Ötən günləri xatırlayanda   

1951-ci il fevral ayının 27-də Topçu kəndində dünyaya göz açmışam. Kənd uşağı olmuşam. Ailədə 9 uşaq idik, pis dolanmırdıq.

Atam dövrünün fərasətli kişilərindən idi, kənddə tapılanda kolxozda briqadir işləyər, çox vaxt alverlə, indiki dillə desək, bizneslə məşğul olardı. Orta Asiya ölkələrinə Qızıləhmədi alma aparardı satmağa. Qayıdanda yaxşıca pul, pal-paltar gətirərdi bizə. Bəzən aylarla bazarlarda olardı. Ancaq anam hər hansı səhv hərəkətimizə  görə “atanız gələndə deyəcəm“ sözü ilə bizi özbaşınalıqdan, səhvlərdən çəkindirərdi. Çox zəhmətkeş qadın idi. Bütün ev işlərini görər, kolxoz işindən də qalmazdı. “Arxa cəbhədə fədakar əməyə görə” medalı ilə təltif olunmuşdu. Lumu nənəm böyük bir məktəb idi. Dünyasını 104 yaşında dəyişdi.

Bu insan məktəbdə oxumamışdı. Amma bir çox ziyalılardan, oxumuşlardan  tədbirli, uzaqgörən idi. Böyük bir ailənin rəhbəri, qonum-qonşunun yolgöstərəni, məsləhətçisi idi. Fikirləşirdik ki, nənəmiz ölsə, biz batarıq, yaşaya bilmərik. Oxumuş adamların söhbətini xoşlayardı. Deyirdi: adam var şəhərə gedir, dəyirman söhbəti gətirmir. Adam var dəyirmana gedir, şəhər söhbəti gətirir.

1957-ci il Topçu kənd məktəbinin birinci sinfinə getdiyimi xatırlayıram: Ayaqqabılarımı çıxarıb sinifə daxil oluram. Rəhmətlik Rəfi müəllim ayaqqabıların hanı? – deyə soruşur. Çöldədi deyirəm. Müəllim: get, ayaqqabılarını gey, gəl. Məktəbdə ayaqqabı çıxarmırlar – deyir. Dərslərimi həvəslə oxuyurdum. Şagirdləri oxumağa ən çox həvəsləndirən fizika-riyaziyyat müəllimimiz Bəhrəm Mənsimov idi. Onun həvəsinə məktəbə gedər, onun fənlərini birinci hazırlayar, kitabları səliqəli saxlayar, ondan aldığımız əla qiymətdən qürur duyardıq. O, varlığı ilə məktəbə bağlı insan idi. Valideynimdən eşidəndə ki, Bəhrəm müəllim səndən razılıq edir, yerə göyə sığmazdım.

Topçuda 8-ci sinfi bitirib, İsmayıllı şəhər 1 nömrəli orta məktəbə daxil oldum. O dövrdə hər kənddə orta məktəb yox idi. Məktəbin həyətindəki internat yataqxanasında qalırdım. Uşaqlar bir-birinin bəhsinə daha çox oxuyar, örənmək üçün gec yatıb, tezdən oyanardıq. Dərs başlayana qədər yenidən dərsləri təkrarlayardıq.

İsrayıl Həsənov məktəbin direktoru idi. Məktəbdə xüsusi nizam-intizam vardı. Xırda kənar hərəkətə, nöqsanlı davranışa görə valideyn məktəbə dəvət olunardı. İş vaxtı İsrayıl müəllim demək olar ki, məktəbin hər yerində idi. Onun adi baxışı hər şeyi yerinə qoyardı.

Doqquzuncu sinifdə oxuyurdum. Rəfi müəllim fizika dərsliyinin sonunda sinifdənxaric oxu üçün nəzərdə tutulmuş polimerlər fizikası bölümünü öyrənməyi tapşırmışdı və bildirmişdi ki, kim bu dərsdən beş alsa, ondan daha dərs soruşmayacaq. Mövzu təxminən 10 səhifə idi. Növbəti dərsdə müəllim mövzunu Arif  Cabbarov və Vaqif  Rəhimovdan soruşdu, onlara “4” yazdı. Mənə gəldikdə, vaxt yoxdu, gələn dərsdə danışarsan dedi. Gələn dərsdə 10 səhifəlik tapşırığı əzbər danışdım və “5” aldım. Ertəsi gün həmin mövzunu başqa, paralel sinifdə uşaqlara görk üçün mənə danışdırdı və dərs soruşmadan həmişə “5”imi yazdı.

Məktəbi bitirib Tibb İnstitutuna sənədlərimi verdim. Həmin gün baş verən hadisə hər şeyi dəyişdi. Sənədləri vermək barədə qəbzi almışdım ki, atəş səsləri eşidildi. Bir azdan institutun prorektoru Maqsud Əlizadəni qan içində Semaşkoya apardılar. Dedilər bir tələbə onu qətlə yetirib, özü də intihar edib. Səhərisi xahiş-minnət və böyük çətinliklə sənədlərimi geri alıb Azərbaycan Pedoqoji İnstitutunun filologiya fakültəsinə verdim, 20 mümkün baldan 19-nu yığıb instituta daxil oldum.

İlk dərs saatında “Ədəbiyyatşünaslığa giriş” fənnindən mühazirə oxuyan Kamal Qəhrəmanov: 20 il əvvəl bu auditoriyada Şıxəli Qurbanov və hazırki dekanınız Afad Qurbanova da dərs demişəm. Oxuyub onlar kimi, ad-san da qazana bilərsiniz, adi kənd müəllimi də olarsınız.

O dövrdə APİ-də respublikanın tanınmış ziyalıları, akademiklər Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, yazıçı İsmayıl Şıxlı, şair Xəlil Rza, professor Fərhad Fərhadov, M.Ə.Sabirin oğlu  Məmmədsəlim Tahirli və başqaları işləyirdi. Onlardan dərs almaq əsil həyatın hədiyyəsi idi. Tələbə vaxtı bizə verilən talonlarla şəhərin teatrlarında  nümayiş etdirilən tamaşalara baxardıq. Yazıçı və şairlərlə görüşər, onların yubileylərində iştirak edərdik.

1968-ci ildə M.P.Vaqifin 250 illik yubileyində Mərkəzi Komitənin birinci katibi Vəli Axundovun apardığı yığıncaqda iştirak etdim.

1972-ci il. İnstitut illəri arxada qaldı. Bu illər bəlkə də ömrümün ən gözəl, ən mənalı, həm də ən çətin illəri idi.

Sızlar yada düşəndə, ürəyimin telləri

O mehriban, o əziz tələbəlik illəri.

Bu misraları yazan şairin istedadına heyranam. İnsan ömrünün 4 ilini bu misralara necə də ustalıqla sığışdırıb.

Fin tipli dörd sinif otağı olan Topçu kənd məktəbi. Yadımdadı, dərsimə raykomun birinci katibi Tamara  Hümbətova girmişdi. Salamlaşdı, şagirdlərin necə oxuduğunu, onlara soyuq olub olmadığını soruşdu. Martın axırı olduğundan direktor odun peçlərini yığışdırmışdı. Ancaq direktorun otağında yanan peç katibin gözündən yayınmamışdı. Direktora – mən rayona çatana qədər peçləri siniflərə qoyub köməkçimə zəng edib məlumat verərsən dedi. Tapşırıq yarım saat ərzində icra olundu.

Maarif şöbəsinin inspektoru Əzim Quliyev məktəbə gəlmişdi. Onu tanımırdım. Növbəti dərsim 6-cı sinifə idi. Bu sinifdə şagirdlərin bilik səviyyəsi zəif idi. Elə bil, kəndin ən zəif uşaqlarını bir yerə cəmləmişdilər. Əzim müəllimin dərsimə girəcəyindən qorxurdum. Zəng vuruldu, inspektor ardımca icazə alıb sinifə girdi və arxa partada əyləşdi. Həyəcanlı idim. Birinci dəfə idi ki, dərsimdə inspektor otururdu. Sinif jurnalını yoxladım, yazı taxtasının qarşısına diqqətlə göz gəzdirdim. Təbaşir yox idi. Azərbaycan dili dərsi, təbaşir də yox, bir anlıq fikirləşib dərsin ənənəvi formada yox, başqa üsulda quracağım qərarına gəldim. Ev tapşırığını sual-cavabla yoxlayıb, qiymətləndirdim, keçmiş dərsi də bu qaydada soruşub qiymətləndirdim. Yeni dərsi – “Ədatların mənaca növləri” mövzusunu izah edib, misallar çəkdim, şagirdlərdən danışdıqlarımı soruşdum. Bu minvalla yeni dərsi uşaqlar sinifdəcə mənimsədi. Hətta, yeni dərsi danışanlar da oldu və fəalları qiymətləndirdim.

Dərsin sonuna yaxın inspektor icazə alıb çıxdı. Ev tapşırığı verib mən də müəllimlər otağına getdim. Müəllimlər çətin vəziyyətə düşdüyümü fikirləşir, inspektorun məni danlayacağını zənn edirdilər.

Hamı sakitcə Əzim müəllimin nə deyəcəyini gözləyirdi. O, ayağa qalxdı, hamının eşidəcəyi səslə – Adil müəllim, səni təbrik edirəm. Çox sağ ol! Mən hələ belə bir dərs dinləməmişdim. Bu dərs deyildi, Qara Qarayevin simfoniyası idi. Mən yeni bir müəllim kəşf etdim, – dedi.

Zəif oxuduqları üçün həmin sinifdən beş nəfəri sinifdə qaldı. Bunu özümə hələ də bağışlaya bilmirəm.

1974-1975-ci illərdə Gürcüstanın Batumi şəhərində hərbi xidmətdə olmuşam.

Kəndimizdə müasir orta məktəb tikilmişdi. Dam örtüyünə isə qır vurmuşdular.

İşin keyfiyyətsizliyindən qar, yağış suları siniflərə damırdı. Məktəbin direktoru Şükür Rəhimov Mərkəzi  Komitəyə teleqram vurmuşdu ki, iqlim şəraitinə uyğun olmayaraq məktəbin dam örtüyünə qır vurublar. Teleqram Mərkəzi Komitəyə çatan kimi Maarif naziri Mehdi Mehdizadə, Kənd Tikinti naziri Dadaş  Asanov və raykomun birinci katibi Qəşəm Aslanov məktəbə gəldilər, vəziyyətlə yerində tanış oldular.

Siniflərə bir-bir baxdılar. Baxış keçirilməsində müəllimlər də iştirak edirdi. Qonaqlar ədəbiyyat  kabinetində xeyli dayandılar, otağın tərtibatına, klassiklərin şəkillərinə baxdılar. Birdən Qəşəm Aslanov – ədəbiyyat müəllimi kimdir?- deyə soruşdu. Mənəm, – deyib önə çıxdım. Klassiklərin şəkillərini göstərib: bunların hamısı haqqında məlumat verə bilərsənmi? – deyə soruşdu. Bəli!- dedim. De görək, Şah İsmayıl Xətai haqqında Karl Marks nə deyib? Dedim: Marks deyib ki, “Şah İsmayıl Xətai 14 illik hakimiyyəti ərzində 14 ölkə fəth edib. O, böyük fatehdir”. O,  cavabı eşidib: Vot-vot! – dedi. Onlarla gələn bir nəfər zarafatla Nazirin yanında müəllimə sual verməzlər dedi. Hamı gülüşdü. Ondan əvvəl də Qəşəm Aslanovla iki dəfə rastlaşmışdım. Bir dəfə kənd kitabxanasından qoltuq dolusu kitabla gələndə, bir dəfə də heyvandarlıq kompleksindən heyvandar işçilərə komsomol maarifi dərsi deyib qayıdanda. Hər iki halda məni saxlayıb sorğu-suala tutmuşdu.

Məktəbdəki cavabdan bir həftə sonra raykomdan sənədlərimi partiyaya keçmək üçün hazırlamağı tapşırdılar.

Raykomun bürosunda birinci katib Qəşəm Aslanov – suallarıma tab gətirə biləcəksənmi?- deyə soruşdu. Keçən büroda bir müəllim suallara cavab verə bilməyib dedi – onun xərəkdə aparıldığını da xatırlatdı və suallara başladı.

İnsanın bəxti gətirəndə gətirir. O, mənə yarım saatdan çox sual verdi və mən cavablandırdım. Hazırcavab ziyalıdır – dedi. Qəbul olunursan.

Məni partiya üzvlüyünə namizəd ola-ola rayon “Bilik” və Könüllü Kitabsevərlər Cəmiyyətinə məsul katib vəzifəsinə, az sonra Raykomun Siyasi Maarif kabinetinin müdiri vəzifəsinə irəli çəkdi. Təbliğat və təşviqat şöbəsinə müdir vəzifəsinə məsləhət bildi. Bu illərdə rayona mühazirə oxumağa gələn alimlərlə görüşmək, tanış olmaq imkanım oldu.

Mənə ev verdi. Rayon Kino Birliyinə direktor göndərdi və Raykomun Təftiş Komissiyasına sədr seçildim, 10  ildən çox bu vəzifəni icra etdim. Kino Birliyində işləməyimə baxmayaraq raykomun konfransları, plenumlarında birinci katiblər üçün məruzələr yazırdım. Qəribə idi, konfranslara gələn Mərkəzi Komitə katibləri Puqaçova, Həsən Həsənova da çıxışı mənə yazdırırdılar. Belə hökumət dağılmalıydı.

O vaxt idarə müdirləri hamısı kolxoz və sovxozlara təhkim olurdu. İdarə üzü görmürdük. Səhər saat 6-da raykomun binasının qarşısına toplaşar, Birinci katib də daxil olmaqla hərə öz təhkim olunduğu təsərrüfata gedər, axşam saat 22-23-də iclasa yığışardıq. Nədənsə məni ən ucqar kəndlərə Suluta, Gəraybəyliyə, Mollaisaqlıya göndərirdilər. Topçu kənd, İsmayıllı şəhər və İsmayıllı rayon Sovetinə deputat seçildim. Kəndimizdə Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə abidə və məscid tikilməsinə nail oldum.

Raykomun ümumi şöbə müdirini əvəz edirdim. Turskovetskiyə bir putyovka var idi.

Qəşəm müəllim kim getmək istəyirsə, öyrən, mənə de tapşırığını vermişdi. Heç kim getmək istəmirdi. Bir əməkdaş da əl çəkmirdi ki, mən gedim. Katib o adamın işindən razı deyildi və putyovkanı ona vermək   istəmirdi. Məndən soruşdu ki, kimin ixtiyarı var bu putyovkadan istifadə etməyə? Dedim: Hind yazıçısı  Robindranad Taqor deyir  ki, göz qapaqları gözə məxsus olduğu kimi, istirahət də əməyə məxsusdur. Dedi ki, putyovkanı istəyənə bu sözləri de. Katibin tapşırığını yerinə yetirdim. O, daha putyovka istəmədi.

20 Yanvar hadisələrində çoxları kimi, mən də partiya biletimi cırıb atdım.

Raykomun konfransında Təftiş Komissiyasının sədri kimi “çıxışımda bu hadisənin partiyanın etimadını itirdiyi üçün kommunistlərin partiya biletindən imtina etdiyini dedim”. Konfransda iştirak edən Mərkəzi Komitə katibi Telman Orucov mənə irad tutdu ki, Təftişin sədri “Partiya öz sıralarında təmizləmə işi apardı deməli idi” dedi. Zaman göstərdi ki, mən düz demişəm. Təftişin sədri kimi daha bir hadisə yadımdan çıxmır. 1987-ci il idi. Mərkəzi Komitənin büro iclasına çağırılmışdım. Respublikanın bütün rəhbər işçiləri iclasda iştirak edirdi. İclas indiki Şəhriyar adına sarayın iclas zalında keçirilirdi. Mənə də çıxış vermişdilər. Bir gün əvvəl Mərkəzi Komitədə rayonun kuratoru Zenfira xanım çıxışıma baxıb razılaşmışdı. İclası MK-nin birinci katibi Kamran Bağırov aparırdı. Sözü birinci MK-nin ikinci katibi Konavalova verdi. O, məruzəsində İsmayıllı Partiya təşkilatının ünvanına çox kəskin tənqidi fikirlər söylədi. O vaxt rayon Partiya Komitəsinin birinci katibi işləyən İmran Mehdiyevlə yanaşı oturmuşdum. O, Konavalovun rayon haqqında dediklərinə görə məndən soruşdu ki, bizdə vəziyyət niyə belədi? Cavab verdim ki, o, səhv danışır. Soruşdu ki, ikinci katib səhv danışar? Dedim ki, ünvanımıza deyilənlər səhvdir, bizdə belə hal yoxdur. İmran müəllim: sənin çıxışın var, deyərsən Konavalov səhv danışır. Dedim: – oldu.

İclasın gedişində məndən əvvəl Kamran Bağırov sözü  İmişlinin birinci katibi Qüdrət İsmayılzadəyə verdi və mənə hazırlaşmağı tapşırdı. Həyəcanlı idim. Belə mötəbər iclasda çıxış etməmişdim. İ.Mehdiyev:  Şirəliyev, həyəcanlısan, – səhv barədə heç nə demə, – dedi. Növbə mənə çatdı. Mən tribunaya gedə-gedə fikirləşirdim ki, deməsəm rayonda katib dərsimi verəcək. Qərara aldım ki, deyim. Çıxışımdan bir az oxuyub üzümü büro üzvlərinə çevirdim və Konavalov yoldaşın çıxışında İsmayıllı partiya təşkilatının ünvanına dediyi sərt tənqidin düzgün olmadığını, məruzənin obyektiv hazırlanmadığını dedim. Büro üzvləri çevrilib, adət etmədikləri sözü deyən adama – mənə baxırdı. Zalı uğultu bürümüşdü. Zalın çıxışıma reaksiyasından az qala özümü itirəcəkdim. Özümü toparlayıb çıxışımı tamamladım. Tribunadan düşəndə harada oturduğumu belə yaddan çıxarmışdım. İmran Mehdiyev ayağa qalxıb: Şirəliyev, bura gəl – dedi və mən onu görüb yanına getdim. İlk sözü “gərək deməyəydin” oldu. Məndən arxada oturan Q.İsmayılzadə mənə: başın çaşıb – dedi. İclasın gedişində katib K.Bağırovun onunla tələbə yoldaşı olmasını, qorxmamağımı tapşırdı. Bir həftə mənə nəsə edəcəklərindən qorxdum. Ancaq hər şey sakit ötüşdü.

İllər keçdi, dağılan Sovet quruluşundan xalqımızın başına bəlalar gəldi, bizə 37-ci il, İkinci Dünya müharibəsi, 20 Yanvar faciəsi, Qarabağ boyda dərd, Xocalı soyqırımı miras qaldı. İmperiya tarixə qovuşdu. Keşməkeşli günlər yaşadıq. Şükürlər olsun ki, millət üçün ən qiymətli nemət olan müstəqilliyin sevincini daddıq və Ulu öndərin böyük zəhməti sayəsində onu qoruyub saxlaya, inkişaf etdirə bildik.

1993-cü ildə rayon İcra Hakimiyyətinə – Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundum. 2012-ci ildə həmin şöbənin adı dəyişdirilərək sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi oldu. 20 ilə yaxın –  2013-cü ilin avqustuna kimi bu vəzifədə çalışdım.

1993-cü ilin aprelindən YAP-ın üzvüyəm. 2007-ci ildə hörmətli prezidentimiz cənab İlham Əliyevin  sərəncamı ilə “Dövlət  qulluğunda  fərqlənməyə görə” medalı ilə təltif olundum. Bu medalla rayonda təltif olunan ilk dövlət qulluqçusuyam. 20 il rayon İcra Hakimiyyətinə daxil olan Prezidentin fərmanından tutmuş, sıravi vətəndaşın müraciətinə qədər bütün sənədləri birinci oxudum, icrasının nəticəsini gördüm. Hamısını yaddaşımda saxladım, işimdə tətbiq etdim. İş yoldaşlarıma işini qurmaqda bacardığım köməyi etdim, təvəzökarlıqdan uzaq olsa da, danlaq görmədim.

Həmişə dövlətə, dövlətçiliyə sadiq oldum. Bu gün də o əqidədəyəm. Rəhbərlər həmişə iş yoldaşlarıma məndən öyrənməyi məsləhət bildilər. 1993-cü ildən beş İcra başçısı ilə işlədim. 20 ildə 9 il işdə olmaq şərti ilə məzuniyyətdə oldum. Kimlərinsə şəxsi ambisyalarına görə işdən uzaqlaşdırıldımə Pensiyaya getdim. Hazırda rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvüyəm.  Hazırda hamılıqla pandemiya ilə mübarizə aparırıq. İnşallah, qalib gələrik.

Dörd övladım, on nəvəm var. İki nəvəmdən biri fizika, digəri ingilis dili müəllimi işləyir. Nəvəm Nəsib Pedaqoji Universitetdə oxuyur. Qənaətimcə, xoşbəxtdirlər. Allah hamının övladını xoşbəxt etsin.

İçimdə yaşatdığım bir təəssüf hissini bu gün açıram. Dünyasını dəyişən adamlar olanda fikirləşirdim ki, bu rəhmətlik Qarabağ hadisələrinin nə ilə nəticələnəcəyini görmədən getdi.

Çox şükürlər ki, mən və sağ qalmış yaşıdlarım bu nisgildən şanlı ordumuz, şəhidlərimiz və Ali Baş Komandanımız sayəsində qurtulduq. Çox şükür! İndi yumruq kimi birləşən xalqımızla, bir ağızdan, xorla Səməd Vurğunun “Azərbaycan” şeirini ürəkdən, ucadan, sevinc içində oxuya bilərik. Allah xalqımızı erməni məkrindən qorusun! Amin!

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən.

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan!

70 yaşımda gəldiyim qənaət: Allahın əmanəti olan can sağlığını çalışıb qorumalı, yaxşı təhsil almalı, işində məsuliyyətli olmalı, bir stulda oturmalısan, bir sifətin olmalıdır. Çoxüzlü, mindilli olmamalısan, vicdanlı, düz və ədalətli olmalısan. Bilməlisən ki, bir düz min əyrini kəsir. Çalışıb qanunun yol verdiyi bütün hallarda insanlara kömək etməlisən. Məhəmməd Hadinin:

Elmin, hünərin, mərifətin varsa, buyur, gəl,

Yoxsa, bu həyat aləminə olma bir əngəl.

misraları hamının yaddaşında olmalıdır. Həyatda çox insanlarla oturub-durub, yoldaşlıq etmişəm. Allah hamımızı “dost” dediyimizdən qorusun. Düşmənlə hər kəs bacarır. Yoldaşlıq etdiyim insanlardan mənim üçün ən ucada dayananı Səyyad Aran oldu. Ona pərəstiş və qibtə edirəm.

Hamıya 70 yaşa çatmağı və daha çox yaşamağı, sağlam və xoşbəxt ömür sürməyi arzulayıram.

Adil Şirəliyev   

Şərh Yaz