Yoxluğuna heç kim inanmır                

Əliyev Fərid Hamlet oğlu 2001-ci ildə martın 22-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. Atası Hamlet Əliyev, anası Rəna Vəliyeva kənddəki tam orta məktəbdə müəllimdirlər. Fəridgil bir bacı, bir qardaşdır. Fərid 2018-ci ildə orta məktəbi bitirib və elə həmin il İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinə qəbul olunub. İstər orta məktəbdə, istərsə də kollecdə nümunəvi davranışı, sadəliyi və istiqanlılığı ilə hamının sevimlisi olub. Sanki onun bu həyatda yalnız bir amalı vardı – insanları sevmək və yardım etmək. Ailənin tək oğlu və səhhətində problemin olmasına baxmayaraq, Fərid israrla hərbi xidmətə gedəcəyini bildirdi. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə getdi. Axı o hərbiçi olmaq arzusunda idi. Arzusuna çatmağa isə az qalmışdı. Biz də müəllim kollektivi olaraq onun üçün təntənəli qarşılanma mərasimi planlaşdırırdıq. Gəlməsinə cəmi 3 gün qalmışdı. Son dəfə Füzuliyə gedərkən ailəsi ilə telefonla danışıb. Danışıqdan bir neçə saat sonra isə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə  qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Fəridin gəlişini səbirsizliklə gözləyən bütün kənd bu acı xəbərdən yasa batdı. Bu gün də heç kim onun yoxluğuna inanmır. Hər kəs onun xatirəsini əbədiləşdirmək üçün əlindən gələni edir. Fərid əbədiyyətə qovuşdu. Hara baxırıq onun gülən gözəl üzünü görürük. Bu gün şəhid qəhrəmanlarımızın ruhu rahatdır. Çünki qanları yerdə qalmadı.  Əsrlər keçsə belə, unudulan deyildir – Qarabağ şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlıq tapdı. Ulu Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Tünzalə İsmayılova

Şərh Yaz