Ya qazi olursan, ya şəhid…      

Musayev Ramil Aydın oğlu 6 may 1991 ci ildə İsmayıllı rayonunda anadan olmuşdu. İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbində təhsil almışdı. Həqiqi hərbi xidmətini bitirəndən bir müddət sonra ordu sıralarına müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi qayıtmışdı. Xüsusi təyinatlı qüvvələrin təlimlərindən uğurla keçərək Xüsusi təyinatlı qüvvələrin üzvü olmuşdu.

Ramil 2016-cı il aprel müharibəsində də iştirak etmiş və xüsusi fəallığı ilə seçilmişdi. Peşəkar bir hərbçi kimi tanınmışdı. Hərbi əməliyyatlarda fərqləndiyinə görə ona gizir rütbəsi verilmişdi. R.Musayev hərb işini sevən, heç vaxt peşəsi haqqında danışmayan birisi idi.

Həmişə ona iş haqqında sual verəndə deyirdi: Qardaş, nədən istəyirsən sual ver, amma işim barədə sual vermə. Həmişə sosial şəbəkədə şəhidlik, şəhadət haqqında şəkillər və ya videolar paylaşardı. Ondan bunun səbəbini soruşanda deyərdi: – Nə xoşbəxt adamdılar şəhidliyə yüksələnlər! Həmişə deyərdi: – Bizim işin iki sonluğu var,  ya qazi olursan, ya da şəhid.

Vətən müharibəsinin başlamasından bir neçə gün qabaq danışmışdıq. Deyirdi: – Bizə görə dualar edin, işin qalanını özümüz həll edəcəyik.

Ramil oktyabrın 4-də cəbhənin Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdu. Ramil şəkil çəkdirməyi çox sevirdi. Deyirdi ki, bizdən qalan belə xatirələr olacaq. Hətta, ölümündən sonra dəftərçəsi də tapılıb. Sən demə, Ramil arada şeir də yazırmış. Bir sözlə, Ramil qeyri-adi, fərqli insan idi. Sözlərimi də elə onun fikirləri ilə tamamlayıram: Doğru savaşçılar üçün şəhadət ən böyük şərəfdir.

Ramil haqq işin savaşçısı idi və şərəfli bir ölümlə də dünyadan köçdü.

Sahil Əzimov

Şərh Yaz