Məsuliyyət anlayışla qarşılanmalıdır                      

Bir tərəfdən hər an yenidən dalğalana biləcək virus təhlükəsi, digər tərəfdən artıq uzun müddətdir əyani təhsildən, məktəbdən uzaq düşmüş şagirdlər və onların “Məktəb nə vaxt açılacaq, nə qədər evdə qalacağıq?” suallarına cavab tapa bilməyən valideynlər, yenicə məktəbə alışmağa başlarkən ciddi karantin rejiminə alışmalı olan birincilər, bir sözlə, hamı – təhsilverənlər və təhsilalanlar, valideynlər, bütün xalqımız ölkəmizdə mərhələli əyani təhsilin başlanmasına çox sevinir. İsmayıllı rayonunun 76 ümumtəhsil məktəblərində düzgün sosial davranış qaydalarına uyğun şəkildə məktəblərdə I və IV siniflər mərhələli əyani təhsilə başlayıb.

Fevralın 1-də COVID-19 virusundan qorunmaq məqsədilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlanmış profilaktika və ehtiyat tədbirləri, eləcə də, düzgün sosial davranış qaydalarına uyğun şəkildə məktəblərdə I və IV siniflər mərhələli əyani təhsilə başlayır.

İsmayıllı  rayonunun 76 ümumtəhsil məktəbinin 51-də təhsil tam 5 günlük əyani, 25-də isə distant və əyani (hibrid) şəkildə davam etdiriləcək. Bu məqsədlə məktəblərdə xüsusi tibbi-profilaktik tədbirlər görülüb. Məktəb həyətlərində məsafə xətləri çəkilib, sanitar-gigiyena qovuşağının qarşısında məsafə işarələri qoyulub. Məktəblərdə xüsusi qoruyucu  vasitələrdən – üz sipəri, maskalar, əlcəklərdən istifadə edilir. Giriş qapısından daxil olarkən məsafədən ölçən termometrin köməyi ilə şagirdlərin hərarəti ölçülür, spirt və digər gigiyenik vasitələrlə əllər dezinfeksiya edilir. Sinif otaqlarında pandemiya şərtlərinə uyğun şərait yaradılıb. Belə ki, partalar tələb olunan qaydada – 1,5 metr məsafədə düzülüb. Partaların üstünə dezinfeksiya məhlulları qoyulub. Təhsilverənlər xüsusi həssaslıqla yanaşaraq şagirdlərə psixoloji dəstək göstərməyə çalışır. Onlar üz sipəri və maskalardan istifadə edərək mövcud şəraitdə maksimum şəkildə ibtidai sinif şagirdlərinin təhlükəsiz təhsilini davam etdirmələri üçün əllərindən gələni əsirgəmirlər. Dərsə davamiyyət cədvəli xüsusi təlimata uyğun olaraq mərhələli təhsilin tam əhatə olunmasına xidmət edir. Məktəblərdə xüsusi komissiyalar yaradılıb ki, bu da pandemiya rejimi qaydalarına əməl olunması işinə nəzarət edir. Məsuliyyətlə yanaşmaqla, xüsusi karantin rejimi qaydalarına əməl etməklə, digər siniflərin də növbəti həftələrdə məktəbə dönmələrinə zəmin yarada bilərik. Təhsilin önəmini düşünən hər kəs, istər təhsil işçisi, istər valideyn, istər cəmiyyətin digər üzvləri olsun, üzərinə düşən böyük məsuliyyəti anlamağa çalışmalıdır.

Rafiq Həsənov

Şərh Yaz