Azərbaycan tarixində Heydər Əliyev imzası                     

Bütün respublika ərazisində olduğu kimi İsmayıllı rayonunda da dekabrın 12-də Ulu öndərin anım günü qeyd olunub.  Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanının rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunmuş sərgiyə baxış keçirilib. Mərkəzdə onun sevdiyi, ona həsr olunmuş mahnı və şeir səsləndirilib. Rayon rəhbərliyi ümummilli liderə həsr olunmuş filmə baxış keçirib. Xatirə kitabına öz ürək sözlərini qeyd edib. Məlumat üçün bildiririk ki, gün ərzində Ulu öndərin əziz xatirəsi idarə və təşkilatlar, təhsil müəssisələri tərəfindən də anılıb.

Xatırladaq ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Ümummilli lider Heydər Əliyevi XX əsrin ictimai-siyasi fenomeni kimi bütün dünya qəbul edir. Heydər Əliyev görkəmli siyasətçi olmaqla yanaşı, əsil azərbaycanlı, böyük vətənpərvər idi.

Ümummilli liderin yeganə amalı Azərbaycanı müstəqil görmək, onun iqtisadiyyatını, sənayesini, mədəniyyətini inkişaf etdirmək və dünyaya tanıtmaqdan ibarət olub. Məhz onun ideyaları Azərbaycanı müxtəlif dövrlərdə bütün bəlalardan xilas edib, irəli aparıb. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan gerilikdən xilas olub. Ölkədə böyük iqtisadi-siyasi potensial yaranıb.

Heydər Əliyev həm də Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyasını yaradıb. Milli ideologiyamızın əsas tərkib hissəsini azərbaycançılıq və dövlətçilik təşkil edir. O, özündən sonra Azərbaycanın idarə olunmasını, xalqımızın taleyini özü qədər inandığı, cənab İlham Əliyevə tapşırdı. Bugünkü inkişafımız, sabitlik və tərəqqi məhz Ulu öndərin dəsti-xəttidir. Prezident İlham Əliyev onun siyasətini uğurla davam etdirir.

Bu gün ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazdı. Hər bir azərbaycanlı bu şanlı tarixin sevincini yaşayır. Torpaqlarımız düşmən tapdağından azad edildi və həmin torpaqlarda bayrağımız ucaldıldı.

Ali Baş Komandan Şuşa şəhərinin azad olunduğu gün xalqa müraciətində bildirmişdir ki, “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

2003-cü ilin dekabrın 12-də Heydər Əliyev vəfat etmişdir. Lakin Heydər Əliyevin ideyaları, siyasəti yaşamış, davam etdirilmişdir. Hər il dekabrın 12-də xalqımız Ümummilli lideri böyük sevgi ilə anır, onu yad edir. Onun uyuduğu məzarlıq, ziyarətgaha çevrilib.

Şərh Yaz