Qazilər evlərində ziyarət olunub

İsmayıllıda rayon rəhbərliyi Vətən müharibəsinin qəhrəmanları ilə növbəti dəfə görüşüb. Tədbirdə RİH-nin başçısı və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Hacıhətəmli kəndində türk məzarı ziyarət olunub, üzərinə gül çələngi qoyulub və dualar oxunub. Sonra  Hacıhətəmli, Qalagah, İvanovka kəndlərində  və İsmayıllı şəhərində qazilər ziyarət olunublar.

Səmimi görüşlərdə qazilər şanlı Qələbəyə aparan zəfər yolunda yaranan xoş xatirələrindən danışıblar. Qeyd ediblər ki, müharibə vaxtı Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli iradəsi, xalqımızın orduya verdiyi dəstək onları qələbəyə doğru daha da ruhlandırıb. Xüsusilə İsmayıllıdan gələn yardım karvanları çox qürurverici olub.

RİH başçısı müharibə dövründə cəbhədə ifa etdiyi “İsmayıllı” mahnısı ilə ismayıllıların qəlbini fəth edən Qalagah kənd sakini, döyüşçü Nurlan Həsənlini də evində ziyarət edib.

RİH başçısı görüşlərdə bildirib ki, şəhid ailələri, qazilər və Vətən müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT fondu) onların gələcəyinin təminatıdır.

Amma hazırda qazilərimizin hər hansısa problemi, ehtiyacları varsa, təmin etməyə hazırıq. Onlar isə dərin minnətdarlıq hissi ilə heç nəyə ehtiyaclarının olmadığını, dövlət tərəfindən lazım olan hər şeylə təmin olunduqlarını bildiriblər.

Şərh Yaz