Səni şəhid anası edəcəyəm…                  

Şıxızadə Tural Ətraf oğlu 2002-ci ilin may ayının 30-da İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açıb.

2008-ci ilin sentyabrında doğulduğu kəndin Aqil Məmmədov adına tam orta məktəbinin birinci sinifinə yollanıb. 2019-cu ildə orta təhsilini başa çatdırıb. Təhsil aldığı illərdə məktəbin idman şərəfini əzmlə qoruyan Tural bir sıra yarışlarda uğurla iştirak edib. Qazandığı qələbələrdən ruhlanan, ailənin sonbeşiyi olan Tural məktəbi bitirdikdən sonra idmanla ciddi şəkildə məşğul olmağa başlamışdı. Gündəlik məşğuliyyətlə onda əsl idmançı görkəmi formalaşmışdı. Qolundakı gücə əminliklə qol güləşi idmanına bağlı idi. Onun qolunu qatlamaq hər oğulun işi deyildi.

Yarışlarda fəal iştirak edən Tural hər dəfə Fəxri fərmanlarla, medallarla təltif olunurdu. Hətta qol güləşi üzrə dəfələrlə zona, respublika çempionu olmuş, beynəlxalq yarışlara vəsiqə qazanmışdı.

2020-ci ilin iyul ayının 11-də həqiqi hərbi xidmətə çağırılan Tural  anasına: Torpaqları almağa gedirəm, ana! Qayıdacağam, özü də ən yüksək adla! Başını dik tutarsan! Səni şəhid anası edəcəyəm…

Tural “N” saylı hərbi hissədə 3 aydan bir qədər artıq xidmət etmişdi. Cürəti, cəsarəti, idmançı mətinliyi ilə tam əsgər formasında silahdaşlarına nümunə idi.

Sentyabr ayının 27-də başlanan ikinci Qarabağ müharibəsi  qisas eşqi, torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə döyüşə atılan igid əsgərlərimiz üçün hünər meydanına çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordu-xalq birliyi yarandı. Hər şey cəbhə üçün şüarları həyat həqiqətinə çevrildi.

Qızğın doyüşlər gedir, qanlar, qurbanlar hesabına düşmən tutduğu mövqelərdən geri qovulurdu. Əsgərlərimiz hər döyüş gününü yeni-yeni qələbələrlə başa vururdu. Yağı düşmən ağır itgilərə məruz qalsa da, sıralarımızda da şəhidlik zirvəsinə ucalan, yaralanan, itkin, əsir düşənlər olurdu…

Amansız döyüşlərin birində Turalın onunla bərabər xidmətdə olan, döyüşən əsgərlərin saırasında olmaması bəlli oldu. Təbii olaraq itkin və ya əsir düşdüyü düşünüldü. Lakin 72 gündən sonra onun şəhidliyə qovuşması xəbəri dəqiqləşdi.

Hamının çox sevdiyi, hamının hörmətini qazanmış Tural 2020-ci ilin dekabr ayının 11-də anadan olduğu Diyallı kəndində doğma torpağa tapşırıldı.  O, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb. İllər, qərinələr dəyişəcək, lakin şəhidlər unudulmayacaq.

Ruhun şad olsun. Nur içində yat, şəhid qardaşım.

Vüsal Qəzənfərov,

məşqçisi

Şərh Yaz