Rafiq Akif                                          

ANCAQ XATİRƏLƏRDƏ

 

Sən də məndən uzaqsan,

Başqa planet qədər.

Hardasa hələ sağsan,

Sağlığın belə yetər.

 

Bəlkə mənə yaxınsan,

Uzatsam əlim çatar.

Daha səndən küsmüşəm,

Ötüb keçib o qatar.

 

Vüsal hara, sən hara,

Ümidim param-para,

Ünüm qədər uzaqsan,

Yaxın oldun yadlara.

 

Boş qalıb qəlbdə yerin,

Peşindəsən de nəyin?.

Əynimə sıx geydirdin,

Ayrılığın köynəyin.

 

Bir də qayıtma geri,

Sevgi-həsrət ötəcək.

Sənli xatirələri

Payız üstün  örtəcək.

 

Mənim üçün dağ, zirvə,

İndi özgə əlində,

Ancaq məni qoymusan

Yalqızlığın selində.

 

Yaxını uzaq elə,

Qayıtma geri bir də.

Sevəcəm ölənədək

Ancaq xatirələrdə.

 

AZƏRBAYCAN

 

Qaldır göyə bayrağını,

Qoy tanısın dünya səni.

Götür silah-yarağını,

Qov üstündən duman, çəni.

 

Çox millətli bir ölkəsən,

Talerantsan hər bir dinə.

Nadanlığa gər sinə sən,

Al bayrağın qoyma enə.

 

Həcər, Tomris mərd qızları,

Mübariztək qəhrəmanlar,

Müslüm kimi ulduzları,

Yetirmisən hər zamanlar.

 

Xəzərin bağrını yarıb,

Ram eləyib vurdun məşəl.

Odlar yurdum səndən qalıb,

Zərdüştlükdən tarix əzəl.

 

Şərqin qapısıdır adın,

Füsunkardır bağça-bağın

Dünya gəzdim  səndə tapdım,

Hikmətini, ucalığını!

 

Vurğun, Müşfiq səndə tapdı,

Şeriyyətdə ölməzliyi.

Nəsiminin sözü hopdu,

Ənəl həqqi – dönməzliyi.

 

Dədəm Qorqud, Oğuz elim,

Qurban olsun sənə bu can.

Çağır hərbə mərdtək ölüm,

Haqq yolunda Azərbaycan.

 

Öyün, yurdum daim yaşa,

Babəkinlə, Məshətinlə.

Vəcdə gəlib, şer qoşar,

Rafiq sönməz qüdrətinlə.

 

YARIMIN QƏBRİ ÜSTDƏ

 

21 dekabr 2015-ci ildə qəfil  həyatdan köçən ömür-gün yoldaşıma.

 

Küləklər, aman verin,

İsidim yatan yerin.

Ürəyim ondan şirin,

Tapa bilməz heç kəsdə.

 

Ömür keçməmiş hələ,

Bilmədim ölüm gələr.

Qoy tutum onu dilə,

Etməsin məni xəstə.

 

Toy, bayramı neylərəm,

Qara libas geyinərəm.

Sizim-sızım göynərəm,

Yarımın qəbri üstdə.

 

Dur yığış elçi gedək,

Balamın toyun edək.

Sən demə ömür gödək,

Sən gorda, mən qəfəsdə.

 

Sən var ikən sağ idim,

Odunda isinirdim.

Ötməmiş köhnə dərdim,

Dərdlər gəldi üst-üstdə.

 

Rafiq, ömrün ah, haraydı,

Cavan ikən düşdün dərdə.

Allah, qələmin qırılaydı,

Taleyimi yazan yerdə.

                         21.12.2015

 

CİSMİM VƏ RUHUM

 

Bəlkə də bu ömrə özüm yamağam,
Səmada sönübdür mən adlı ulduz.
Hərə taleyini yerlərdə gəzir,
Bəxtimi gəzirəm göylərdə yalqız.

 

Ovuşmur ruhuma yad sayan sevgim,
Qovuşmur təkliyə bir çarə tapsın.
Barışmaz yollara tale neyləsin,
Açmaq istəmirsə ümüd qapısın?

 

Külə dönmüş eşqdən düşüblər qaçaq,
Hərəsi sərt yolda batıb azacaq.
Özlərinə tale yazammadı ki,
Mənim taleyimi necə yazacaq?.

 

Bilmirəm haracan ayrı düşəcək,
Yolları bitəcək ruhun, cismin də.
Bir asi rüzgarda solub itəcək,
Xəzana dönəcək yel əsimində.

 

Bu necə ömürdür, bu necə tale,
Güllü baharımı döndərib qışa,
Çəkirəm yükünü bir təhər hələ
Bir gün yazılacaq taleyim daşa.
DARIXIRAM SƏNİN ÜÇÜN

 

Taleyə bax əvvəl yaddıq,

Hərə bir ocaqdan qopduq,

Eşq yolunda yuva tapdıq.

Söndü ocaq belə gün-gün,

Darıxıram sənin üçün.

 

Nə tez susdu bu məhəbbət?!

Hicranı ölümdən dəhşət.

Nəfəsim ətrinə həsrət,

Yollarımız düşdü düyün,

Darıxıram sənin üçün.

 

Mən qürurlu, sən inadkar,

Ümidimiz vermədi bar.

Təkcə sənə qəlbdə yer var.

O kəs deyiləm gördüyün,

Darıxıram sənin üçün.

 

Gəl payızı əynindən at,

Bəzən yazla, nazla yaşat.

Gəl Rafiqə gözəl ovqat,

Dirilt eşqi sən öldürdüyün,

Darıxıram sənin üçün.

 

DUL QADIN

Biz ki cavan deyilik,
nə gözləyirik?
Deyə bilmədiyimi sənə,
deyirəm baxışımla aydın.
Taledən nə gözləyirik,
ağladıq, gah sevindik.
Sən ay rastıma gələn
dul qadın.
Ümüdümüz cücərməz
xatirələr gümanında.
Nəyi axtarırıq görən
boş evin lal divarlarında.
(gecələr buz divarlar
üstümüzə yeriyir.)
Bir vaxt arzuladığımız
oğul payı, qız payı,
çatıblar arzusuna.
Bəs indi niyə bələnmişik
tənhalığın yasına?
Onsuz da düşəcəyik
nə olsa belə,
dildən dilə.
Gəl verək əl-ələ,
quraq yeni ailə,
ömür keçməmiş hələ.
Qorxma tənəsindən
dostun, düşmənin, yadın.
Sən ay qismətimə rast gələn
dul qadın.
Yoxmu hüququmuz
xoşbəxt olmağa…
Düzdür o əvvəlki hiss,
əvvəlki həvəs,
yaşanmış odlu sevgi,
o odlu nəfəs,
olmasa belə,
yaşayaq həyatı biz ümüd ilə.
Bir qismətin,
eyni yolun yolçusu,
eyni dərdə şərik biz.
Onun üçün təəssüflə
doğmadır adın.
Sən ay qismətimə,
rastıma gələn
dul qadın.
Yaşamaq ömrü üzüntülü,
yüz yol yaşat, çevir xatirəni.
Boş xəyaldan nə çıxacaq,
közü yoxsa ocaq külü,
xəyal kimi yox olacaq.
Gözlərindən acı sellər,
bətninə axıb dolacaq.
Vücudunda bir titrəyiş,
yalvarış var.
Gündüzlər üzündə yalan təbəssüm,
gecələr xısın-xısın yastığına qısılıb,
taleyini qara əskiyə büküb,
öz-özünə qapılıb,
xısın-xısın ağlar.
Hər görüşdə onunla vücudum əsir,
O da elə bil dilini udub.
Heç özü də bilmir hara tələsir?
Daha sevməyi də artıq unudub.
Hisslərə qapılıb güc vermə aha,
bu qismət, üz-üzə gətirib bizi.
Nə qədər istəsək alınmaz daha,
aldada bilmərik öz-özümüzü.
Dayan, hissimi, eşqimi mən sənə açım,
qırılmış qanadım ol göylərə uçum.
Yenidən, odlara sevdaya saldın,
sən ey qismətimə, rastıma çıxan
dul qadın…

 

BİLİRSƏNMİ

 

Bilirsənmi, necə sənsiz çətindir,

Yuxuda hər gecə adını çəkmək…

Əksini axtarmaq hər keçən kəsdə,

Ömrünü göy yaşlı əskiyə bükmək…

 

Bir vaxt məlhəm idi eşqin hər dərdə,

İndi yel oynayır sümüklərimdə.

Unudub ünvanı yan keçir hamı,

Yada salmır üzü dönüklərimdə.

 

Bilirsənmi, hicranın sağalmır yeri,

Adında olanda doğmalıq varmaq…

Sönmüş xatirələri qaytarıb geri,

İstərdim vüsalla xoşbəxt yaşamaq.

 

Tək onu sevdim, var canımda ruhu,

Söndürə bilməz heç kim bu  atəşi.

Mənimçün ilahi məhəbbət şahı

O imiş ömrümün ayı, günəşi.

 

Bilirsənmi, necə həyat çətindir,

Doğman ola-ola qalasan yetim.

Loğman, gücün çatmaz, dərdlərim mindir,

Nə edim beləcə yazılmış bəxtim.

 

İNSAN OLMAQ İSTƏMİRƏM BİR DAHA

Deyilənə görə qarışqa öz çəkisindən 50-55 dəfə ağır yük daşıyır.

Yaxşı ki, qarışqa doğulmamışam,
Qarışqa gücündə çəkə bilmərəm.
Sevindim nə yaxşı insan olmuşam,
Çəkdiyim zillətə həyat demərəm.

Artıq düşünürəm ona nə var ki,
Mənim çəkdiyimi o çəkə bilməz.
Bütün ömür boyu yığılmış dərdi,
O qədər ağırdır, çəkiyə gəlməz.

O çəkir yemini özündən ağır,
Mən çəkən dərdlərim özümdən ağır,
O çəkən qidasın evinə yığır,
Mənim çəkdiklərim evimi yıxır.

Ölüm gedim bir də gələsi olsam,
İnsan olmaq istəmirəm bir daha.
Quş olum, daş olum. İnsanlığınsa,
Cəfası ağırdır, ömründən baha.

FƏRQ ETMƏZ

 

Mənə fərq etməz,
sən olan dünya.
Ya işıqlı olsun,
ya da qaranlıq.
Səni ölənədək sevəcəyəm.
Sənsiz nə fərqi,
ömür ya uzun olsun,
ya da bir anlıq.

İKİ FƏSLİN ASTANASINDA

 

2015-ci ilin dekabrın 21 qəfil vəfat edən həyat yoldaşıma…

 

Dost idi, ya düşmən gözüm seçmədi,

Hicran elə gəldi ağ kəfən donda.

Payız yola saldı, qışa keçmədim,

Qaldım iki fəslin astanasında.

 

Geyinib ağ yorğan yatırdı səhər,

Gedirdi od vurub-yar yol üstəydi.

Qanadsız yaşamaq indi nə təhər?

Verərdim canımı o istəsəydi.

 

Gedir qara karvan son mənzilinə,

Salıb ayaq alta gözlərdə seli.

Alıb qılıncını şaxta əlinə,

Doğrayır zalım da lap iki əlli.

 

Al apar məni də haraya getsən?

Torpaq isitməsə sevgin isidər.

Yaşaya bilmərəm səndən sonra mən,

Heç yaşamamışam bil sənə qədər.

 

Bir gün səadətə aparan güzgü,

İndi uzaqlara alıb aparır.

Dadı dodağımda alışan sevgin,

Əfsus sənsizlikdə üsyan qoparır.

 

Dost idi, ya düşmən gözüm seçmədi,

Hicran elə gəldi ağ kəfən donda.

Payız yola saldı, qışa keçmədim.

Qaldım iki fəslin astanasında.

 

ÇƏKƏNDƏ HARAY

 

Ruhum titrəyirdi adi adın gələndə,

İndi kömək etmir saxta eşqin də.

Gör necə gözümdə alçalmısan ki,

Tüküm də titrəmir səni görəndə.

 

Bu aşiq Məcnuna yar olmadın ki,

Kiminsə eşqinə sadiq qalasan?!

Neçə ürəkləri viran qoydun ki,

Bir gün tənhalığa düçar olarsan.

 

Heyif itirdiyim sənlə günlərə,

Yadıma düşəndə içim göynəyir.

Mənimtək neçəsin salsan qoynuna,

Xəcalət, xəstəlik, ölüm gözləyir.

 

Gözəllik başına bəla olacaq,

Kişilər arıtək balın soracaq,

Həyatda heç bir şey  sonsuz deyil ki,

Bir gün ləçəyinə milçək qonacaq.

 

Bir ocaq isidib olardın ana,

İsmətli qadına olardın sən tay.

Yadına düşəcək bir gün öyüdüm,

Təəssüf ki, gec qanıb çəkəndə haray.

 

MƏN HƏMİN ADAMAM…

 

Mən həmin adamam necə görmüşdün,
O boy-buxun, o can, o xasiyyət.
Mən həmin adamam, ancaq yox olub,
Üzümdən gülüşlər, əvvəlki söhbət.

Mən həmin adamam sevgimə sadiq,
İllərim ötsə də hüsnünə aşiq.
Təəssüf bilmədin özünə layiq,
Yanında duranda çəkdin xəcalət.

Sən dəyişilirsən gündə yüz yönə,
Həmin köhnə hikkə, sönmürsən yenə?
Hər gün bir sevda düşür könlünə,
Nə bir vəfan oldu, nə də məhəbbət.

 

NİYƏ KÜSDÜN?

 

Nakam köçən həyat yoldaşıma ithaf

 

Böyük arzularla, geniş qəlbinlə,

Bu geniş dünyaya sığmayan gülüm,

O kiçik məzara bəs necə sığdın?!

Qurduğun ocağı intizam ilə,

Uçulmaz bəndləri uçurdu ölüm,

Qranit qayalar üstümə yıxdın.

 

Bəs necə sağalsın vurduğun yara?

Sənsiz boş divarlar gəlir üstümə.

Xatirən aparır köç, uzaqlara,

Yalqızlıq qızınır acı tüstümə.

 

Növbə mənim idi, əlimdən aldın,

Bütün qayğılarla qoydun baş-başa.

Cüt balamın gözlərinə yaş saldın,

İndi hünərin var bu dərdlə yaşa.

 

Gəlin gətirdiyim, bu əllərimlə,

İndi tapşırıram qara torpağa.

Əzizim, sirdaşım qoy ölüm sənlə,

Gücüm çatmaz sənsiz tək yaşamağa.

 

Necə bəzənmişdin gəlin gələndə,

Eləcə bəzədim məzarın üstün.

Bütün çarələrə təsəlli səndə,

Atıb getdin məni, de niyə küsdün?!

                                     21.12.2016

 

QARIŞIQ DÜŞÜB

 

Getdiyim bu yollar, ömür irəli,

Tərsinə qoşulmuş saat kimidir.

Arzuya yetməyən vüsalın əli,

Bəlkə də kiminsə lap əlindədir.

 

Bəlkə də, bəxtim də, gedib onunla,

Bəlkə də ölmüşəm, xəbərim yoxdur.

Ölüm də bezibdir ömrümdən daha,

Evdən məzaradək marşın oxudur.

 

Quruyur qol-budaq, döşənir yana,

Don vurmuş təhəngin meynəsi kimi.

Rolumu oynadıb çatdırar sona,

Dram teatrının səhnəsi kimi.

 

Nə güvənc yerim var, nə də o həvəs,

Yollarım koranə dolaşıq düşüb.

Beləcə, Allahın, mən bildiyi kəs,

Gəlməli deyilmiş, qarışıq düşüb.

Şərh Yaz