Bir kəndin yarımçıq nağılı…

Biri var idi, biri yox idi. Bir zamanlar gözdən, könüldən uzaqda, dağların arxasında –  Qafqaz sıra dağlarının qoynunda gözəl bir kənd var idi, yeddi məhəlləli, yeddi məscidli bir kənd. Babalarımın baba yurdu Zanqı kəndi… Uşaqlıqdan haqqında çox eşitdiyim və… Ahıl  yaşımda xarabalıqlarını ziyarət etdiyim Zanqı kəndi… Bir zamanlar var idi…

Ətrafın ən böyük kəndlərindən biri olub Zanqı. Dağlar qoynunda yerləşən bu kəndin əhalisi əsasən mal-qara, qoyun-keçi saxlayar, qışın ehtiyatını yayda görüb uzun qış gecələrində bir yerə toplaşıb Quran, dastan oxuyardılar. Kənd böyük bir ev, kənd əhli bir evin adamı idi sanki. Ən çox molla Feyzulanın evinə toplaşarlarmış. Deyilənə görə, bu kəndin baş mollası olmuş Feyzulla kişi təhsilini İstanbulda alıbmış. Təkcə Zanqı və ətraf kəndlərdə yox, ətraf rayonlarda da böyük nüfuz sahibi və  sayılıb-seçilən hörmətli el ağsaqqalı imiş. Çar Rusiyası dövründə kənddəki məscidlərdə dini elmlərlə yanaşı dünyəvi elmlər də tədris olunurmuş. Bu səbəbdən Zanqı mədrəsələrində təhsil almaq istəyənlər çox olmuşdur. Molla Feyzulla şəxsən özü Şamaxıdan dərs ləvazimatları gətirərək mükəmməl bir təhsil ocağı yaratmışdı və ölkədə elm adamı kimi ad çıxartmışdı. Elə buna görə də molla Feyzulla şəxsən Bakı Dövlət Universitetinin açılışına dəvət olunmuş və Bakıya gedərək açılışda iştirak etmişdir. Feyzullanın qardaşı Əsədulla isə kəndin kəndxudası olmuşdur. O da qardaşı kimi çox hörmətli və  çox hörmətcil bir şəxs kimi tanınmışdır.

Zanqı dağ kəndi olduğundan burada yaşamaq, işləmək elə də asan deyildi, hər iş əllə görülürdü. Yəqin buna görə də kəndin cavanları çox güclü, qolu zorlu imişlər. Deyilənə görə, bir gün kəndə pəhləvan gəlir. Kəndin baş məscidinin qarşısında durub güləşməyə adam axtarır. Camaat yığışır başına, bu ona baxır, o buna, hamı bir ağızdan:  “Musarza” – deyir. Musarza kəndin naxırçısı imiş, həmin gündə dağda mal otarırmış. Hay-harayla onu çağırıb gətirirlər, əhvalatı öyrənən Musarza bir söz demir, sakitcə dayanıb böyükləri dinləyir. Nə isə… sabah günorta namazından sonra elə bu məscidin qarşısında qurşaq tutulacağını elan edirlər. Hamı evinə dağılışır, Musarza pəhləvanı da öz evinə qonaq gətirir. Kənd adamı yuxudan çox erkən qalxar. Musarza da sübh namazı yataqdan qalxır ki, mal-qaranı  yemləsin. Qapını açıb eşiyə çıxanda gözü qonağın aşılanmış camış gönündən tikilmiş  “şirazi” çarıqlarına sataşır. Qədim evlərdə sütunun başına tir qoyardılar. Evin pərdilərinin ağırlığı da həmin tirin üstündə olardı. Musarza da eləmə tənbəllik, o ağırlıqda tiri qaldırıb, çarığın bir tayını qoyur tirin altına. Qonaq səhər yeməyini yeyəndən sonra istəyir ki, çıxıb kəndi gəzsin. Çarığının bir tayını geyinir, ikincini tapa bilmir ki, bilmir.  Qonağın səsinə evdən çıxan Musarza saymazyana əda ilə bahalı çarığı üçün vay-şivən qoparan özündənrazı qonağa gözləri ilə tirin altını göstərir. Qonaq bir Musarzanın baxdığı səmtə baxır, bir də saymazyana dayanmış Musarzaya. Ev sahibinin yerindən qımıldanmadığını görüb çarəsiz tirə güc gəlir: bir, iki… tir  yerindən tərpənmir ki, tərpənmir. Bunu görən Musarza pəhləvanı dirsəyilə yana itələyib bir əlilə tiri qaldırır, o biri əlilə bahalı çarığın tayını qaldırıb qonağa sarı tullayır. Heyrətlə bu mənzərəni görən qonaq cəld çarığını geyinib arxasına baxmadan əvvəl Musarzanın evini, sonra da kəndi tərk edir…

…1939-cu ilin may ayı idi. Kəndə çox çözəl bir yaz gəlmişdi, nağıllarda deyildiyi kimi, gül-gülü, bülbül-bülbülü çağırırdı. Yazın gəlişi ilə kənddə bir canlanma başlamışdı, tarlada çalışan kim, şəxsi təsərrüfatında işləyən kim. Günorta namazı vaxtı kəndin aşağı küçəsində on atlı görünür: qara meşin gödəkçəli, qırmızı ulduzlu meşin kepkalı, çiyinlərində beşatılan olan gələnlər atları  birbaşa kəndin baş məscidinin qarşısına sürürlər. (Kənd əhli köçüb getdikdən sonra da bu məscid uzun illər tənhalığa sinə gərir -kənd yox idi, məscid isə dururdu. İlk baxışda belə bir təəssürat yaranırdı ki, yaşayışın olmadığı bir yamacın belində bu məscidi niyə tikiblər görəsən? Üstü dəmirlə örtüldüyündən təbiətin dağıdıcı şıltaqlıqlarının qarşısında duruş gətirib qalmışdı. Amma zaman və təbiət tədricən öz sözünü deyir –  güclü yaylaq küləkləri əvvəlcə dam örtüyünün bir dəmirini, sonra yavaş-yavaş hamısını qoparır, nəticədə, məscidin də aqibəti digər evlər kimi olur. Deyilənə görə, kənd əhli köçüb getdikdən sonra da hələ uzun müddət ətraf kəndlərin mollaları Zanqı məscidinin banından (örtülü damdan) kitab daşımışlar).

Namazı bitirib çölə çıxan kənd adamını bir-bir siyahıya alırlar. “Bizi göndəriblər ki, sizi vergidən azad edək” deyirlər. Ancaq bir azdan aralarında molla Feyzulla və qardaşı Əsədulla olmaqla kəndin 6 nəfər ağsaqqalının qollarını arxada bağlayıb özləri ilə götürüb gedəndə gələnlərin əsil məqsədini anlayan kənd acı və peşiman bir sükuta qərq olur. Və o anda kimsənin ağlının ucundan keçmir ki, bu sükut kəndin əbədi sükutunun başlanğıcı olacaq… kimsə düşünmür…

Deyilənə görə, tutulanları Göyçaya, oradan da Bakıya – Hövsana aparırlar. Məhkəmələri olur, ya olmur, bilmirəm, bir onu bilirəm ki, Bakıya aparılanların hamısını güllələyirlər. Bir-bir siyahını oxuyurlar, adı çıxanı güllələyib, su quyusuna atırlar. Növbə molla Feyzullaya çatanda siyahıdan oxuyurlar: Ağamalıyev Feyzulla. Molla Feyzulla tez dillənir: molla Feyzulla. Siyahını oxuyan qayıdır ki, “əşşi, nə fərqi var, Feyzulla, ya molla Feyzulla”. Molla Feyzulla deyir: fərqi çoxdur, rəis, öləndə öz adımla ölərəm. Elə öz adı ilə də ölür…

Qardaşı Əsədulla da Göyçay həbsxanasında yoldaşları ilə birlikdə türmədən qaçmaq istəyərkən öldürülür. Bu iki qardaşın gedişi Zanqının sonunu gətirir – onlardan sonra böyüksüz-sahibsiz qalan kənd yavaş-yavaş boşalır. Sanki o zaman iki yox,  üç güllə atılır: o iki qardaşa və bu qədim, gözəl kəndə…

Bu gün ancaq adı qalan Zanqının bax belə kişiləri, belə oğulları olub. Bəli, olub… İndi yoxdu, çünki indi o kənd yoxdu… qızmar bir yay günündə bir zamanlar dediyim kimi 7 məhəlləsi olan kəndin xarabalıqlarını gəzirəm. Tək deyiləm – xalaoğlum Fizuli müəllim, oğlu və oğlunun anası ilə birlikdə gəlmişik. Evlərinin yerində sadəcə qalaq-qalaq daş topaları, kəndin baş məscidinin yerində isə daş topasından əlavə dəmir dam örtüyünün də parçaları atılıb qalmış keçmiş kəndin bugünkü sakinləri ancaq quşlardır, ins-cins olmadığına görə qorxusuz-hürküsüz dil-dil ötən quşlar. Və bir də kəndin günçıxan tərəfində təpənin üstündəki əbədi gorgahın ziyarətçiyə həsrət əbədi sakinləri. Heç birimiz babamızın qəbrini tapa bilmirik: üzərindəki yazılar ərəb əlifbası ilə olduğu üçün. Bu hala sevinirəm, sevinirəm ki, “bəlkə” ümidi ilə qəbiristanlığı bir neçə dəfə dövrə vururuq, hər qəbirin yanında ayaq saxlayırıq, insan əlinə illərlə həsrət qalmış baş daşlarına astaca sığal çəkir, dua oxuyuruq.

Qəbiristanlıq kəndin ən uca yeri olduğundan orada oturub bir xeyli quşların və ruhların ümidinə buraxılaraq tərk edilmiş kəndi seyr edirik. Kəndin kənd olduğu günləri göz önünə gətirərək xəyala dalıram, düşünürəm. Düşünürəm ki, istər insan ol, istərsə də beləcə, bir kənd, unudulmaq ən böyük yazıqlıqdı və bu kənd – insana, insan səsinə, insan nəfəsinə həsrət bu kənd – babamın, babalarımızın kəndi o an o qədər yazıq, o qədər kimsəsiz, boynubükük gəldi ki, mənə… gözümdən qeyri-iradi yaş süzüldü… unudulmağa, kimsəsizliyə tökülən göz yaşı…

… Kənddən, daha doğrusu, bir vaxtlar kənd olmuş kəndin xarabalıqlarından yavaş-yavaş uzaqlaşırıq, tez-tez çiynimin üstündən geri boylanıram – bir daha gəlməyəcəyimi, bir daha görməyəcəyimi bildiyimdən kövrələrək baxıram.

78 yaşında gəldiyim baba yurdum haqqındakı nağılı burada bitirmək istədim, gözlədim, çox gözlədim ki, nəhayət göydən 3 alma düşəcək, ancaq…

… Nağıl burada bitir, ancaq göydən üç alma düşmür, çünki bu kənddə daha nə alma ağacı var, nə də göydən düşəsi almaları paylaşan… elə o kəndin özü kimi…

Əvəz Küsgün,

Buynuz-Zanqı, avqust 2020-ci il

P.S.  Zanqı səfərində Əvəz Yaqubova yol yoldaşı olub, “deyilənə görə”si bol olan yazısını qəzet üçün hazırladı:

Lətifə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz