına yönəlik addım olaraq həyata keçirilib. Həmin ərazidə abadlıq işləri aparılır və oturacaqlar quraşdırılıb.

Məlumat üçün bildiririk ki, bu işlərin davamı olaraq növbəti layihələrimiz şəhidlərimizə və vətənpərvərliyə həsr olunması nəzərdə tutulub.

Şərh Yaz