Xalqımızın qələbə sevinci                                 

              

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən

S.Vurğun

Ali Baş Komandanımız! Hamımızın hörmət etdiyimiz cənab İlham Əliyevin Qarabağın azad olunması haqqındakı xoş xəbərdən sonra xalqımız bayram ab-havası ilə yaşayır. İmkanım olsaydı bundan sonra “Qarabağ” sözündəki “Qara” sözünü onun əksi ilə əvəz edərdim. Qarabağın ağ günü bundan sonra başlayır.

Bəli, xalqımızın bir yumruq kimi birləşib torpaqlarımızı işğaldan azad etmək zamanı çatdı. Doğru deyirlər ki, hər şeyi həll edən zamandır, əlverişli şəraitdir. Ali Baş Komandanımızın sərəncamı ilə sentyabr ayının 27-də düşmənə qarşı əks hücum əməliyyatı başladı. Ölkəmizdə qismən səfərbərlik elan olundu, igidlərimiz vətən savaşına qalxdı. O günlər rayonun çağırış məntəqəsində böyük izdiham, qələbəlik görünürdü. Çağırışçıların və onları müşayiət edənlərin çöhrəsində bir inam, dönməzlik hiss olunurdu. Bu toplanış, bu ab-hava müzəffər savaşdan qələbə ilə qayıdan ərənlərin coşqusunu xatırladırdı. Onlar rəqs edir, şənlənir Qarabağla bağlı şüarlar söyləyir, sonra isə yaxınları ilə vidalaşaraq avtobuslara oturub cəbhəyə yola düşürdülər. Avtobuslar izdihamın içindən asta-asta keçərək gözdən uzaqlaşana kimi onları qələbəyə yola salan yaxınları əl edib döyüşlərdən sağ-salamat qayıtmalarını arzulayırdı. Səfərbərlik xəbərini eşidən yüzlərlə könüllü çağırış məntəqəsinə gəlib cəbhəyə getmək istədiklərini bildirirdilər.

Çağırışçıların arasında rayonun Sumağallı kənd sakini Məmmədov Zöhrəb Rövşən oğlu da vardır. O, axşamdan səfərə hazırlıq gördü. Ata-anası, babası Məmməd kişi övladını böyük ruh yüksəkliyi ilə vətənin müdafiəsinə yola salırdı.

Zöhrəb 1998-ci ildə anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdə hərbi hazırlıq məşğələlərinə maraq göstərir, hərbi təlimlərdə seçilirdi. Döyüş zamanı necə hərəkət etmək, müəyyən döyüş mexanizmləri ilə  rəftar qaydalarını öyrənmişdi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş və burada topçu-atıcı peşəsinə yiyələnmişdir. Xidməti dövründə bir neçə dəfə komandirləri tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. O, komandanlığının rəhbərliyi ilə əvvəlcə Füzuli rayonunda, sonra isə Cəbrayıl rayonu istiqamətində bir sıra uğurlu hərbi əməliyyatlarda iştirak etmişdir. Qısa zaman içərisində döyüşçü yoldaşları ilə dostluq münasibətlərini qura bilmişdi.

Budur, erməni qəsbkarları ölkəmizin güclü və nizami ordusu qarşısında tab gətirə bilmədi. İkinci dəfə sülh çağırışı ilə müraciət etməli oldular.  Bunu nəzərə alaraq 2020-ci il oktyabrın 17-də humanitar  sülh və atəşkəs elan olundu. Lakin düşmən atəşkəsə heç bir saat da olsun əməl etmədi. Humanitar atəşkəs zamanı hər iki tərəf döyüş meydanında həlak olanları qarşılıqlı olaraq çıxarmalı idi. Düşmən tərəfi ölülərinə də sahib çıxmır, humanitar atəşkəsi pozaraq, cəbhə xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır, güclü dağıdıcı silahlardan atəş açmaqla yaşayış binalarını dağıtdı, dinc əhalini gecənin yarısında qətlə yetirməklə hərbi cinayətlər törətdilər.

Humanitar atəşkəsi nəzərə alan Zöhrəb də döyüş meydanında yaralı qalan yoldaşını xilas etmək üçün hücuma keçdi. O, yaralı yoldaşını tərkinə alaraq güllə yağışı altından sürünə-sürünə səngərə  tərəf yeridi. Bu zaman düşmənin atdığı mərminin  qəlpəsi onun bud sümüyünü yaraladı.

Nə qədər ağır və çətin olmasına baxmayaraq, Zöhrəb yaralı yoldaşını tək buraxmadı. Özünü  və yaralı yoldaşını xilas edə bildi. Ondan sonra nələr baş verdiyini xatırlamır. Gözünü açanda özünü xəstəxanada gördü. Oktyabr ayının 20-də onu Bakıya xəstəxanaya  çatdırdılar. Burada o, noyabr ayının 5-nə kimi müalicə alır. Sonra isə 15 günlük həkim nəzarəti ilə evə buraxılır.

Kənd camaatı, yaxınları və dostları axın-axın gəlib ona baş çəkirdilər.

Zöhrəb söhbət zamanı dedi: Bildiyiniz kimi Ali Baş Komandanımız hörmətli İlham Əliyev döyüşün əvvəlində və ondan sonra düşmənə işğal olunmuş torpaqlardan ordusunu çıxarmağı təklif etdi.  Lakin bu təkliflərin heç birisini qəbul etmədi. Bundan sonra əzəli torpaqlarımızı işğaldan azad etmək üçün torpaqlarımızı erməni qanı ilə yoğurmalı olduq.

Sağollaşıb ondan ayrılanda bir istəyini dilə gətirdi: – Arzum son döyüşlərə kimi iştirak edib Laçının, Kəlbəcərin, Şuşanın azad olunmasında iştirak edib orada Azərbaycan bayrağının dalğalanmasını görmək idi. Mənfur düşmən arzularımı ürəyimdə qoydu. Amma nə yaxşı ki, bu vəzifəni silah yoldaşlarım uğurla yerinə yetirdilər.

Bu fikirləri ifadə edərkən onun baxışlarında xalq şairimiz Musa Yaqubun qələmə aldığı aşağıdakı misraların  mənasını oxudum:

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Öləndə qoynunda qoy ölüm ki mən

Çürüyüm, bir ovuc torpağın artsın.

Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır!

Heydər Xəlilov,

Sumağallı kəndi

 

 

Şərh Yaz