Sülhə və təhlükəsizliyə əvəzsiz töhfə

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı “İlham Əliyev qətiyyəti: 8 Noyabr – Zəfər Günü” mövzusunda onlayn konfrans keçirib. Konfransda rayon təşkilatının Şura üzvləri, Gənclər Birliyi, Qadınlar Şurasının üzvləri, şəhid ailələri, qazilər və rayon ziyalıları iştirak ediblər.
Konfransı YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova açıb.  Konfransın keçirildiyi gün Ali Baş Komandan, partiyanın sədri cənab İlham Əliyevin ad gününə təsadüf etdiyindən bu münasibətlə Onu rayon təşkilatının üzvləri adından təbrik edib. Ümummilli lider Heydər Əliyevin siyasi varisi kimi müqəddəs torpaqlarımız uğrunda Vətən müharibəsində qazandığımız tariximizin ən möhtəşəm qələbəsi münasibətilə təbrik edərək Ona uzun ömür, can sağlığı arzulayıb.

Qeyd olunub ki, bu gün cənab Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi bizi düzgün hədəflənmiş uğura doğru apardı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Dövlət başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu Qələbə, sadəcə, 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.

Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Göründüyü kim, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı.

Daha sonra Dövlət qulluğu veteranı Valeh Salehov, şəhid atası Fuad Tağıyev,YAP İsmayıllı rayon təşkilatının sədr müavini Zaur Muradov, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Faxtıyev, Şura üzvü Xavər Allahverdiyeva və başqaları çıxış edərək qeyd etdilər ki, doğma Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsidir. “Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”, – deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, eləcə də hər bir əsgər və zabitin 44 günlük Vətən müharibəsi dövründə ən ümdə arzusu 30 ildir həsrətində olduğumuz torpaqlara üçrəngli bayrağımızı sancmaq oldu.

Vaxtilə xalqın tələbi ilə hakimiyyətə gələn, dövlətçiliyin əldən getməsinin qarşısını alan ulu öndər Heydər Əliyevin varisi İlham Əliyev bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı. 1990-cı illərin əvvəllərində Azərbaycanın yetərli dərəcədə gücünün olmaması nəticəsində ölkəmiz işğala məruz qalıb. Bütün bu uğursuzluqlara baxmayaraq, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətlə münaqişənin həlli üçün hüquqi baza yaradıldı, daha böyük güc toplanaraq torpaqlarımız azad edildi.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

Tədbirin sonunda E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli  məktəb-liseyin şagirdi Aynur Əhmədli cənab Ali Baş komandana həsr edilmiş şeri konfrans iştirakşıları tərəfindən dinlənilib.

İlqar Əhmədli

Şərh Yaz