QOCAMAN NEFTÇİNİN YUBİLEYİ                 

İkinci Dünya Müharibəsində həlak olmuş 60 milyon insandan 26 milyonu SSRİ adlı imperiyanın payına düşürdü. Bu rəqəmlər sırasında gənc respublikamızdan müharibəyə getmiş 600 min həmvətənlərimizdən 350 mindən çoxu geri qayıtmayan igid oğlanlarımız da yer alırdı. Bundan əvvəlki illərdə – 1905, 1915, 1918, 1920-ci illərdə, habelə 1930-cu illər represiyalarında ermənilərin başımıza gətirdikləri müsibətlərdə də demək olar ki, bir o qədər də itgi vermişdik. Bütün bu amillərin acı nəticələrini bütün respublikamızda olduğu kimi ən ucqar kəndlərimizdə də görüb duyduq. Kütləvi aclıq və səfalətlərlə, məhrumiyyətlərlə üzləşdik. Əlbəttə, Tircan kəndi də istisnalıq təşkil etmədi. Belə bir vaxtda ata-anasını çox erkən itirən 14 yaşlı balaca Əbdülkərim təhsilindən, öz uşaqlıq dünyasından ayrılıb, adını Bakıdan – neft sənayesi üçün kadr hazırlayan sənət məktəbindən gəlmiş adamların əllərindəki siyahıya yazdırır. Özünün, yetim qalmış bacı və qardaşlarının nicat yolunu  bunda görür. Bakıya gəlib “Stalinneft” (indiki Bibiheybət) mədənindəki sənət məktəbini əla qiymətlərlə bitirir. Dövlət komissiyası onu, Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyevin təkidi ilə özünün çalışdığı  “Quyuların əsaslı təmiri sexinə” təyinatla işə göndərir. Qısa zaman bölümündə o, qazmaçı köməkçisi, qazmaçı, daha sonra isə ən yüksək dərəcəli qazmaçı peşəsinə yüksəlir. Əbdülkərim əməkdə qazandığı nailiyyətlərlə irəlilədikcə, bacı və qardaşlarının rifah hallarının yaxşılaşdığını duyduqca, özündə rahatlıq tapırdı. O, bu sexdən həqiqi xidmətə çağrılır. Uzaq Şərqdə – Xabarovsk vilayətindəki üç illik həqiqi hərbi xidmətindən sonra da yenə  buraya qayıdır. Bu dəfə onu “Stalinneft” neft mədənləri tərkibində olan “İliç buxtası” adlanan ən məsuliyyətli dəniz sahəsinə işə göndərirlər. Əbdülkərim Piriyevin işgüzarlığı, qabiliyyəti, biliyi, insanlarla ünsiyyəti burada ona möhtəşəm hörmət qazandırır.

Günlərin birində iş növbəsinə gələn Əbdülkərim, iş yoldaşlarının çox məyus olduqlarını, qazmanın dayandığını, rotorun fırlanmadığını görüb təşvişə düşür. Neft sənayesində işləyənlər bunun nə qədər ağır nəticələr verə biləcəyini yaxşı bilirlər. Bu o deməkdir ki, milyonlarla vəsait qoyulan, illərlə bərk süxurları dəlib min metrələrlə dərinlikdə qazılan quyu, bir andaca qəzaya uğraya bilərdi, quyuya buraxılan borular, turbabur, elektrobur kimi qazma avadanlıqları bir andaca qum tıxacına məruz qala bilərdi, bir sözlə, quyu atıla bilərdi, çəkilən zəhmət hədər gedə bilərdi. Bu qəzanın yaranmasına səbəb isə 53 metr yüksəklikdə, neft buruğunun kəlləsindəki altı çarxlı diyircək yastıqlı kəlləçarxın sıradan çıxması idi. Nə etməli? Heç kəs qışda, soyuq, küləkli havada 53 metrlik vışkanın başına çıxmağa cürət etmirdi. Bu, çox riskli, təhlükəli, zülümlü, ağır bir iş idi. Olduqca qıvraq, cəld, pəhləvan cüssəli, inadkar, dediyindən dönməyən gənc Əbdülkərim qoruyucu kəməri belinə bağlayıb qorxmadan işə girişir, bir iş növbəsində bu ağır işin öhdəsindən gəlir, quyunu qəzalı vəziyyətdən çıxarır, onu həyata qaytarır. Məşhur neftçi Gülbala Əliyev, Əbdülkərimin bu igidliyini eşidib onu yanına çağırtdırmış və təqdirəlayiq olaraq idarə rəhbərliyi qarşısında tərifləyib: “Mən özümdən sonra məni əvəz edə biləcək bu cür kadrlarımla qürur duyuram” – demişdir.

(Qeyd: Mərhum Gülbala dayı Bakının Bilgəh qəsəbəsindən idi. Savadsız, üzündən-gözündən xeyir-bərəkət yağan, lopabığ, xeyirxah bir kişi idi. Çörəyini qəzetə bükülü halda evdən gətirərdi. Baş soğanını unutmazdı. Cavanlığında Stalinlə durub-oturmağından çox söhbətlər edərdi. İmzanı barmaq basmaqla edərdi. Buna baxmayaraq, o, qəzaya uğramış quyularda, qırılmış, açılmış boruları çox-çox dərinliklərdə tutub saxlayan, yuxarı çıxara bilən bir neçə mürəkkəb qurğuların ixtiraçısı idi. Ona müəssisədə ən yüksək maaşlı “Mühüm, mürəkkəb işlər üzrə mühəndis” adı verilmişdi. 1948-ci ildə şəxsən Stalin özü Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzunu Gülbala dayının sinəsinə taxıbdır. O, həm SSRİ və həm də Azərbaycan SSRİ Ali Sovetinin deputatları olmuşdur. Ulu öndər Heydər Əliyev cənabları isə Gülbala Əliyevin 90 illik yubileyini sağlığında Respublika miqyasında keçirilməsinə sərəncam vermiş, özü  də o tədbirdə iştirak etmişdir, Bakıda, “Neftçilər” prospektində ona dənizlə üzbəüz inşa edilmiş binada ev vermişdi. Qəbri birinci Fəxri xiyabandadır. Şəhərdə büstü qoyulubdur. Bu yazının müəllifi də Gülbala dayı ilə eyni əmək kollektivində çalışmış, ondan xeyir-dua almışdır.)

1960-cı ildə Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasının 40 illiyi tədbirlərinin keçirildiyi ərəfədə, Gülbala dayının təklifi ilə Əbdülkərim Piriyevin yüksək dövlət təltiflərinə, əmək qəhrəmanlığına, deputatlığa namizədliyi irəli sürülsə də,  onun 1953-cü ildəki üç aylıq həbsi, Əbdülkərimin gələcək karyerasına böyük “ləkə” salmışdı. Belə ki, Əbdülkərim günlərin birində yataqxanada hədlərini aşmış, özlərini lotu adlandıran 5 nəfərin, bir nəfər sakit, fağır adamın üstünə düşərək döydüklərini görmüş, buna dözməmiş, sakitləşdirmək istədikdə isə, bu dəfə onun özünü münaqişəyə cəlb etmişlər. Təbiətən sakit, mülayim, təvəzökar görünən Əbdülkərim haqsızlığa qarşı birdən-birə qızmış pələngə dönür. İri, əzələli yumruqlarını Koroğlunun toppuzuna döndərib beş nəfərin hamısını şil-küt eləyir, ayaqqabısının altı ilə ağızlarına-ağızlarına vurur, lotuluq iddiasında olan “cəvizlərə” yerlərini tanıdır. Özü öz ayağı ilə milisə gedir…İctimai asayişi qorumağa görə təltifə layiq olduğu halda, Əbdülkərimə altı il iş kəsirlər. Üç aydan sonra isə Stalinin ölümü ilə əlaqədar verilən amnistiyaya düşüb həbsdən azad olunur.

Bu günlərdə Əbdülkərim babanın heç bir hazırlıq görülmədən, təmtəraqsız 90 yaşı tamam oldu. Onun dəniz neft-qaz sənayesinin yaradılmasında, mənimsənilməsində misilsiz xidmətləri olubdur. O, bütün şüurlu həyatını Neftçi Qurban, Bəhmən Hacıyev, Akif Cəfərov, Xoşbəxt Yusifzadə, Gülbala Əliyev, Mirzə Mustafayev və s. məşhur neftçilər kimi neft sənayesinin inkişafına həsr etmiş, onlarla çiyin-çiyinə çalışmışdır. 1960-cı ildən Azərbaycan Ali Sovetinin Sədri Səftər Cəfərovun imzası ilə “Respublikanın Fəxri Neftçisi”dir. Təqaüdə çıxıb doğma kəndi Tircana qayıtdıqdan sonra onun rəşadətli əmək yolunu oğlu Piriyev Aqil Əbdülkərim oğlu davam etdirirdi. Lakin 2 oktyabr 1997-ci ildə “28 May” yatağında baş vermiş vertalyot qəzası 21 neftçi ilə birlikdə 36 yaşlı Aqilin də həyatına son qoydu…

Əbdülkərim baba xoşbəxt babadır. 44 günlük müharibədə qazanılan zəfərdə onun da payı olduğunu deyir. Nəvələri Rəsul, Səbuhi, Rüfət, nəticəsi İsmayıl bir əsgər, bir çavuş, bir zabit olaraq mənfur ermənilər üzərində parlaq qələbə çalaraq, bu gün də vətənimizin keşiyində durmaqda davam edirlər.

Əbdülkərim baba kənddə adı hörmətlə çəkilən Sofulular nəslindəndir. O, kimsənin haqqına girməz, daramaz, arxasınca danışmaz, qisməti ilə razılaşan həlim, nurani insandır. Babalarından qalmış ruhani düşüncəsi ilə həmişə hamıya inanıbdır. Onun haqqını tapdalayanlar isə çox olubdur. Elə götürək bu ahıl insanın məişət şəraitini. Kənddə yeganə evdir ki, ora qaz xətti çəkilməyibdir. Kəndə qaz çəkilərkən adı layihədə olsa da, yekunda adı layihədən çıxarılıbdır. Bu barədə ən ali təbəqədən tutmuş SOKAR-a, rayon rəsmisinə kimi bütün əlaqədar təşkilatlara müraciət olunsa da, bütün cəhdlər nəticəsiz qalıbdır. Hər dəfə cavab verilibdir ki, siz kənddən 600 metr aralı məsafədə olduğunuz üçün bu səbəbdən sizə qaz xətti çəkilməyibdir, hansı ki, bu məsafə 400 addımdır. Hər addım da qoy olsun 60 sm. o da bərabərdir 240 metr. (!)

Mən, Əbdülkərim babaya ağrısız-acısız uzun ömr arzulamaqla bərabər, 65 illik həyat yollarında birgə addımladığı ömür-gün yoldaşı ilə birlikdə 7 illik qaz xətti çəkilişi həsrəti ilə yollara dikilən gözlərinin nə vaxtsa güləcəyinə ümidlə baxıram. Əgər, ədalət qalıbsa.

Vaqif Məmmədov

Şərh Yaz