HƏMRƏYLİK QƏLƏBƏMİZ MÜBARƏK!

Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis edəndə çox təəccüblənmişdim – həmrəylik arzusu ilə dolu ada görə yox, GÜN olaraq! Niyə məhz 31 dekabr?! Niyə məhz dünyanın yeni təqvim ilini qeyd etdiyi gün?! 365 gündə başqa günmü yox idi?! Niyə? Niyə? Bu günün təsisçisi Heydər Əliyev idisə, burada təsadüf-filan ola bilməzdi! Niyəsi var idi…

Heydər Əliyevin bəlkə də bir anda verdiyi qərar üçün günlərlə düşündüm, saatlarla ilin son gününü, o günlə bağlı düşüncələrimizi düşündüm… Və… tapdım. Tapdım və Heydər Əliyevin BÖYÜKLÜYÜNƏ, DAHİLİYİNƏ, GÜCLÜ TƏFƏKKÜRÜNƏ bir daha heyran qaldım. Bu böyük insan HƏMRƏYlik gününü məhz yeni ilin astanasına salmaqla bizlərə çox böyük bir mesaj verib, deyib ki, ay Müsəlman, ay Türk, ay “Allahu Əkbər” – deyən dillər sizin arzuladıqlarınızı nə xristianın Santa klausu verə bilər sizə, nə də onun naftalin qoxuyan torbasından ürəyi kimi buz bağlamış əlləri çıxara bilər. Sizin arzuladıqlarınızın açarı öz əlinizdədir, Sizin iş, əməl, söz, əqidə birliyinizdədir – HƏMRƏYLİYİNİZDƏDİR! Bu böyük insan bu böyük mənası olan belə bir günü məhz ona görə bütün arzularımızın üzümüzə gələn yeni ildə reallaşacağı ümidi ilə şaxta babanın ətəyindən asıldığımız o günə təyin edib.

Reallıq isə ÖZÜMÜZÜK – MƏN, SƏN, O!!! Və 31 ildən sonra məhz bu il millətimiz HƏMRƏY oldu! 44 gün sürən Vətən müharibəsində türk milləti heç zaman olmadığı kimi bir oldu, birlik oldu! Millətin RƏHBƏRİNİN DƏMİR YUMRUĞUNA çevrildi və bu birlik sayəsində xalqının LİDER ALİ BAŞ KOMANDANI cəmi 44 gündə nöqtəni böyük – elə dünyanın özü ağırlığında bir NİDA edib dünyanın dünya olandan görmədiyi, eşitmədiyi, danışmadığı XOCALI faciəsinə, 1 milyon insanın Vətən, yurd harayına kor, kar olan dünyanın şeytani əməllərlə qaynayan başına vurdu! Özü də necə vurdu! MİLLƏT-LİDER həmrəyliyinin gücü yetdiyi kimi vurdu!

Qədim türk kitablarının birində deyilir: ”Özünə qayıt, türk oğlu, sən özün olanda böyük olursan!”

O gün millətimin ÖZÜNƏQAYIDIŞ günü oldu, Böyük olduğunu dünyaya – düşmənə göstərdiyi gün oldu!

Özünə qayıdışımız mübarək! HƏMRƏYliyimiz mübarək! Həmrəylik qələbəmiz mübarək!

Lətifə Əliyeva

Şərh Yaz