ZƏFƏR MÜGDƏLİ CARÇI

Çağdaş Azərbaycan ədəbiyyatının kifayət qədər tanınmış simalarından Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, bir çox Azərbaycan və Özbəkistan media mükafatları laureatı, şair Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən (27.09 – 10.10.2020) müharibəsinə həsr olunmuş zəfər müjdəli şeirləri ilə üz-üzəyik. Şeirlərin əksəriyyəti döyüş əməliyyatları aparılan zaman, bəziləri isə hələ savaş başlamazdan əvvəl – hazırlıq təlimləri keçirilən zaman ərsəyə gəlib.

Qabaqcıl təhsil işçisi Rəna Mirzəliyeva bir vaxtlar şairi cəmiyyətə belə təqdim edib: “Azərbaycan ədəbi mühitində qədərincə tanınan və sevilən, hər misrasında özünü sözə çevirən, sözə bağlılığı tale kitabına çevrilən, həm də bu bağlılığı peşəkarlıq səviyyəsində təqdim edən, çağdaş poeziya meydanında özünəməxsus səsi, sözü olan Şahməmməd Nurulla oğlu Soltanov –­­  Şahməmməd Dağlaroğludur”. Məncə, artıq sözə ehtiyac qalmayıb, şair haqqında yığcam da olsa, məntiqli fikir səsləndirilib.

Yaradıcı insanlar üçün müharibə hər zaman aktual mövzu olaraq qalmaqdadır. Heykəltaraşlar, rəssamlar, bəstəkarlar kimi şair və yazıçılar da müharibənin dəhşətlərini yaratmağı, təsvir etməyi və bədii sözün gücü ilə göz önündə xəyalən canlandırmağı məharətlə bacarırlar. Nə qədər ağrılı-acılı olsa da müharibə təkcə dəhşətləri ilə deyil, həm də milyonlara sevinc bəxş edən zəfər, qələbə müjdələri ilə də səciyyəvidir.

Döyüş epizodlarından Azərbaycan ədəbiyyatında daha çox yer alanı Böyük Vətən (1941-1945) müharibəsidir. Çünki milyonlarla döyüşçünün içində ən cəsurları, ən rəşadətli əməl sahibləri, igidləri, qəhrəmanları öz şücaətləri ilə böyük Sovet xalqına tanıdılmışdır. Onlar haqqında təfsilatı ilə məlumat yayılmışdır. Odur ki, pulemyot yerləşdirilmiş betonlaşdırılmış uzunmüddətli müdafiə nöqtəsinin açıq pəncərəsini öz sinəsi ilə bağlayaraq döyüşçü yoldaşlarının hücuma keçməsinə şərait yaradan gəncəli Qafur Məmmədovu, öz həyatı bahasına idarə etdiyi təyyarəni çırpmaqla alman bombaatan təyyarəsini məhv edən, Leninqrad səmasına gəlib arxitektur şəhərə, dinc sakinlərin başlarına bomba yağdırılmasının qarşısını alan Hüseynbala Əliyev və onlarla belə igidliklər törətmiş həmyerlilərimizi Sovetlər ölkəsinin hər yerində tanıyır, onların şəninə əsərlər yazılır, mahnılar bəstələnirdi.

İstər I Qarabağ (1988-1994) savaşı, istər dörd günlük Aprel (02-05.04.2016), istər İyul (12-15.07.2020) döyüşü, istərsə də 44 günlük Vətən müharibəsi döyüşlərində iştirak edən, şücaətlər göstərən igid oğullar haqqında illərdir ki, nəsr əsərləri, şeirlər, poemalar yazılıb, yazılır və yazılmaqdadır. Lakin ədəbi hadisəyə çevriləcək bir əsər hələ də ortalıqda yoxdur. Təkcə Azərbaycanın Milli Qəhrəmanı gizir Mübariz İbrahimovun təkbaşına həyata keçirdiyi rəşadətli döyüşü həm Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanı, həm də Rusiya prezidenti Vladimir Putini heyrətləndirmişdir. Hər iki siyasi lider heyrətləndiklərini gizlətməmiş, açıq efirdə etiraf edərək belə bir igidliyə heyran qaldıqlarını dilə gətirmişlər.

Aprel döyüşlərində Lələtəpə yüksəkliyində betonlaşdırılmış yerdən hücuma keçən döyüşçülərimizin qırılmasına dözməyərək idarə etdiyi Vertolyotu həmin yerə çırparaq vətən yolunda canını fəda etmiş mayor Urfan Vəliyev, İyul döyüşlərində birləşmə qərargah rəisi general-mayor Polad Həşimov, birləşmə Artilleriya rəisi polkovnik İlqar Mirzəyev və başqaları yüksək siyasi rəhbərlik tərəfindən ölkənin ən ali mükafatına – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Lakin onların döyüş yolları haqqında möhtəşəm əsərlər yaratmaq üçün şair və yazıçılarımız kifayət qədər məlumatlıdırlarmı?

Yaxud, Vətən müharibəsi dövründəki igidliklər azmıdır? Bunlar haqqında ədəbi hadisə hesab oluna biləcək əsərlərin ortaya çıxmaması təkcə şair və yazıçılarımızın qəbahətidirmi? Xeyr! Əsas nöqsan onların döyüş yollarının öyrənilməməsi, xalqdan, xüsusən də yaradıcı zümrədən gizlin saxlanmasıdır. Məlumat kasadlığı ucbatından şair və yazıçılar maksimum mümkün olanını edə bilirlər.

Bütün bunları qeyd etməkdə, ələlxüsus da Şahməmməd Dağlaroğlunun kitabına toplanmış zəfər müjdəli şeirlərinə ön söz, açıqlama əvəzi giriş yazısında qabartmaqda yalnız bir məqsədim var; bu da igidin silahı ilə ustad şairin qələminin vəhdəti millətin böyüklüyüdür, gələcək nailiyyətlərdir, zəfərdir, qələbədir. Bu, bizdən əvvəl də olub, indi və gələcəkdə də olmalıdır.

Bəli, Şahməmməd Dağlaroğlu ustad şairlərdəndir, onun əhatə dairəsi genişdir, poeziyasından təsirlənib güc alan, ilham alan, şeirlərinə nəzirələr yazan şairlər onlarladır.

Bir vaxtlar şairin yaradıcılığını dəyərləndirən Rəna Mirzəliyeva yazırdı: “Onun (Şahməmməd Dağlaroğlunun – Ə.A) şeirlərinin göz yaşlarında zamanın dərdi, kədəri yuva salıb. Azərbaycan üçün ən böyük dərd isə Qarabağdır, düşmən tapdağı altında qalan yurd həsrətidir, ürəyinə çalın-çarpaz dərd çəkilən şəhid anasıdır, qaçqın və köçkün soydaşlarımızın gözlərindən heç vaxt silinməyən, sözlə ifadə edilə bilməyən nisgildir”

Şahməmməd Dağlaroğlunun qruplaşdırılmış zəfər müjdəli şeirlərindən də görünür ki, şair vətən və onun döyüşçüləri naminə üzdə olan məlumatlardan maksimum bəhrələnərək yaradıcı potensialından tam istifadə etmiş, gözəl poeziya nümunələri yaratmışdır.

Şahməmməd Dağlaroğlunun “Döyüşən sətirlər” kitabı “Zəfər nəğməsini yazacağam mən” adlı bir şeirlə başlayır. Şeirin sonunda tarixçəsi göstərilib – 30 sentyabr 2020-ci il, yəni, iyirmi yeddi il erməni işğalında qalıb, daima bizi səsləyən ərazilərimizin azadlığı uğrunda döyüş əməliyyatlarının başlandığı dördüncü gün… Şairlərin sözü, bəzən ordunu döyüşə aparan bir sərkərdənin hayqırtısından da ötkəm olur. “Az qalıb xoş xəbər yayılacaqdır”, “Mübarizlər ölmür, bilin, ay ellər”, “Dözüb bərkiyəcəm, Polad olacam”, “Qalxıb göy üzünə QƏLƏBƏ sözün, Susmaz qələmimlə cızacağam mən” kimi ölməz misraları ilə Şahməmməd Dağlaroğlu həm ölkədə dirçələn hərbi-siyasi qüdrəti tərənnüm etmiş, həm də millətin qələbəyə inamını göstərmişdir. Həmin günlərdə xalqın, xüsusən də elin vuran əli olan gənclərin bir dəmir yumruqda birləşərək Vətənin işğalda olan torpaqlarını azad etmək üçün ayağa qalxıb silaha sarılması, ölkə başçısının bir günün içində Ali Baş Komandan olaraq döyüşlər görmüş yüz ilin təcrübəli zabiti kimi sərkərdəyə çevrilməsi şairi ilhamlandırmış, belə bir şeiri – bütün əzalarından süzülüb gələn Vətən hayqırtısı ilə yazmağa sövq etmişdir. Şair “Zəfər nəğməsini yazacağam mən” desə də elə bu şeiri ilə gözəl bir qələbə müjdəli zəfər nəğməsi yazmışdır.

“Azərbaycan əsgəri” şeirində “O qədər qürurluyam, başım çatır göylərə” deyimi hər gün efirdən səsləndirilən qələbə xəbərlərindən qürurlanan insanın ürək döyüntülərini ifadə etmiş olur.

“Mənə də silah verin” şeirində yenə də qələbə xəbərlərindən ruhlanan insanın arxa cəbhədə özünə yer tapa bilməməsi, hər kəsin yalnız ön cəbhəyə getməyə gəhd göstərməsi, hamının elliklə Vətən torpaqlarının işğaldan azad olunmasında iştiraka can atmaları tərənnüm edilir.

“El – canım, arxam, dayağım” şeirində xalq ilə ordunun birliyi, vəhdəti göstərilir.

 

Əsgərəm – el canım, arxam, dayağım,

İçimdə atəş var, sönən deyildir!

Şuşada yenidən qalxan bayrağım,

Bir daha yas tutan, enən deyildir!

 

Şairin ifadəsində “hər şəhid bir qələbə xəbəridir”, xalqın iradəsi ifadə olunur, şəhid tabutunun önündə qurban kəsən atalar, ərinin tabutunu çiynində son mənzilə aparan gəlinlər, oğlunu döyüşə göndərərkən vətənə qurban deyib telinə xına yaxan analar, qardaşını döyüşə yola salarkən “şəhid olsan, gözün arxada qalmasın, gəlib qisasını alacam” deyən bacılar, “tək getmə, mən də səninlə gedirəm” söyləyən qardaşlar; bir sözlə böyük bir millətin haqq səsi səslənir. Bu, onun “Qələbə müjdəli şəhidlər” şeirində yerini tapır:

 

Bu gün el olubdur yumruq – bir nəfər,

Odur bizimlədir Qələbə, Zəfər!

Ruhunuz Murovun qarından pakdır,

Kim deyir can verib, ölüb, həlakdır,

Durur ön sırada Polad, Mübariz,

Qələbə müjdəli şəhidlərimiz!        

 

İlahi! Mən hələ belə bənzətmə görməmişdim!

 

Vətən iki gözümdür, o yoxdursa, koram mən,

Vətən sönməz ocaqdır, bu ocaqda qoram mən.

Əsgərimin canında cürət, qüvvə, zoram mən,

Söylədiyim kəlmə, söz, dönəcəkdir dastana,

İnam, qüdrət bəxş edib zaman Azərbaycana!

Alqış, yeni bir cahan quran Azərbaycana!

 

Şahməmməd Dağlaroğlu hadisələrə hamının gözü ilə baxmağı bacardığı kimi, milyonların qəlbinin harayını, ürəyinin pıçıltısını, gözlərindən süzülən büllur kimi təmiz, baldan şirin sevinc göz yaşlarını da ifadə etməyi bacarır.

Onun şeirlərində, ələlxüsus da “Qarabağ” adı ilə başlı olanlarda bir narahatlıq, nigaranlıq hiss olunur. Bu, nə qədər qətiyyətli, hünərvər olsaq da ürəyimizin yuxalığındandır. Həmişə çörəyimizi yeyib, ayağımızın altında gecələyənlər, imkan düşdükcə bizi satıblar, fürsət əldə etdikcə himayədarlarından aldıqları xəncər-bıçağı “uf” demədən kürəyimizə saplayıblar. Bütün bunlara baxmayaraq biz erməniləri yenə də hələ iki yüz ili tamam olmamış gəlib məskunlaşdırıldıqları doğma torpaqlarımızdan tamamilə qovub çıxarmadıq, payızın bu sərt və xoş günlərində yenə də isti bucağımızda qalıb yaşamaqlarına razılaşdıq.

 

Bu gün xəbər yayıldı, azad olunub Şuşa,

Hakim ola bilmədik gözdə sevincə, yaşa.

Bu uğur çağırışdır öndə duran savaşa,

Tapır öz təsdiqini müqəddəs arzu, amal,

Mənim müzəffər ordum, döyüşə gir, zəfər çal!

 

Şairin yaradıcılığında daha bir məqam diqqəti çəkdi. “Bu ada bağlıdır Qələbə günü” şeirində Şahməmməd Dağlaroğlu “bu ad” ifadəsini gözəl tərzdə, incə bir zövqlə hər bənddə işlədir və ardıcıllıqla hallandırır. Bu bənzətmə özü şeirdə bir gözəllik, poetik uğur rəmzi kimi görünür.

Kitaba daxil olunmuş bütün şeirlər müzəffər Azərbaycan ordusunun hünərinin tərənnümüdür. Bir vaxtlar Azərbaycan Xalq şairi Səməd Vurğun: “Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən” misralarını yazmasaydı, məncə Şahməmməd Dağlaroğlu bunu hansısa formada işlədərdi. Onun qələbə ruhlu şeirləri ilə tanışlıqdan sonra belə bir qənaətə gəlmək mümkündür.

Şahməmməd Dağlaroğlu yaradıcılığını ilmə-ilmə incələyən Rəna Mirzəliyeva qeyd edir ki, …Ondan: “Özünü uşaqlıqda gələcək şair kimi təsəvvür edirdinmi? –­­ soruşanda cavabında təvazökarlıqla deyir: “Əbədiyə qəh-qəh çəkən əbədi dünyanın (M.Araz) şairi olmaq asandırmı?! Əvvəla, deyim ki, mən şeirlərimi şair olmaqdan ötrü deyil, Tanrının bəxşişinə laqeydlik göstərməmək xatirinə yazmışam. Sonra görəndə ki, bu məndə alınır, qeybdən gələn pıçıltıları Tanrının mənə bəxş etdiyi zəka, duyum çərçivəsində ipə-sapa düzməklə məşğul oldum. Harada qurtaracağını bilmədən getdiyim yolla gəlib bura –  şeir, sənət, söz dünyasına çıxdım. Tanrının mənə olan sevgisindən, səxavətindən üz döndərsəydim, yəqin, nə qədər çalışsam da, bugünkü Şahməmməd olmayacaqdım”.

Ustad şair Şahməmməd Dağlaroğlunun qələbə ruhlu “Döyüşən sətirlər” kitabına daxil edilmiş şeirlər olduqca geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Oxumağa, incələməyə və bəhrələnməyə kifayət qədər geniş mövzular üçün ölməz misralar mövcuddur. Ümidvarıq ki, ədəbi tənqidin diqqətindən kənarda qalmayacaq.

Əli BƏY AZƏRİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

Şərh Yaz