Bayrağa bükülüb gələcəyəm…                   

Ağazadə Emin Valik oğlu  22 mart 1991-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuşdur. 2009-cu ildə Kürdmaşı kənd tam orta məktəbini bitirmişdir. Ailədə 4 uşaqdırlar. 3 qardaş və bir bacı. O, oğlanların ən kiçiyidir. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti bitirəndən sonra Bakı şəhərində yaşamış və işləmişdir.

Səfərbərlik elan olunan gündən Emin şəhərdəki işini və evini qoyaraq ailəsi ilə birgə kəndə qayıtmışdı. O, könüllü orduya yazılmış və səbirsizliklə çağırılacağı günü gözləmişdir. Eyni zamanda, kənddəki gənclər arasında vətənpərvərlik ruhunda təbliğatlar aparmış və yaşıdlarının hər birini könüllü cəbhəyə getməyə çağırmışdır. 2 yaşlı körpəsini və hamilə həyat yoldaşını nə qədər çox sevsə də, Vətən sevgisi ona üstün gəlmiş, 5 oktyabr 2020-ci ildə cəbhəyə getmiş və 25 oktyabrda şəhidlik zirvəsinə ucalmışdır.

Eminin bu dünyada insanın yaxşı yaşaması üçün lazım olan hər şeyi  və hər bir şəraiti vardı. Lakin o şəhid olan gənclərimizdən biz artıq deyilik, –  dedi və getdi. Gedərkən də ailəsinə: Mən bayrağa bükülüb gələcəyəm!- demişdi. Şəhidliyi ilə bir ailənin oğlu bir kəndin, bir ölkənin oğlu oldu. Məzarı gənclərin müqəddəs ziyarətgahı və  and yerinə çevrildi.

Mən də onun müəllimi olaraq Vətən məhəbbətini hər şeydən üstün tutan, canını bu yolda qurban verən  balamızla fəxr edir, valideynlərinə belə bir övlad yetişdirdikləri üçün minnətdarlıq edirəm.

Tünzalə İsmayılova

Şərh Yaz