Şəhidlərimizin xatirəsi yad edilib            

????????????????????????????????????

YAP İsmayıllı rayon təşkilatı şəhid ailələri ilə görüşlərini davam etdirir. Görüşdən öncə rayonumuzda yerləşən Şəhidlər xiyabanında Vətən torpaqlarının müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib. Daha sonra rayon təşkilatının sədri Sevil Əhmədova və təşkilatın nümayəndələri Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan YAP İsmayıllı rayon təşkilatının Şura üzvü, Baş leytenant Əhmədzadə Famil Ağaəhməd oğlunun və gizir Musayev Ramil Aydın oğlunun ailələrini ziyarət ediblər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinə başsağlığı verən S.Əhmədova xalqımızın igidlərimizlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.

Görüş zamanı şəhidlərimizin Vətən qarşısındakı xidmətlərindən bəhs olunub, ailələrinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib, onların xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu bildirilib.

Famil Əhmədzadə 1975-ci ilin sentyabrın 23-də Bakı şəhərində anadan olub. 2005-ci ildən Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının Şura üzvü kimi rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. 30 sentyabr 2020-ci il tarixində könüllü olaraq Vətəni mənfur düşməndən xilas etmək üçün cəbhəyə yollanıb. Baş leytenant F.Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə aparırdı. Oktyabr ayının 14-də Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpasına və işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən Uğrunda” və “Döyüşdə fərqlənməyə görə“ medalları ilə təltif edilib.

Gizir Ramil Musayev, 1991-ci ildə Ìsmayıllı şəhərində anadan olub. XTQ giziri R.Musayev 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub, iştirak etdiyi döyüşlərdə xeyli sayda düşməni məhv edib. 3 oktyabr tarixində Vətən müharibəsinin Füzuli-Cəbrayıl cəbhəsində gedən gərgin döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində və işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin.

İ.Əhmədli

Şərh Yaz