Orduya məhəbbət, igidlərə qayğı   

Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda bu il sentyabr ayının 27-dən başlayıb və müzəffər ordumuzun rəşadəti ilə qırx dörd gündə qələbəmizlə başa çatan Vətən müharibəsi Azərbaycanın hərbi gücünü aydın göstərdi. Bu gün hər bir azərbaycanlı böyük fəxr və qürurla deyir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ürəklərdə əbədiləşən, yeni bir tarix yazdı. Bu gün hamı bu şanlı tarixin sevincini yaşayır.

İndi respublikamızın hər bir guşəsində yaşayan vətəndaşının sözü-söhbəti, əməli fəaliyyəti bu notlar üstündə köklənib. İsmayıllı rayonunda da belədir. Dağlar qoynunda ünvanlanan rayonun vətənpərvər oğulları Vətən müharibəsinin başlandığı gündən könüllü olaraq səfərbər oldular, doğma Qarabağın erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşlərə böyük ruh yüksəkliyi, torpağa, elə-obaya məhəbbət həvəsi ilə qoşuldular. Azərbaycanın bütün şəhid və qaziləri kimi İsmayıllı igidləri də qırx dörd günlük döyüş tarixinə şanlı səhifələr yazıblar. 28 İsmayıllı balası şəhidlik zirvəsinə ucalıb. Onlardan biri də İsmayıllı şəhərindəki 6 nömrəli tam orta məktəbin məzunu, göstərdiyi igidliklərə görə ölümündən sonra “Vətən uğrunda” və “Qarabağ” ordeni ilə təltif olunan kiçik gizir Ramil Aydın oğlu Müsayevdir.

 

Ürəklərdə ucaldılan heykəl

 

Bu heykəlin bünövrəsi həqiqi hərbi xidmətini bitirəndən bir müddət sonra ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olanda, xüsusi təyinatlı qüvvələrin təlimlərindən uğurla keçərək həmin qüvvələrin üzvlüyünə qəbul ediləndə, 2016-cı ilin aprel müharibəsində iştirak edib xüsusi fəallığı ilə seçiləndə, peşəkar bir hərbiçi kimi tanınanda, ona hərbi əməliyyatlarda fərqləndiyinə görə kiçik gizir rütbəsi veriləndə qoyulub. Dedilər ki, Ramilin ən yaxın ürək dostu, sirdaşı İsmayıllı şəhərindəki 6 nömrəli orta məktəbin tarix müəllimi Sahil Əzimov olub. Biz də öncə Ramilin ürək dostu Sahil müəllimlə həmsöhbət olmağı qərarlaşdırdıq. Sorağını aldıq. Dedilər ki, hər gün Ramilin məzarını ziyarət edir. İndi də ordadır, bir azdan gələcək. Görüşdük və həmsöhbət olduq. Onun dediklərindən:

– Ramil hər bir işini çox sevən, peşəsinə qəlbən bağlı bir yoldaş idi. Xüsusi təyinatlıların təlimlərində iştirak edib onların sıralarına qəbul olunandan sonrakı görüşlərimizin birində belə demişdi ki, qardaş, təlim asan olanda döyüş çətin olur, təlim çətin olanda döyüş asan olur.

Onun bu sözlərini heç vaxt unutmurdum. 2016-cı ilin aprel döyüşlərində qazandığı uğurları eşidəndə xüsusi təyinatlı qüvvələrdə olan dostumun fikirlərinin öz təsdiqini tapdığını görürdüm.

O, söhbətlərində həmişə deyərdi ki, şəhidlik zirvəsinə yüksələnlər xoşbəxtdirlər. Bizim işin iki sonluğu var: ya qazi olursan, ya da şəhid. Vətən müharibəsi başlanmamışdan iki gün qabaq danışmışdım. Dedi ki, bizə görə dualar edin, işin qalanını özümüz həll edəcəyik. Biz də dualarımızı etdik, Ramil də döyüşdü, hər qarış torpaq uğrunda vuruşda digər döyüş yoldaşları kimi qorxmadı. Yaxşı deyiblər ki, həqiqi qəhrəmanlar üçün keçilməz yol yoxdur. Ramil kimi döyüşçülərimizin timsalında bunu aydın gördük. Amma oktyabrın dördündə cəbhənin Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu.

Şəkil çəkdirməyi çox sevirdi, yeri gələndə seir də yazırdı. Ölümündən sonra tapılan dəftərçəsində onların bir neçəsini oxuduq.

Ramil 2020-ci ilin martında subaylığın daşını atdı. Aydan xanımla ailə qurdu. Cəmi beşcə ay ailə məhəbbətinin sevincini daddı. Oktyabrın dördündə onun zəfər bayrağı özünün şəhidlik zirvəsinə sancıldı, şərəfli bir ölümlə dünyadan köçdü. Özü isə nəinki ailəsinin, bütün İsmayıllının, Azərbaycan xalqının ürəyində əbədi ucaldılan heykələ çevrildi.

Ramilin atası Aydın kişi də oğlunun beş ay öncə qurulan ailə həyatının yarımçıq qalması dərdini çəkə bilmədi. Özünün də şəhidlik zirvəsində uyuyan oğluna həyan olmağını istəyirmiş kimi çox çəkmədi dünyasını dəyişdi. Sahil müəllimin dediyi kimi sanki bilirmiş kimi oğlunun Şəhidlər Xiyabanında yox, kənd qəbirstanlığında dəfn olunmasını istədi. İstədi ki, özü də dünyasını dəyişəndə onu da Ramilin yanında dəfn etsinlər. Belə də oldu. Cisimlərini torpaq, ruhlarını səma qovuşdurdu.

Yazımın sonluğunda xalq şairimiz Səməd Vurğunun aşağıdakı kəlamları yadıma düşdü. Gənclik bizə sabahdan xəbər verir. O bu gün bizim ellərin karvanını dumanlar və qaranlıqlar içində aparıb sabaha çıxaran bir sarvandır. Onun surətində günəşin qüdrəti, baharın hayat ətri var. Ramilin ömür yolu da belədir. O da bizim ellərin Qarabağ dərdini dumanlar içindən çıxarıb bizlərə bəxş edən rəşadətli ordumuzun igid oğullarından biridir. Şəhidlik bayrağın həmişə zirvələrdə dalğalansın, ruhun şad olsun, elin, obanın sevimlisi Ramil.

Rasim AMANOV,

“Respublika” qəzeti 27 dekabr 2020-ci il

Şərh Yaz