2020-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2020-ci ilin yanvar-dekabr aylarında faktiki qiymətlərlə 228262,4 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının real ifadədə həcmi 218317,9 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz azalmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 18,2 faiz azalaraq 2604,3 manata bərabər olmuşdur. Məhsul və xidmətlərin 69,5 faizi, yəni 158646,2 min manatı istehsal sahələrinin, 30,5 faizi, 69616,2 min manatı  isə xidmət sahələrinin payına düşür. Ümumi məhsul buraxılışının 85,3 faizi qeyri-dövlət sektorunda yaranmışdır ki, bu da 2019-cu ildən 18,2 faiz azdır. Ümumiyyətlə azalma əsasən tikinti,nəqliyyat və ticarət sektorlarında qeydə alınmışdır. Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 114437,5 min manatlıq və ya ümumi məhsulun 48,8 faizi, sənayedə 14443,5 min manatlıq (müvafiq olaraq 6,3 faiz), tikintidə 32765,2 min manatlıq (14,4 faiz), informasiya və rabitədə 1223,9 min manatlıq (0,5 faiz), nəqliyyat və anbar təsərrüfatında 1833,3 min manatlıq (0,8 faiz), ticarət və xidmət sahəsində 66559,0 min manatlıq (29,2 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 0,4 faiz, sənaye istehsalı 0,5 faiz, informasiya və rabitə 5,4 faiz artmış, tikinti sektorunda 63,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 46,3 faiz,  ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 2,5 faiz enmə qeydə alınmışdır.

 

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu  mal-qaranın sayı 2868 baş azalaraq 48926 baş, qoyun-keçilərin sayı 9344 baş azalaraq 171451 baş, bütün növ quşların sayı 1800 baş artaraq 284900 baş, arı ailələrinin sayı 16 ailə artaraq 17112 ailə təşkil etmişdir. Donuzların sayı isə 124 baş azalaraq 162 baş olmuşdur. 2020-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 8 ton, süd istehsalı 107 ton, yumurta istehsalı 42 min ədəd artmışdır. Hesabat dövründə 0,5 ton barama, 410 ton yun istehsal olunmuşdur.

2020-ci ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 30628,5 hektar sahədən 106835,0 ton dənli paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Hesabat ilində 329,9 ton əvvəlki ildən çox taxıl istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 0,1 sentner azalaraq 34,9 sentner olmuşdur.

Hesabat dövründə 22358,5 hektar sahədən 80864,5 ton buğda yığılmışdır ki, bu da əvvəlki ildən 3318,8 ton az deməkdir. Arpa istehsalında 4247,5 ton artım qeydə alınmışdır. Hesabat  dövründə 85 hektar sahədə vələmir əkilmiş və həmin sahədən 224 ton məhsul toplanmışdır. 2020-ci ildə 600 hektar sahədən 1166 ton paxlalılar, 0,9 hektar sahədən 1,5 ton dən üçün günəbaxan yığılmışdır. Həmin dövürdə paxlalıların məhsuldarlığı 19,4 sentner, günəbaxanın məhsuldarlığı isə 16,7 sentner olmuşdur.

2020-ci ildə 970 hektar sahənin kartofu yığılmış, 14482 ton məhsul əldə edilmişdir. Bu dövrdə 8291 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 1,2 sentner, tərəvəzin məhsuldarlığı isə 0,8 sentner artaraq kartofda 149,3 sentner, tərəvəzdə isə 98,9 sentner təşkil etmişdir. Beşinci ildir ki, rayonda tütün istehsalına başlanmış, bu il  30 hektar sahədə tütün becərilmişdir. Hesabat ilin yanvar-dekabr aylarında 60,0 ton quru  tütün tədarük olunmuşdur.

Rayon üzrə bütün meyvə və giləmeyvə bağlarından 9289,2 ton meyvə və giləmeyvə, 4295,0 ton üzüm yığılmışdır.

2020-ci ilin yanvar-dekabr ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 22386,6 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 38,8 faiz  artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 14,8 faiz çox, 68,4 milyon kilovat saat elektrik enerjisi, 0,2 milyon kub metr çox, 27,5 milyon kub metr qaz istehlak olunmuşdur.

2020-ci ildə rayonda 22386,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 70,2 faiz azdır. Hesabat dövründə əsas kapitala 43066,6 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55,3 faiz az təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən il ərzində 23640,7 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ildən 1859,4 min manat azdır.

Hesabat ilində rayon əhalisinə 204355,0 min manatlıq istehlak malları satılmış, 21563,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 25,6 faiz az təşkil etmişdir.

Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 1160,8 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 5,4 faiz çoxdur.

01 dekabr 2020-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq nominal əmək haqqı ilkin məlumatlara əsasən 443,1 manat təşkil edərək, keçən ilin müvafiq dövründən  14,3 faiz  yüksək olmuşdur.

Əziz Əzizov, 

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                        

Şərh Yaz