Qalınçaq kəndində qazilərlə görüş

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir. Onlarla mütəmadi görüşlər keçirilir, qayğıları diqqətdə saxlanılır.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisinin iştirakı ilə növbəti görüşün ünvanı Qalınçaq kəndi olub.

Görüşdə qazilərimiz Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan danışıblar. Döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarını, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açıblar. Bildiriblər ki, Ali Baş Komandanın iradəsi və qətiyyəti, diplomatik və siyası qələbələri onları daha da ruhlandırıb. Beləliklə, böyük qələbəyə daha tez çatıblar.

RİH başçısı 44 günlük Vətən müharibəsində ismayıllıların qəhrəmanlıqlarından qürur duyduğunu, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından onlara minnətdar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər. Ölkə başçısı tərəfindən qazilərin və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) yaradılıb, eyni zamanda onlara verilən müavinətlərin də artırılması nəzərdə tutulub. Rayon rəhbərliyi olaraq bizlər də hər zaman lazım olan köməkliyi edəcəyik.

Qazilər və ailə üzvləri Prezidentimizin ad gününə təsadüf edən görüşdən məmnun olduqlarını bildirərək, təbriklərinin Ali Baş Komandana çatdırılmasını xahiş ediblər. Həmçinin, diqqət və qayğıya görə Prezident  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkür ediblər.

Qeyd edək ki, Qalınçaq kəndindən 36-ı könüllü olmaqla 54 nəfər Vətən müharibəsində torpaqlarımızın azad olunmasında iştirak edib. Onlardan 2-i şəhidlik zirvəsinə ucalıb.

Şərh Yaz