ŞƏHİDLƏRƏ YAZILMIŞ MƏKTUB…

 

Ötən ildə qaldı bu məktub. 2020-də… Bilirsiz necə çətindi onu yazmaq? “Çətindi” sözünü bir dəfə də dilə gətirmişdim. İlk kitabımın “Müəllif sözü” deyilən bəndində. Belə idi:

– “Bu da növbəti bir iş günü… Qarşımda ağ kağız, əlimdə qələm. Düşünürəm. Nədən, hardan başlayım? “Niyə?”, “Nə üçün?” sualları aramsız dolaşır beynimdə… Əlim qələm tutandan yazmışam. Amma yazmağın bu qədər müşkül olduğunu ilk dəfədir duyuram. İlk dəfədir başa düşürəm ki, həyatda insanın özü haqqında yazmaqdan çətin heç nə yoxdu”…

Həə, bax, eynən belə yazmışdım… Amma sizə məktub yazarkən anladım ki, ən çətini, ən müşkülü, ən dəhşətlisi belə bir məktub yazmaqdı. Yazıb sizə ünvanlamaq və o ünvana yetməyəcəyini düşünüb zülüm-zülüm ağlamaq…

Ağlamağa nə var ki? Cəbhəyə gülə-oynaya getdiniz, sizinlə qürur duyub ağladıq!.. Vətən torpaqlarını düşmən tapdağından qarış-qarış azad etdiniz, sevincdən ağladıq!.. Azərbaycan bayrağını Xudafərin körpüsünə sancdınız, fərəh göz yaşlarını saxlaya bilmədik!.. Şuşanı işğaldan azad etdiniz, sevincdən oynaya-oynaya ağladıq!.. Beləcə, ard-arda qələbələrinizi gülə-ağlaya coşqunluqla qarşıladıq. 44 gün ərzində cismən olmasa da, qəlbən yanınızda olduq. Keçdiyiniz o çətin, məşəqqətli, ölümlü-qalımlı döyüş yollarından sizlərlə birgə keçdik. Yaralı əsgəri çiyninizdə daşıyanda, komandirinizə güllə dəyməsin deyə özünüzü sipər edəndə vətənpərvərlik duyğularınıza heyran qaldıq. Qara-çovğuna düşəndə, hərbi sursatla keçilməz dağ yollarını qalxanda mənən yanınızda olduq. İnsan qanına susamış erməni xisləti, erməni xəyanəti qaçılmazdı. Amma yenə “ölüm” adlı o kabusdan uzaq olmağınızı istədik. “Şəhidlik zirvədir” – deyirlər. Müharibə itkisiz, qansız-qadasız olmaz, -deyirlər. Ama bunu heç istəmədik, heç. Bunu qəbul etmək, bununla barışmaq çox çətindi, çox…

Elə oldu günlərlə ac-susuz qaldınız. Elə oldu gecələr yuxu nədi, isti yataq nədi bilmədiniz. Anladıq. Döyüş meydanı heç nəyə bənzəməz. O meydanda hər anın, hər dəqiqənin öz hökmü var. Bilirik. Siz bütün varlığınızla o anı, o dəqiqələri torpaqlarımızın azadlığı uğrunda mübarizəyə həsr etdiniz. İrəli, irəli, yalnız irəli! Məqsədiniz, amalınız oldu. Gəncəcik uşaqlardınız hamımızın gözündə. Çoxunuzun doğum günü cəbhədə oldu, fərqinə varmadınız. Vətən sevginiz, torpaq eşqiniz nə boydaymış, igidlər?!

Bilirsiz, haqqınızda nə desəm, nə yazsam söz aciz qalar. Dastanlara sığmaz oldunuz. Hələ çox yazacaqlar. Hələ çox vəsf edəcəklər. Bunları demək üçün yazmadım məktubu. Məni ağrıdan, incidən bəzi məqamlar oldu. O məqamları da yazmaq deyil məqsədim. Şəxsi fikirlərimin kiməsə aidiyyəti yoxdu. Mən sadəcə çox duyğulu bir insanam. Və duyğularımı çox zaman gizli saxlaram. Kimsənin məndən xəbəri olmaz. Bəxtəvərlik oxuyarlar. Elə o duyğulara köklənib yazdım. Çətinliklə, cəfalar içində… Unudaq getsin…

Unudaq ad günlərini qeyd edənləri… Unudaq, qonaqlı-qaralı keyf məclislərindən boy-boy şəkil paylaşanları… Rusların gəlişinə sevinənləri, yeni il şənliklərini qeyd edənləri… İnsan xisləti belədir. “Ölənlə ölmək olmaz” – deyirlər. Amma siz dərd etməyin. Axı siz ölmədiniz. Siz ŞƏHİD oldunuz!.. ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ-deyirlər. Bu deyimi əbədiləşdirən igidlər! Bu məktubu da yazılmamış fərz edin. Dedim axı. Köhnə ildə yazılmışdı,…

İndi 2021-ci ildi… Ən gözəl məktublar bundan sonra yazılacaq. Ata-ananıza, doğmalarınıza, yaxınlarınıza… Sizin igidliyiniz, qəhrəmanlığınız, şücaətiniz haqqında!.. Onları yazmaq çətin olmayacaq. O məktublar əl-əl, ev-ev gəzəcək! Dünyaya gələn körpələrə sizin adlarınız veriləcək!.. Siz əbədi yaşayacaqsınız!

Çətin günlər geridə qaldı… Bu məktub kimi…

X.İsmayıllı

Şərh Yaz