O mənə arxa-dayaq idi

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda doğulmuşdur. 2005-ci ildə Bakı şəhər, Səbail rayon 163 saylı orta məktəbin 1-ci  sinfinə qəbul olunmuş, 2016 ci ildə  həmin məktəbi bitirmişdir. Daha sonra 2016-cı ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin, materialşünaslıq ixtisasına qəbul olmuş, 2020-ci ildə burada ali təhsilini başa vurmuş, daha sonra hərbi xidmətə yollanmışdır.

Cəmil ailə dəyərlərini yüksək tutan, vətəninə, torpağına bağlı, mərhəmətli, zəhmətkeş, xeyirxah əməlləri ilə yetişən bir oğul idi. Torpaqlarımızın işğal altında, düşmən tapdağında olması onu həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hərbi xidmətə yollanmışdır. Hələ kiçik yaşlarından anasına bildiriridi ki, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə olan tədbirlərdə daima fəal olmuş, mükafatlar əldə etmişdir. Bunlardan biri də 26 fevral Xocalı soyqrımı qurbanları xatirəsinə həsr olunan Səbail rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülməsi olmuşdur. Eyni ilə o, hərbi xidmətdə də atıcılıq vəzifəsini icra edirdi. Əsgərlikdə olduğu zaman anasıyla danışarkən böyük fəxr və qürur hissi ilə bildirmişdir ki, ona Milli Qəhrəman Mübariz İbrahimovun silahından verilmişdi. “Atıcılıq” – bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı.
Müharibənin başladığı ilk günlərdən son danışığına kimi daima yüksək əhvali-ruhiyyədə olmuş və mütləq ki, qələbə qazanacaqlarını ailəsinə bildirmişdir. Daha yeni əsgər olmasına baxmayaraq döyüşlərdə böyük şücaətlik göstərmişdir. Füzuli, Xocavənd döyüşlərində iştirak etmişdir. Son olaraq oktyabrın 14-dən 15-nə keçən gecə Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
Cəmil orta məktəbdə oxuduğu müddətdə də nəinki şagirdlərin arasında, bütün müəllim kollektivi arasında da böyük rəğbətə malik olmuşdur. Böyük sevgi və qürur hissi ilə anırlar.
Cəmil məndən 3 yaş balaca idi. Balacalıqda onu mən qoruyurdum. Amma o böyüdükcə mən hiss edirdim ki, o mənə arxa-dayaqdı, çünki qardaşlar həmişə bacılara dayaq olur. O böyüdükdən sonra hər yerdə mənim yanımdaydı, hər addımımı izləyirdi. O, məni çox istəyirdi, mən də onu lap çox. Elə indi də hara getsəm, onun baxışını, ürəyini hiss edirəm, o yanımdadır, arxamdadır, mənim ən böyük dayağımdır. Bacılar həmişə yaxşı qardaşlarla fəxr ediblər. Mən Cəmilin sağlığında onunla həmişə fəxr etmişəm, şəhadətindən sonra isə bizim başımızı daha yüksəklərə qaldırdı. O onsuz da tarixə düşübdür, onu gələcək nəsillər həmişə adını anacaq və yad edəcəkdir. Məndə həmişə onu yaşadacağam öz əməllərimlə, öz həyat tərzimlə.
Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.
P.S. Hörmətli redaksiya, Şəhidin anası xahiş edir ki, onun səmimi təşəkkürlərini İsmayıllı Rayonu İcra Nakimiyyətinin başçısı cənab Nahid Bağırova çatdırasınız. Onun qayşıkeşliyi bizə acılarımızı unutdurdu. Nahid müəllimin rəhbərliyi altında çalışan Sevil Əhmədova, Bəhruz Xələfov da bir gün olsa belə, diqqətlərini bizdən əsirgəməyiblər.

Şəhid Cəmil Məmmədlinin anası onu da qeyd edir ki, Cəmilli dünyamız cəmi 21 il davam etdi. Ondan həmişə razı qalmışıq. Onunla fəxr etmişik. Cəmil indi ən ali zirvədədir. Onun bu ucalığı ilə fəxr edirik. Cəmil ağıllı, qayğıkeş, mehriban, qohumcanlı – kamil gənc idi. Onu indi bütün Azərbaycan tanıyır. Tanımadığımız insanlar onun əziz adını tutub bizə qonaq gəlirlər. Onun hünər və qəhrəmanlığından danışırlar. O, bizim fəxrimizdir!

Səma Salahzadə

Şərh Yaz