Anama salamımı çatdırın

Dəmirov Vüsal Aydın oğlu 10 sentyabr 1993-cu ildə İsmayıllı şəhərində dünyaya göz açıb. Ailədə bir bacı, bir qardaş olublar. Atasını erkən itirdiyindən, böyüyən igidimiz evin həm qayğıkeş atası, həm də oğlu olub. 2000-ci ildə məktəb yaşına çatıb. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin 1-ci sinfinə daxil olan bu balacanı hamı – sinif yoldaşları, müəllimləri də çox sevirdilər. Çünki zirək, səliqəli və kifayət qədər, uşaqlara xas olmayan dərəcədə ciddi idi.

İbtidai təhsilini yenicə başa çatdırdıqdan sonra, 2005-ci ildə Bakı şəhərində ROİL-ə (Respublika Olimpiya İdman Liseyi) daxil olub. Liseyi bitirdikdən sonra isə müəyyən bir peşəyə sahib olmadan çörək qazanmağın çətin olacağını fikirləşib Göyçay şəhərindəki Peşə litseyinə üz tutub. Eyni vaxtda 3-cü dərəcəli traktorçu , 2-ci dərəcəli çilingər, “C” dərəcəli avtomobil sürücüsü ixtisaslarına yiyələnib.

Burada təhsilini bitirən ərəfədə – 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb…

Yüksək xidmətinə görə dəfələrlə hərbi hissənin Fəxri fərmanlarına laiq görülüb. Hərbi xidməti başa vurduqdan sonra, 2014-cü ildən MAXE hərbi qulluqçu kimi xidmətini davam etdirib. “N” saylı hərbi hissədə qulluq etməyə başlayıb. Baş çavuş rütbəsi ilə, BTR sürücüsu olmaqla MAXE hərbiçi kimi çalışıb.

2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Tovuz döyüşlərində iştirak etmiş və Fəxri fərmanlar almışdır. V.Dəmirov Azərbaycan Respublikasının Ordusunun 100 illiyi yubileyi münasibəti ilə keçirilən paradda iştirak edib. Şanlı ordumuzun 100 illik yubiley medalına laiq görülüb.

2020-ci ilin avqust  ayının 24-də keçirilən Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimdə fəal iştirak edib və Fəxri fərman alıb. Həmin təlimdə fəal iştirakına görə ölkənin hərbi naziri Zakir Həsənov özü şəxsən Müdafiə Nazirliyi adından Vüsalı qol saatı ilə mükafatlandırıb.

Ömrünün cəmi 27 baharını görüb şəhidimiz. 2020-ci ilin 10 sentyabr tarixində, ad günü münasibəti ilə hərbi hissə komandiri polkovnik-leytinant Anar Mirzəyev tərəfindən şəxsən təbrik olunub, ona xüsusi açıqca təqdim edilib.

Ali Baş Komandanın döyüş əmrini gözləyən mübariz hərbiçilərimizdən biri kimi 2020-ci ilin 27 sentyabrında ön cəbhəyə yola düşüb və Vətən müharibəsində yüksək döyüş peşəkarlığı, cəsarət və qəhrəmanlıq nümayiş etdirərək iştirak edib.

Füzuli rayonunun düşmənlərdən alınması uğrunda gedən qızğın döyüşlər zamanı bir neçə yüksəklik əldə etdikdən sonra idarə etdiyi hərbi texnikanın qarşı tərəfin həmləsi zamanı sıradan çıxmağına baxmayaraq əlinə silah alıb yoldaşları ilə çiyin-çiyinə döyüşə atılıb. Vətəni, onun torpaqlarını namus, qeyrət kimi dəyərləndirən cəsur döyüşçü oktyabr ayının 3-də xain düşmən snayperçisinin gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb.

Döyüş yoldaşlarının bildirdiyinə görə, baş çavuş Vüsal Dəmirov vurulduğu an kəlmeyi-şəhadətini gətirib, ucadan: “Anama salamımı çatdırın” – dedikdən sonra şəhadətə qovuşub.

Əziz adı əbədi olaraq xatirələrdə yaşayacaq şəhidimiz oktyabr ayının 5-də İsmayıllı rayonuna, yaşadığı ünvana gətirilib.  İctimaiyyətin kütləvi iştirakı ilə İsmayıllı rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Esmira Ağayeva

Şərh Yaz