“İsmayıllı xəbərləri”ndən təşəbbüs  

2020-ci il digər uğurları ilə bərabər ZƏFƏR, QƏLƏBƏ ili kimi başa çatdı. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlar Müzəffər Ali Baş Komandanın, mübariz zabit və əsgərlərimizin misilsiz qəhrəmanlıqları sayəsində işğaldan azad olundu.

Vətənpərvər övladlarımız canlarını qıymadan döyüşlərə atıldılar. 3000-ə qədər şəhid verdik, minlərlə döyüşçümüz qazi oldu. Verilən canlar, tökülən qanlar bahasına Azərbaycan tarixi sərhədlərini bərpa etdi. Əlbəttə, bütün bunları qüdrətli dövlətimiz və qədirbilən soydaşlarımız daim diqqətdə saxlayacaq və heç zaman unutmayacaqdır.

Ümidvarıq ki, qarşıdakı illərimiz quruculuq, iqtisadi-inkişaf, tərəqqi illəri olacaqdır. Yumruq kimi bir olmağı bacaran xalq işğaldan azad olunmuş, daşı daş üstündə qalmayan şəhər və kəndlərimizi abad edəcək, əzəli, əbədi torpaqlarımızı cənnətə çevirəcəkdir.

Ölkədə, eləcə də onun mirvari parçası olan İsmayıllıda gedən yenilikləri ictimaiyyətə çatdırmağa çalışan “İsmayıllı xəbərləri”nin redaksiyası yeni il üçün üzərinə götürdüyü vəzifələrdən biri İsmayıllı şəhidlərinin ailələrinə qəzetin buraxılan hər nömrəsinin çatdırılmasıdır. Belədə, bu ailələr qəhrəman şəhid və qazilərimiz haqqında qəzetdə müntəzəm dərc olunan yazı və digər məlumatlardan xəbərdar olarlar.

İsmayıllı Rayon Mətbuatyayımından götürüləcək qəzetlərin aidiyyəti ünvanlara ərazilər üzrə bələdiyyə və məktəblər tərəfindən çatdırılacağına ümid edirik.

İsmayıllı xəbərləri”

Şərh Yaz