Yeni ildə özümə və hər kəsə…

Həyat bizə bir dəfə verilir. Bəzən bir dəfə daha verilir, əgər həyatdasansa deməli vardır bir səbəbi, yaşananlardan dərs alıb yaşayacaq olanlara dərs olacaqsan. Bizi biz edən hər şey dəyərdir, bu dəyərin baş ucu özümüzdən başlayır, biz öz həyatımızın güzgüsüyük və necə baxacağıqsa elə də görəcəyik, görünəcəyik.

Mükəmməl bir həyat yoxdur. Sadəcə “bizə görə” ən yaxşısı və ən pisi vardır, məsələn ola bilər düşünərsiz ki, “mənə görə ən bərbad həyat mənimdir”, ya da “hər zaman ən pis şeylər mənim başıma gəlir”, və ya “mən ən mükəmməliyəm”, bu düşüncələrin heç birində bizim gözümüz ətrafı görmür və bizə verilən həyatın əsil gerçəklərini, gözəlliklərini, dəyərini hiss edə bilmirik. Ümumilikdə uzatmasaq, yeni ildə özümə və hər kəsə:

  1. Özünədəyəri ego, özündərazılıqla qarışıq salmadan düzgün formalaşdırmağı;
  2. Təşəkkür etməyi, yanlışları qəbullanıb, yeri gəldiyində üzr istəməyi bacarmağı,
  3. Anlayışlı, səbirli, iradəli olmağı,
  4. Qərarlı, məqsədli və sözündə, əməlində sadiq olmağı,
  5. Dinləməyi öyrənməyi,
  6. Statusundan, dərəcəsindən, maddiyyatından asılı olmayaraq insanları düzgün qiymətləndirməyi, ədalətli olmağı, düzgün hörmət qoymağı, qırmadan, əzmədən və bir az da başınıza çıxarmadan layiq gördüyünüz yox, layiq olduğu dəyəri verməyi, daha da qısacası hansı heyvan ilindən asılı olmayaraq İNSAN qalmağı, insanlıq adına həmrəy olmağı diləyirəm. Bütün bunları özündə birləşdirən və əslində hər şeyin açarı olan SEVGİYLƏ qalın.

Şəfəq Mürsəlli

Şərh Yaz