Yaddas kitabcasi

Tarix müəllimi qanı ilə tarix yazdı                

Əhmədzadə Famil Ağaəhməd oğlu 23 sentyabr 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini  İsmayıllı şəhər 3 nömrəli məktəbdə, 1992-ci ildə başa çatdırmışdır. Elə həmin il Azərbaycanın Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıpolitologiya ixtisasına qəbul olunmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan leytenant rütbəsi ilə məzun olmuşdur.

Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür. Xidmətdə fərqləndiyi üçün baş leytenant rütbəsinə yüksəlmişdir. Hərbi xidmətdən qayıtdıqdandan sonra yenidən əvvəlki iş yerində müəllimlik fəaliyyətini davam etdirmişdir. Tarixçi kimi yetişdirdiyi yüzlərlə şagirdi yüksək bal toplayaraq müxtəlif ali məktəblərə daxil olmuşdur.

Famil müəllim rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, çoxsaylı ictimai tədbirlərin təşkilatçısı olmuşdur.

O, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılmışıdı. F.Əhmədzadə tarixi çıxışları ilə cəbhə yoldaşlarının döyüş ruhunu artırır, onları qələbəyə səsləyirdi. Elin sevimli oğlu Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsi zamanı – oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Baş leytenant şəhid Famil Əhmədzadə İsmayıllı rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vida mərasimində  İsmayıllı rayonunun rəhbər orqanlarında çalışanlar, rayon ictimaiyyəti, oxuduğu və dərs dediyi məktəbin kollektivi iştirak etmişdir.

Sevda Qasımova

Şərh Yaz