Sözüm o kəslərədir  ki…                                        

Sanki bu cəmiyyətin üzvü deyilmişlər kimi Yeni il bayramı həşirindədirlər

Vətən dedik, gün, birlikolma günü dedik. Cansa can, qansa qan dedik. Təbii ki biz toplum olaraq sadəcə dedik. Dediyimizi edən isə nə bizim whatsapp  statuslarımız, nə də ”vətənpərvərlik” paylaşımlarımız. Əsl sözü vətənpərvərliyi ruhunda olan qorxmaz, igid hərbiçilərimiz dedilər. Dedilər və etdilər… 30 illik həsrəti 44 günə sığdıran, imkansız görünəni  imkan edən, həyatda ən böyük sərvətləri olan canlarını tərəddüd belə etmədən Vətən üçün fəda edən Azərbaycan  əsgərlərimiz…

Yaşadığımız bunca qürur, fəxr, sevinc hissi yalnız və yalnız onların sayəsindədir. Hələ həyatı tam dərk etməyən 18-19 yaşlı şəhidlərimizin, bizə həyat dərsi keçməsi sayəsindədir. Gənc anaların gənc övladlarını canından qoparıb torpağa tapşırması sayəsindədir.

Yəni bizim vətənpərvərliyi göstərmək üçün şəhidlərimizin şəkillərini statusa qoyub, kədərli sözlər yazıb, ardınca isə “ad günün mübarək, canım” yazıb tortla, şamla şəkil paylaşmağımızın qələbədə heç bir rolu olmadı. Dualar etmək əvəzinə statusa yazıb Allaha çağırış etməyimiz də işə yaramadı. Nəticə etibarilə biz bir işə yaramadıq. Boş-boş sözlər, hərəkətlər, rahat yerdə oturub illərin siyasətçiləri kimi başımıza nə gələcəyi barədə yürüdülən fikirlər…  Təbii ki, müharibə şəraitində olan bir xalqın bu rahatlığı hərbiçilərimizin gücünə, cəsarətinə, Ali Baş Komandanın qüdrətinə inanmağımızdan irəli gəlirdi. Bizlər rahat gəzək deyə o torpaq altında Poladlar, İlqarlar, Cəbrayıllar yatır… Bu 30 ildə 10 mindən çox soydaşımızı itirmişik, Vətən savaşı 2783 ailənin işığını söndürüb, yüzlərlə ananın balası hələdə Qarabağda pusquya yatmış düşmənlə üz-üzədir, Ermənistanla sərhəddə hər an gərginlik yaşanır. Silahlar dinirmi? Dinmir! Amma… sadəcə dinmir, əllər hələ ki tətikdədir…Yüzlərlə ananın əlləri göylərdədir…  Müharibə bitdi deyə hər şeyi unutmaq bu qədər asandırmı? Bir dəqiqəlik sükutla borcumuzu ödəmək mümkündürmü? Ürəyini yerindən qoparıb torpağa gömən şəhid analarının, bacılarının, övladlarının bu yoxluğu  qəbul  etmələri  bu qədər az zamanmı alacaq? Əlbəttə ki yox. Hər ölməz şəhid arxasında neçə parçalanan qəlb, heç bir vaxt sağalmayacaq yara, zamanla belə öyrəşilməyəcək bir acı qoyub gedib axı …

Onlar öz həyatından, canından, canı qədər dəyərli ailəsindən vaz keçib bu uca addımı “Ana Vətən” üçün atıblar axı… Ana yerinə qoyduqları Vətən üçün analarının onların yerinə heç kimi, heç nəyi qoymayacağını bilə-bilə…

Və bəzilərimiz – çox şükür ki, bəzilərimiz – bütün bu fədakarlıqlar qarşısında minlərlə şəhid, minlərlə yaralı və qazilərimiz var ikən, əsir düşmüş əsgərlərimizdən xəbər ala bilməzkən həyatımızda heç nə yaşanmamış kimi davam etməyi düşünürük.

Belə bir zamanda evimizdə şanlı bayrağımızı deyil, yolkalarımızı bəzəyib fişənglərlə yeni ili qarşılayacağıqsa… Deməli, canının yarısını torpağa gömən o məğrur ana, bir daha “ata” deyə xitab edə bilməyəcək o məsum uşaq biz deyilikmiş… daha doğrusu, siz deyilmişsiniz… nə acı…

Uzun sözün qısası, heç olmasa Vətən üçün, qələbə qazanmış ölkəmiz üçün bu qələbəni bizə yaşadan əsgərlərimiz və onların bizə əmanət etdiyi ailələri üçün bir şey edək. Nəsə etmək əlimizdən gəlmirsə, nəsə edib qəlblərini sındırmayaq, daha dəqiq desək: sınıq qəlblərini incitməyək, yaşlı gözlərini yolka bəzəkləri ilə, çilçıraqlarla, fişənglərlə acışdırmayaq.

Bəlkə utanaq? Gözləri daim yaşlı qalacaq, bir daha ömürlərinə nə bahar, nə də yeni il gəlməyəcək, övladlarını şəhid verdiyi gündən sonra ruhən yaşamayacaq şəhid analarından bayram düşüncələrimiz üçün Bir neçə gündən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qarşılayacağıq, bu günü illərdir qeyd edirik, ancaq heç bu ilki qədər həm rəy, həm fikir ola bilməmişdik: generalımızı, Poladımızı itirdiyimiz gün həmrəyliyin, həmfikirliyin yolunu tapdıq sanki, məhz o gün bir olduq, birlik olduq və sonunda o birlik sayəsində  QALİB olduq!

Gəlin hamımız həmrəy olaq, hamımız bir olaq, Ali Baş Komandanımızın dediyi kimi, dəmir bir yumruq olaq, dərdimiz bir, sevincimiz bir, bayramımız bir, günümüz bir olsun və… hamımız bir yerdə ulu öndər Heydər Əliyevdən əmanət qalan Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edək, bax o məclisin başında şəhid Analarımız, Qazilərimiz  oturar!

Nilufər Çələbiyeva,

Xəzər Universitetinin I kurs tələbəsi

 

Şərh Yaz