Görüşlərə ara verilmir                  

4 fevral tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimov və İsmayıllı rayonunun deputatı Novruzəli Aslanov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.

Diyallı, Qoşakənd və Bizlan kəndlərində keçirilən görüşlərdə qazilərimiz və ailə üzvləri hər zamankı kimi göstərilən diqqət və qayğıya görə ilk növbədə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhid ailələri və qazilərlə görüş ənənəsini davam etdirən İcra Hakimiyyəti başçısına və millət vəkillərinə təşəkkür ediblər. Görüşlər pandemiya qaydalarına uyğun təşkil olunub.

RİH başçısı və millət vəkilləri Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları ilə səmimi söhbətlər apararaq 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqına Zəfər sevincini bəxş etməsi ilə yanaşı, qəhrəmanlarımızı bir daha xalqa tanıtmasını qeyd ediblər. Onlar vurğulayıblar ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda Zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Şərh Yaz