Yaddas kitabcasi

Zəfər paradı qələbəmizi bütün dünyaya göstərdi     

Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçirilib. Dekabrın 10-da paytaxtın Azadlıq Meydanında keçirilən  Zəfər paradı öz möhtəşəmliyi ilə hələ çox yaddaşlarda qalacaqdır.

Bu paradda döyüşlərdə hərbi hissələrin nümayəndələri iştirak edib. Həmçinin  44 günlük Vətən müharibəsində istifadə olunan texnikalar nümayiş olunub. Qələbə paradında  Azərbaycan şahinləri də öz məharətini göstəriblər.  Bu tarixi parad hər bir vətəndaşda  böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin – həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi.

Kapitulyasiya aktı Ermənistanı diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. Əlbəttə, bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək.

 

 

 

 

 

Şərh Yaz