İsmayıllıda şəhidlərin xatirəsi yad edildi         

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İsmayıllıda yad olunub. Saat 12:00-da insanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Bir dəqiqəlik sükutdan sonra Dövlət Himni səsləndirilib, Şəhidlər Xiyabanı ziyarət olunub və şəhidlərimizin ruhuna dualar oxunub, yaxınlarına baş sağlığı verilib. Sonra Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları, qazilər Ulu öndərin abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

Sonda rayon sakinləri Mərkəzi Meydanda təşkil olunmuş Zəfər sərgisi ilə tanış olub. Burada rayon gəncləri  Vətən Müharibəsində canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş 2783 şəhidimizin xatirəsinə ehtiram məqsədi ilə fləşmob keçiriblər. Anım tədbirləri rayonun bütün yaşayış məntəqələrində təşkil olunub, şəhid məzarları ziyarət edilib. Tədbir boyunca pandemiya qaydalarına əməl olunub.

Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub. Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.

Şərh Yaz