Döyüşdən kapitan kimi qayıtdı 

 

İsmayıllı rayon ümumi təhsil məktəblərində çalışan, Vətən Müharibəsində iştirak edən müəllimlərimizdən biri də ehtiyatda olan kapitan Pənahov Altay Əsədulla oğlu olub.

A.Pənahov 22 iyun 1974-cü ildə İsmayılll rayonunun Diyallı kəndində anadan olub. 1980-ci ildə Diyallı kənd orta məktəbinin birinci sinifinə gedib, 1991-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirərək Azərbaycan Texniki Universitetinə daxil olub. 1996-cı ildə universiteti bitirməklə bərabər ona leytenant hərbi rütbəsi verilib.

1997-1999-cu illərdə “N” saylı hərbi hissədə artilleriya divizionunun kəşfiyyat rəisi və tank əleyhinə batareyanın komandiri vəzifələrində xidmət edib. 1998-ci ildə ona baş leytenant hərbi rütbəsi verilib.

2003-cü ildən Diyallı kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışır.

Vətən müharibəsi başladıqda ürəyi vətən sevgisi ilə döyünən hər bir Azərbaycan vətəndaşı kimi Altay müəllim də sentyabr ayının 29-da könüllü olaraq cəbhəyə yollanıb.

Cəbhənin Talış, Suqovuşan və bir sıra adsız yüksəkliklərin azad edilməsi əməliyyatlarında iştirak edib. Düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində yüksək fəallıq göstərib.  Ona 2020-ci ilin dekabrında kapitan hərbi rütbəsi verilib.

Rayon ictimaiyyətinin, eləcə də Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları adından Altay müəllimi Vətən müharibəsində qazanılan QƏLƏBƏ münasibətilə təbrik edir, döyüş əməliyyatlarında göstərdiyi şücaətə, igidliyə görə təşəkkür edirik.

Rəşid Məmmədli,
İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı

Şərh Yaz