Döyüş tarixi, döyüş yolu gənclərimiz üçün nümunə olacaq

Həsənov Rüstəm Həsən oğlu 7 oktyabr 1993-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Orta təhsilini Mollaisaqlı kənd tam orta məktəbində almış və 2011-ci ildə məzun olmuşdur. Rüstəm həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidmət etdiyi “N” saylı hərbi hissədə mənfur düşmənlə üzbəüz olan mövqelərdə yerləşirdi. Rüstəm elə getdiyi ilk gündən hərbi hissədə nizam-intizamı və fəallığı ilə seçildiyinə görə hissə komandirinin təşəkkürünü qazanmışdır. Elə buna görə də xidmətin altıncı ayında Rüstəm manqa komandiri təyin olunmuşdur. 2013-cü ildə aprel ayında hərbi xidməti başa vurub ordu sıralarından tərxis olunmuşdur. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmək üçün orduya çağırılıb, lakin ehtiyac olmadığından geri qaytarılıb.

2020-ci ilin sentyabr ayının 27-də II Qarabağ – Vətən müharibəsi başlayan zaman  Rüstəm könüllü olaraq cəbhəyə yollanıb. Ali Baş Komandan cənab İlham Əliyevin: “Qarabağ Azərbaycandır! – şüarı bütün igid Azərbaycan əsgərləri kimi Rüstəmin də həyat amalına çevrilmişdir. Bütün ruhu ilə döyüşə köklənən əsgərimiz 30 ildə düyünlənib böyük bir yaraya çevrilən Qarabağın düşmən tapdağından azad etmək istəyən igidlərin sırasında idi.

İlk döyüş tapşırığı Füzuli rayonu istiqamətində olmuşdu. Bu tapşırığı cəsur əsgərlərimiz uğurla yerinə yetirib.

Döyüşlərdən birində düşmən minamiotundan atılan mərmi yanında partlamış müxtəlif dərəcəli zədələr almışdı. Buna baxmayaraq o, döyüşçü yoldaşlarından bir an belə ayrılmamış, onlarla birlikdə sona qədər vuruşmuşdur.

27 yaşlı Rüstəm – igid əsgərimiz müharibənin ilk günündən ön cəbhədə vuruşmuşdur. O, əsgər yoldaşları ilə daim irəliləmək, torpaqlarımızı mənfur düşmənin tapdağından tamamilə təmizləməyi düşünürdü.

Növbəti döyüş tapşırığı Cəbrayıl-Hadrut-Şuşa istiqamətində olmuşdur. Döyüş meydanında qazanılan qələbələrdən ruhlanan Rüstəm qəlbən sevinir, Qələbənin artıq yaxında olduğunu hiss edirdi.

Artıq müharibədən bir aydan çox vaxt keçmişdi. Rüstəm döyüşçü dostları ilə birlikdə Şuşada – Daşaltı kəndi  uğurunda gedən şiddətli döyüşlərdə iştirak edirdi. Noyabr ayının 4-də amansız düşmənin atdığı güllələrdən biri onu yaralayır. Komandirlərin səyi nəticəsində arxa cəbhəyə təxliyə olunur. Ona ilkin tibbi yardım göstərilir. Sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilir. Qolundan əməliyyat olunur, müalicə üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına köçürülür. Bu xəstəxanada Rüstəm həkim və tibb bacıları tərəfindən hörmət, qayğı və şəfqətlə qarşılanır. Burada müalicə aldıqdan sonra ambulator müalicəyə göndərilir. Hazırda onun müalicəsi davam edir.

Rüstəm yaralandıqdan 6 gün sonra müzəffər ordumuz Qarabağda zəfər qazandı, düşmən təslim oldu.

44 gün davam edən müharibədə Rüstəm 36 gün vuruşmuş döyüş dostları ilə birlikdə hər qarış torpaq üçün fədakarlıq göstərmişdir. Çoxlu zəfərlərə şahid olmuş igid əsgərimiz yaralandığı üçün təəssüf hissi keçirir. Çünki o da Zəfər, Qələbə sevincini məhz döyüş meydanında yaşamaq istəyirdi. Ancaq Vətən müharibəsində bu torpaqların alınmasında iştirak etdiyinə görə qürur hissi duyur və mənəvi rahatlıq tapır.

Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin sərəncamı ilə döyüşlərdə fəal iştirak etdiyi üçün  “Füzulinin azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif olunmuşdur.

Biz –  Azərbaycanın igid əsgərləri, qaziləri müqəddəs şəhidləri ilə fəxr edirik. Bu müharibədə xalqımız bir yumruq kimi birləşdi və Zəfər qazandı.

Bu gün böyük fəxarətlə kəndimizdən könüllü olaraq Vətən müharibəsində iştirak edən Rüstəm və digər əsgərlərimizin döyüş tarixi, döyüş yolu yetişməkdə olan gənclərimizə əsil nümunə olacaq. Çünki onlar  Vətənimiz Azərbaycana Qələbə sevinci, Zəfər bəxş edən igidlərimizdirlər.

İkram İsmayılov

Şərh Yaz