Vətən Müharibəsində şəhid və qazi olmuş hərbçilərin ailəsi ziyarət edilib  

Gənclər və İdman Nazirliyinin tövsiyəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Baş İdarəyə daxil olmuş müraciətlərə əsasən, İsmayıllı rayonunda Vətən müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailəsi ziyarət edilib.

Tədbir zamanı ailələri ziyarət olunan şəhid Dəmirov Vüsal Aydın oğlu, şəhid Şıxızadə Tural Ətraf oğlu, şəhid Lətifov Orxan Xancan oğlu idmanın cüdo, karate və qol güləşi növü ilə məşğul olmuş, onlar açıq Bakı və Respublika yarışlarının mükafatçıları olmuşlar.

Şəhid Mirzəyev Aqil Mehman oğlu isə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş “İstedadların hazırlığı laboratoriyası” layihəsində Fəxri fərmanla təltif olunmuşdur.

Qazi Həmidli Dilqəm və qazi Vüqar Novruzov isə idmanın futbol və katare növləri ilə məşğul olmuş, bir çox yarışlarda uğurla çıxış edərək qalib və mükafatçı olmuşlar.

Görüş zamanı şəhid ailələrinə, valideynlərinə qəhrəman övladlarının Vətənin azadlığı, bütövlüyü kimi müqəddəs bir yolda qəhrəmancasına döyüşərək şəhid olduqlarını, igid qazilərin isə sağlamlıqlarından keçdikləri vurğulanıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək şəhid ailələrinin, qazilər və Vətən müharibəsi iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısı ilə  əhatə olunacaqları bildirilib.

Şəhid və qazi ailələrinin ziyarət tədbirinə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Bakı Karate-Do Akademiyası və bir qrup fəal vətənpərvər qoşulub. Tədbir zamanı şəhid və qazi ailələrinə ərzaq sovqatları təqdim edilərək mənəvi dəstək göstərilib.

Bakı şəhər Gənclər və Baş İdarəsi bu kimi tədbirləri il boyu davamlı şəkildə keçirməyi planlaşdırır.

Fərhad Qurbanov

Şərh Yaz