İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ismayıllılara təbriki           

Əziz İsmayıllılar!
2020-ci il başa çatır. Bu il bizim üçün həm çətin, həm də əlamətdar il kimi yadda qaldı. İlin əvvəlindən dünyanı ağuşuna alan pandemiya və daha sonra mənfur qonşularımızın torpaqlarımıza yeni təcavüzü başlayanda Prezidentimizin “Biz Birlikdə Güclüyük” çağırışına bütün ölkə qoşularaq hamı bir yumruq kimi birləşdi. İlk əvvəl ölkəmizdə virusun yayılmasının qarşısının alınması üçün elan olunmuş karantin dövründə insanların ehtiyaclarının ödənilməsi, həm də düşmənin təxribatçı hücümunun qarşısının alınması məqsədilə başlayan genişmiqyaslı əks hücum əməliyyatları dövründə Prezident, xalq, ordu birliyi “Dəmir yumruq” əməliyyatına çevrildi. Məhz bu birlik nəticəsində “Dəmir yumruq” əməliyyatı Vətən müharibəsi oldu və şanlı qələbəmizlə yekunlaşdı.
Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən bir aydan çox vaxt keçir. Vətənin  mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızdan qovdular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit, gizir və əsgərlərimizdən şəhidlərimizdə oldu, qazilərimizdə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin. Şanlı qələbənin qazanılmasında İsmayıllı rayonundan neçə-neçə oğullarımız cəngavərlikləri ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsinə öz adlarını yazdılar. Həmçinin biz ismayıllılar arxa cəbhədə də dövlətə, orduya dəstəyimizi nümayiş etdirdik. Belə ki, on dəfədən çox dəstək aksiyaları keçirdik və cəbhə bölgəsinə yardım karvanı yola saldıq. Buna görə hər birinizə təşəkkürümü bildirirəm.

Azərbaycanın inkişafının əsasını təşkil edən ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən, onun ideyalarını ata vəsiyyəti kimi yerinə yetirən möhtərəm Prezidentimizin rəhbərliyi altında dövlətimizin yüksəlişi və xalqımızın firəvan həyatı naminə bundan sonra da milli birliyimizin davam etdirilməsini arzu edirik.

Əziz həmvətənlər!

Şanlı qələbənin sevincini yaşadığımız vaxta təsadüf edən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, uzun ömür, səadət və xoşbəxtlik arzulayıram.
Qarşıdan gələn 2021-ci il ölkəmizə əmin-amanlıq, uğur və bərəkət gətirsin.
Bayramınız mübarək!

Hörmətlə
Nahid Ba
ğırov,

 İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı                          

Şərh Yaz