Vətəni canından əziz tutanlar                         

Şəhidlər ölmür, ölümləri ilə əbədiyyət qazanırlar. Belə əbədiyyətə qovuşanlardan biri də Birinci Qarabağ müharibəsində şəhid olmuş Əliyev Umud Əlməhəmməd oğludur.

Şəhid Umud Əliyev 31 iyul 1970-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Orta təhsilini İsmayıllı şəhərindəki 2 nömrəli məktəbdə almış, texniki peşə məktəbində traktorçu peşəsinə yiyələnmişdir.

1987-ci ildə ailəsi ilə birlikdə Zərdab rayonunun Körpükənd kəndinə köçmüşdür. Həqiqi hərbi xidmətə də Zərdab rayonundan çağırılmış, 2 illik hərbi xidmətini Rusiyanın Çelyabinsk şəhərində başa vuraraq ailəsinin yaşadığı Zərdab rayonunun Körpükənd kəndinə qayıtmışdır.  Ailəcanlı, zəhmətsevər Umud elə burada da əmək fəaliyyəti ilə məşğul olmuşdur.

Topaqlarımızın azadlığı uğrunda verdiyimiz itkilərdən narahat idi Umud. 1992-ci ilin fevralında baş verən Xocalı faciəsindən sonra bir çoxları kimi o da tamamilə sarsılmışdı. Döyüşlərə qatılmaq, qana-qan, qisas, intiqam istəyi onu rayonun Hərbi Komissarlığına gətirdi. Ürəyi Vətən sevgisi ilə çırpınan Umud 1993-cü il fevral ayının 2-də könüllü olaraq cəbhəyə yollandı.

Cəbhəyə gedəndə hələ dünyaya gəlməmiş övladına ad da verdi: Oğlum olsa, adını Şahin qoyarsınız, – dedi.

1993-cü il mayın 28-də 2 günlüyə evə – dünyaya gələn Şahin balasını görməyə gəldi. Bu görüş onun körpə Şahinlə  ilk, doğmalarla son görüşü oldu…

O, 1993-cü il iyun ayının 16-da Ağdərə rayonunun işğalçılardan azad olması uğrunda gedən döyüşlərdən birində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı…

Şəhid Umud Əliyev ailəsinin yaşadığı Zərdab rayonunun Körpükənd kənd qəbiristanlığında dəfn olunub. Məzarı məktəblilərin, vətənpərvər insanların ziyarət yeridir…

Umudun dəfnində döyüşçü yoldaşları da iştirak edirdilər. Dəfn zamanı komandiri və döyüş yoldaşları  bildirdilər ki, təkcə sonuncu döyüşü zamanı Umud əsl qəhrəmanlıq göstərmiş, düşmənin çox sayda canlı qüvvəsini, iki tank və bir BTR-ni təkbaşına məhv etmiş, şəhadətə yüksəlmişdir.

İndi Zərdab rayonunun Körpükənd kəndində, şəhid Umud Əliyevin adını daşıyan küçə var, xatirəsinə bulaq tikilmişdir…

Şəhid anasıyam, 81 yaşım var. Hazırda İsmayıllı rayonunda yaşayıram. Nəvəm – şəhid Umud Əliyevin nişanəsi Şahin isə ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb.

44 günlük Vətən müharibəsinin uğurlu nəticəsindən sonra xeyli qürurluyam. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların qanı yerdə qalmadı. Əzəli torpaqlarımız düşmən tapdağından xilas oldu. Umud balamın arzuları gerçəkləşdi.

Bizə Qələbə sevinci yaşadan, analarını, Vətəni qoruyarkən şəhid olmuş qeyrətli övladlarımıza Allah rəhmət eləsin. Qazilərimizə Allahdan şəfalar diləyirəm.

Fatimə Əliyeva

Şərh Yaz