Azərbaycan Respublikası öz ərazi bütövlüyü bərpa etdi                   

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr – 9 noyabr) ərzində 4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı.  Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi  texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.
Prezident İlham Əliyev vurğuladı ki: artıq  Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir.
Sonra ölkə rəhbəri  düşməndən əldə olunan  və məhv edilmiş silahları sadaladı. Belə ki, 44 günlük müharibə dövründə düşmənin 53 tank əleyhinə vasitə,  4 “Smerç”,  97 “Qrad”, 2 “Uraqan” , 1 “YARS”, 1 TOS odsaçan , “S-300” zenit-raket kompleksləri – 7 atıcı qurğusu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 “TOR” zenit-raket kompleksi, 40 “Osa” zenit-raket kompleksi, 4 “KUB” zenit-raket kompleksi, 1 “KRUQ” zenit-raket kompleksi , 14 zastava,  2  “S-125” zenit-raket kompleksi, 22 pilotsuz uçuş aparatları,  2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi,  1 ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələri, 2 “R-142” komanda qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyası, 4 “Reppelent” radio-texniki maneə vasitəsi, 28 “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 315 müxtəlif çaplı top, 63 minaatan, 10 xüsusi avtomobil, 7 komanda məntəqəsi, 11 sursat anbarı, 287 tank , 69 piyadaların döyüş maşını , 5 “Su-25” təyyarəsi, 252  yük avtomobili məhv edilib. 5  “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu,  37 müxtəlif çaplı top, 62 minaatan, 93 xüsusi avtomobil, 178 qumbaraatan , 10 traktor,  5 “Şilka” zenit qurğusu, 1380 atıcı silah,  79 tank, 47 piyadaların döyüş maşını , 270 yük avtomobili hərbi qənimət kimi götürülüb.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,  bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı.
Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.
Prezident vurğuladı ki, Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib. Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır.
Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
Prezident İlham Əliyev bildirdi ki,  Azərbaycan  bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı. Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Prezident İlham Əliyev: “Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq. Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!

 

Şərh Yaz