Vətən məhəbbətindən Qələbəyə gedən döyüş yolunun yolçusu

Bir şəhidin məzarı önündə durmuşam. Vüqarlı, yenilməz, mayası Vətən sevgisi ilə yoğurulmuş, həmişəyaşar, əbədi bir sevgini, bir qəhrəmanlığı xatırladır bizlərə bu məzar. Bir ananın göz yaşları bu məzara çilənir, bu məzarda quruyur, bir itkini xatırladır şəhid verən millətə. Bir atanın qəlbində oğul həsrəti, oğul nisgili yaşadır bu məzar. Əllərində tər güllər tutan qardaş və bacıları, müəllim haraylayan şagirdləri öz ətrafına toplayır bu məzar. Nəzərləri gələcəyə dikilmiş, vətənimin şəhid övladının son mənzilidir bu məzar.

Məzar daşı, Vətənimin qan yaddaşı. Sən dünyamızda bir dünyasan. Yaşat sevgili vətənimin şəhid övladını öz qoynunda. Şəhid məzarı, utanma Sənubər ananın, Ağaəhməd atanın, İlqar, Vüqar qardaşların, Zümrüd bacının, ömür-gün yoldaşı Vüsalə xanımın, təkcə-bircə oğul bala Fəridin nəzərlərindən. Çünki səni məzar kimi tanıdan Famil ölməyib. Onun əməlləri, onun ruhu, onun bütün dünyası bizimlə yaşayır və yaşayacaqdır.

Vətənimin unudulmaz şəhid övladı. Şəhidlik şərəfli yoldur. Sən o yolda uğurla addımladın, şəhidlik zirvəsinə ucaldın. Ucalmaq şərəfdir, əbədilik və səadətdir. Sən o əbədiliyi, səadəti canını fəda etməklə qazandın. Sən o yoldan dönməyən yolçu idin. Sən vətənin köksündən qan sızan zaman, rahat nəfəs alıb onun qoynunda rahat gəzə bilməzdin. Sən hərbiçi, baş leytenant idin. Bir tarix müəllimi olaraq hərb işini, Vətən müqəddəsliyini gözəl anlayırdın. Sən bu müqəddəs Vətənin qeyrətli oğullarından biri idin.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, çoxsaylı ictimai tədbirlərin iştirakçısı, aparıcısı olurdun. Vətənə olan sevginin çağırışı ilə 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində öndə olmaq üçün ordu sıralarına yazıldın, silaha sarılıb döyüşə getdin. Bir dəfə də olsun dönüb geri baxmadın. Çünki anamız Vətənin acı naləsi, onu azad etmək çağırışı səni irəli, intiqam almağa səsləyirdi. Üstün cəhətlərindən biri tarixçi olmağın idi. Sən tarixi həqiqətləri tam dəqiqliyi ilə bildiyin üçün tərəddüdsüz, könüllü olaraq döyüşlərə atıldın, Vətəni vandal ermənilərdən azad etməyə can atdın…

Səndən qalan xatirələr qalaq-qalaqdır. Anan, əzizlərin, doğmaların, bütün İsmayıllı müəllimləri o xatirələr içərisində yaşadır səni – Famil! 45 illik ömrün də elə o xatirələr içərisində yaşadır səni. Sənin ölməz cizgilərin, o xatirələrdən süzülüb ürəklərə od salır. Sənin cismani “yoxluğun” için-için ağladır bizləri.

Şəhid Famil Əhmədzadə! Sən 45 illik ömrünlə ali bir ad qazandın. Bu adla əbədi olaraq qəlblərdə yaşayacaqsan. Sən mükəmməl tarix müəllimi öz qanınla şərəfli adını tarix yazdın…

Sən Bakı şəhərində dünyaya göz açdın. Amma İsmayıllıda yaşadın. 1992-ci ildə orta təhsilini İsmayıllı şəhər 3 nömrəli məktəbdə başa vurdun, elə həmin il Azərbaycanın Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politologiya ixtisasına qəbul olundun. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirdin. Hərbi kafedradan leytenant rütbəsi aldın. Elə həmin il məzun olduğun şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətə başladın.

1999-cu ildə hərbi xidmətə getdin. Xidmətdə fərqləndiyin üçün baş leytenant rütbəsi aldın. Hərbi xidmətdən qayıdaraq şərəfli peşəni davam etdirdin.

Müəllim kimi də sən hamıdan fərqlənirdin. Tezliklə çalışdığın kollektiv və şagirdlər səni çox sevməyə başladı. Bu sevgini özün əməllərinlə, nümunəvi işinlə qazandın. Rayonda sayılıb-seçilənlərdən oldun.

Sən hədsiz vətənpərvər idin, Famil müəllim! El-obanı, Qarabağımızı övlad məhəbbəti ilə sevirdin, bütün  bunlar haqqında şagirdlərinə danışmaqdan xüsusi zövq alırdın. Səni tanıyanlar, xüsusilə müəllim yoldaşların, dərs dediyin şagirdlər və bütün İsmayıllı ziyalılarının qəlbində əbədi yaşayacaq, həmişə ehtiramla yad olunacaqsan.

Atan Ağaəhmədlə uşaqlığımız və iş fəaliyyətimiz bir olmuşdur. Odur ki, səni lap uşaqlıqdan tanıyırdım. Sənin danışdığın, dediyin bütün sözlər həqiqət idi. Sən həqiqəti çox sevirdin. Bəlkə elə ona görə tarix müəllimi oldun. Səninlə yaxın müsahib və səmimi dost olduq. Bir kollektivdə – 85 saylı İsmayıllı DSK-da çalışdıq. Bu sahədə də, məktəbdə də hörmətlilərdən idin. Məktəbdə, rayonda keçirilən bütün tədbirlərin aparıcısı oldun. Sənin işıqlı üzün, ziyalı görkəmin, şirinqanlılığın, mehriban ünsiyyətin, intellektin, mənalı zarafatların birər-birər gəlib gözlərimin önündə durur. Yaşda səndən böyük olsam da, səninlə söhbət etməkdən zövq alırdım. Səninlə bağlı təəssüratlarım zəngindir. Sən təkcə xoş günlərin dostu yox, həm də çətin anların yoldaşı idin. Sən həqiqətən gözəl, mülayim, məntiqli nitqə, səbirli, təmkinli, tədbirli xarakterə, dərin hörmətə və məhəbbətə layiq əsl ziyalı idin.

Yadımdadır, Famil müəllim! Çalışdığın məktəbdə sənin aparıcılığınla “Dağ çiçəkləri” üzvləri ilə şagirdlərin görüşü keçirilirdi. Sən hamını yaxşı tanıdığından təqdimatları elə edirdin ki, adam az qalırdı özünü tanımasın. Sən tapşırılan işlərə ciddi və məsuliyyətlə yanaşırdın. Sən tarixçi olsan da Azərbaycan dilini, onun qrammatikasını gözəl bilirdin. Elmi fikirlərin açıq söyləməyi onların ətrafında diskussiya açmağı, söylənilən şeirlərə dəyər verməyi də bacarırdın…

Əsl ədəbiyyatçılar kimi, sözünün əvvəli də şeir idi, sonu da…

Sənin cəbhədə də çıxışların cəbhə yoldaşlarının döyüş ruhunu artırır, onları qələbəyə səsləyirdi. Azərbaycan Ordusu tam dəqiqliklə addım-addım irəliləyirdi, kənd-kənd torpaqları azad edirdilər… Sən Tərtər rayonunun  Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda vuruşurdun. Sənin xidmət etdiyin kəşfiyyat briqadası tərkibində düşmənin əsas qüvvəsi haqqında məlumat toplamaq üçün hər gecə kəşfiyyata gedirdin. Heç nədən qorxu bilməzdin. Həmişə qabaqda olardın. Növbəti əməliyyat zamanı… oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid oldun…

… Hər evin könül oxşayan, ürəkləri isidən bir sevinci var. O sevincin nəfəsi yaxını, uzağı, hamını sevindirir. Mənəvi saflıq, nikbin duyğu gətirir. Sən də bir evin sevinci, elin sevimli oğlu, nikbin duyğusu idin. Atan Ağaəhməd sənin körpə səsini eşitdikcə min bir arzu ilə yaşadı. Anan o arzuya qoşulub sənin ilk addımlarına, təzə açılan şirin dilinə can dedi. Böyüklərin, əzizlərin əlindən tutub səni ev, həyət gəzdirdi. Sənin sevincinə sevinib, özlərini dünyada xoşbəxtlərin xoşbəxti sandılar. Sonra sənin məktəb yolun başladı. O yollar səni böyüdüb ərsəyə yetirdi. Böyüdükcə gəzdiyin yerin, toz-torpağın müqəddəsliyini hiss edib, anaların anası olan dünyanın şirin laylasını, Vətən haqqını çiyinlərinə aldın. Bu, sənin vətənə sevgin, yurd məhəbbətin idi.

Viran qoyulmuş yurdumuza baxan gözlərin dəhşətdən alovlandı. Duymadı bunu kimsə. İçin-için ağlayıb boş qalmış, dağılmış evlərin, el-obanın, şəhər və kəndlərin ağrısını çəkdin. Silahın Talışda və Suqovuşanda şaqqıldadı, elə buradaca da susdu…

Hamı sənin yoxluğuna göz yaşı axıtdı. Hamı səni son mənzilə böyük izdihamla yola saldı. Qardaşların İlqar, Vüqar qısılıb soyuq məzar daşına için-için səni ağladı. Bir igidin məzarı belə yarandı. Bir şəhərin qəbiristanlığı şəhidlərin qəbirləri ilə bir az da genişləndi.

Qara çarşablı ana! Həyatın acısına, kədərinə dözüb oğul itkisinə, oğul yoxluğuna inana bilməyən ana! Soyuq məzar daşından ana kədərinə şərik olan oğul, qəmli anasına təsəlli verən oğul. Bu gün gülümsər baxışınla ananı qarşıladın, Famil! – deyib baş daşına tərəf əyilən bacın Zümrüdü də gülə-gülə qarşılandın. Həyat yoldaşın Vüsalə sənə sirdaş, vəfalı dost, yoldaş olub. Aramsız axan göz yaşları ilə səni axtarır. Sənin yoxluğuna atan, anan, qardaş və bacın kimi o da yanır. Oğlun Fərid nə qədər vüqarlı görünsə də, için-için sızıldayır, bir daha atasını görməyəcəyini düşünərək hönkür-hönkür ağlayır.

Yox, Famil! Yox! Sən ölməmisən. Sənin ölümün şərəf işidir. Məzarın əsl ziyarətgaha çevrilib, Famil! Hamı axışıb gəlir, səni ziyarət edir. Sənin təkcə balan Fərid, sevimli şagirdlərin səninlə fəxr edəcək, sənin seçdiyin yol onların ömrünə işıq saçacaq. Onlar zaman-zaman sənin məzarını tər çiçəklərlə bəzəyəcək, sənə könül verib, sənə əbədi məhəbbət bəsləyəcəklər…

… Sənə dastanlar yazılacaq, küçələr sənin adını daşıyacaq. Onda doğmaların, əzizlərin, sənə bənzəmək istəyənlər ruhunun şad olduğundan təsəlli tapıb, səni qəlblərində yaşadacaqlar.

İstəklimiz – Famil müəllim! Sən layiqli övlad kimi Vətən qarşısındakı vəzifə borcunu şərəf və vicdanla yerinə yetirdin. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə (ölümündən sonra) təltif olundun. Sən həmişə bizimlə olacaqsan. Biz bu dünyadan köçsək də, gələcək nəsillər sənin şərəfli adını daim yaşadacaq. Əbədiyyət dediyimiz həqiqət sənin adınla bağlanacaq!..

Sən Vətənə məhəbbətdən Qələbəyə gedən döyüş yolu keçdin…

Fikirlərimi şair Şahməmməd Dağlaroğlunun xatirə lövhən üçün yazdığı kiçik şeir parçası ilə bitirirəm:

Şərəflə ucaltdın müəllim adın,

Şəhidtək üz tutdun Haqq dərgahına.

Vətəni, torpağı darda qoymadın,

Zəfərdən don biçdin el sabahına.

 

Ruhunun önündə millət baş əyir,

Ölümlə ölməzlik qazanan övlad.

Həyatda hamını ölüm gözləyir,

Amma qismət olmur yetənə bu ad.

 

Hacıməmməd Məmmədov

Şərh Yaz